İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyanla Araik didişməsi başladı - ermənilərin yasına ayrı-ayrı getdilər...

Rusiyanın “çətiri altında” olan erməni milyarderin Xankəndinə yerləşməsi, personasını az qala erməni xalqının xilaskarı kimi təqdim etməsi Arutyunyanın xoşuna gələ bilməz; hərbi analitik: “Bu, Rusiya-Qərb qarşıdurmasının lokal bir tərkib hissəsidir”

Noyabrın 9-da Qarabağdakı qondarma rejimin “başçıları” 44 günlük müharibədə məğlubiyyətlərinin ikinci ildönümünü qeyd ediblər. “Yeni Müsavat” bildirir ki, əvvəl “dövlət naziri” Ruben Vardanyan öz müşavirləri ilə birlikdə Xankəndidə işğalçıların xatirəsinə qoyduqları hərbi panteonuna gələrək 44 günlük müharibədə “vətən uğrunda canlarından keçmiş qəhrəmanların” xatirəsini yad edib.

Maraqlıdır ki, Vardanyan “birlik” nümayiş etdirməyib və ermənilərə yas tutmağa separatçıların lideri Araik Arutyunyanla deyil, öz “müşavirləri” ilə gəlib. Elə həmin gün qondarma rejimin başçısı Arayik Arutyunyan özü saxta “müharibə qəhrəmanlarını” yad edib. Araikin yanında isə “prezident administrasiyasının” rəhbəri Karen Şahramanyan, “müdafiə naziri” Kamo Vardanyan və “daxili işlər naziri’’ Karen Sərkisyan olub. Erməni mənbələri bu ayrıcalığın səbəbi haqda susmağa üstünlük veriblər.

Aydındır ki, Rusiyanın “çətiri altında” olan Vardanyanın Xankəndinə yerləşməsi, onun son günlər Rusiya mediasına təxribatçı açıqlamalarına baxmayaraq, personasını az qala erməni xalqının xilaskarı kimi təqdim etməsi Araik Arutyunyanın xoşuna gələ bilməz. Araikin Xankəndindən qaçacaq yeri yoxdur və qarabağlı erməniləri tez-gec “yadelli” hesab etdikləri Vardanyana qarşı qaldıracaq. Vardanyan pul xərcləyir və Araikin işğal illərində topladıqları erməni oliqarxın varidatı qarşısında qəpik-quruşdur. Üstəlik, Araikin əvvəl işğal zonasında qurduğu biznesi-araq və konyak zavodları da əlindən çıxıb, indi onun pul qazanmaq imkanları da xeyli məhduddur. Vardanyanla Araikin toqquşması isə tezliklə baş verəcək, mümkündür ki, separatçı rejimin başçısı hətta tez-tez içdiyi araqdan “zəhərlənib ölə də bilər”.

O səbəbdən Araikin Vardanyandan məsafəli gəzməyə çalışması anlaşılandır. Bu əbləhlər, xüsusilə də yeni “xilas obrazında” Qarabağa göndərilmiş Vardanyan bir gün əvvəl Xankəndidən cəmi 11 kilometr aralıda olan Şuşada Prezident İlham Əliyevin xəbərdarlıqlarından nəticə çıxarmalıdır: “İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi...”

Yeri gəlmişkən, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bu hərəkətlər “Qisas - 2" əməliyyatını və bütövlükdə antiterror tədbirlərini aktuallaşdırır. Separatçılar bölgəyə möhkəmlənməyə, kənar güclərdən dəstək alaraq mövcudluqlarını davam etdirməyə çalışırlarsa, bunu sakit şəkildə izləmək olmaz.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, onların münasibətlərinin soyuq olmasının səbəbləri var: “Əvvəla, Araik Paşinyan komandasının üzvüdür. Bu mənada ona Qərbin adamı da demək lazımdır. Vardanyan isə Rusiyanın maraqlarına xidmət edən şəxsdir. Hazırda Rubenin yanında Bako Saakyan, Vitali Balasanyan, Seyran Ohanyan kimilərini görə bilirik. Çünki onlar da Rusiyadakı siyasi dairələrə yaxındırlar və məqsəd onları birləşdirib. Bu səbəbdən Rubenlə Araikin aralarında bir soyuqluq müşahidə olunur. Yəni əslində Rusiya-Qərb qarşıdurmasının lokal bir tərkib hissəsidir”. Ekspertin fikrincə, məsələnin qlobal tərəfi Vardanyanın hakimiyyəti tamamilə ələ keçirmək və Rusiyanın siyasi tapşırıqlarını birmənalı olaraq icra etməkdir: “Araik tez-tez İrəvana gedir və Paşinyanla məsləhətləşir. 90-cı illərdə də Ter-Petrosyan Qərbə bağlı idi, Qarabağdakı rejimin başçısı Köçəryan isə Rusiyaya yaxın idi. İndi oxşar ssenariyə şahidlik edirik”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Qarabağda erməni silahlı dəstələrinə qarşı praktiki addımlar atıla bilər: “Əliyev erməni qoşunlarının tam çıxarılmasını tələb edir və antiterror əməliyyatının ola biləcəyinin mesajını verir, "Fərrux", “Qisas” əməliyyatlarını da buna nümunə olaraq göstərir. Bu mesajı əvvəlkilərdən fərqləndirən məqam son baş verənlərdir: Xankəndidəki təxribat mitinqi, Laçın dəhlizi ilə silahın daşınması faktının gündəmə gəlməsi, orduya separatçıların hərəkətinin izlənilməsi tapşırığı fonunda Əliyevin dedikləri praktiki addımların atılması gözləntisini artırır. Bundan əlavə, Azərbaycan əsgəri Laçın dəhlizinə enə bilər. Bakı Ermənistanın Naxçıvana maneəsiz keçidin verilməsi öhdəliyini yerinə yetirməməsinə qarşı Qarabağdakı emənilərin istifadə etdiyi Laçın yolunun “toxunulmazlığının” pozulacağına işarə edir. Soçi görüşündən sonra dəhlizdən silah-sursatın daşınması faktının ortaya çıxması da bu istiqamətdə əsaslar yaradır. Əliyevin fikirlərindən çıxan ümumi nəticə: qarşıdakı dövrdə Azərbaycan Ordusunun proseslərə müdaxiləsi mümkündür".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Araik yola salınaraq yerinə Vardanyan gətiriləcək: “Onlar bu ilin sonuna qondarma seçki planlaşdırırlar. Ehtimal var ki, Ruben "dqr"in rəhbəri olacaq. Araikin üzərində cinayət işi var və axtarışdadır. O da vəzifəsini Rusiyanın adamına təhvil verib Paşinyanın dizinin dibində oturacaq. Ancaq Azərbaycan bu şəxsin mühakimə edilməsinə nail olmalıdır. Eyni zamanda Bakı ilə Xankəndi arasında qeyri-formal təmaslar var. Ruben əli qana batmamış ermənidir və onun vasitəsilə danışıqların aparılması mümkündür. Moskva əvvəlcə Qarabağda, sonra Ermənistanda öz adamlarını hakimiyyətə gətirməyi hədəfləyib. Qarabağdakı Balasanyan kimi canilər də rus xəttinə bağlıdırlar və onlar Araikin fəaliyyətindən narazı görünürlər. Ona görə indi oyuncaq rejimin daha diri oynaması üçün resurslar bir yerə toplanır".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR