Onlayn ictimai-siyasi qəzet
Sabiq nazir: “O, ömrünü Azərbaycanda da başa vuracaq”
Xəbər verdiyimiz kimi, Azərbaycan həbsxanasında saxlanılan, Qarabağdakı erməni separatçılarının lideri Ruben Vardanyanı azad etdirmək üçün Avropada bəzi dairələr hərəkətə keçiblər. Bunun üçün gah onun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülür, gah da ölkəmizə qarşı ən müxtəlif səpkidə təzyiqlər olunur. Son olaraq da, separatçının oğlu David Vardanyanı “CNN Azərbaycan” kanalı efirə çıxarıb. O da “timsahın göz yaşları”nı töküb...
Bütün bunlara Azərbaycandan sərt təpkilər var. Xüsusilə, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən separatçı bölgələrin liderlərini bir kənara qoyub, ancaq diqqətləri Vardanyana yönəldənlərə sərt etiraz olunur.
Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Musavat.com-a açıqlamasında bu basqıların heç bir əhəmiyyət verməyəcəyini vurğuladı: “Vardanyan cinayətkardır. O, Qarabağ torpaqlarımızda erməni separatçılarının törətdikləri cinayət əməllərini dəstəkləyib və həmin əməllərin bir çoxunun təşkilatçısı olub. Digər tərəfdən Vardanyan Azərbaycan ordusuna qarşı hərbi təxribatlar törədən separatçı ordunu maliyyələşdirib. Bu səbəbdən də o, bu gün Azərbaycan türməsində oturub, törətdiyi cinayətlərə görə barəsində məhkəmənin hökmünü gözləyir. Ruben Vardanyana törədiyi cinayətlərə görə Azərbaycanın ədalət məhkəməsi ömürlük həbs cəzası verərsə, bu, onun barəsində ən ədalətli qərar olar.
Onun Qarabağla bağlı böyük planları var idi. Lakin dayaz ağlı ona imkan vermədi ki, reallıqları dəyərləndirə bilsin. Adam başa düşmədi ki, girdiyi oyun biznesdə çirkli pul yumaq qədər asan deyil.
Hesab edirəm ki, Azərbaycan hökumətinə bu cinayətkarla bağlı edilən basqıların heç bir mənası yoxdur. Vardanyanın ailəsi erməni həyasızlığının bütün alətlərindən istifadə edərək, onun azadlığa çıxmasına çalışsa da bu, mümkünsüzdür. Vardanyan mühakimə olunacaq və haqq etdiyi cəzanı alacaq. O, Rusiya vətəndaşlığından imtina edib Azərbaycana gəlmişdi – yəni Azərbaycanı seçmişdi – indi də Azərbaycandadır və çox güman ki, ömrünü Azərbaycanda da başa vuracaq...”.
Cavanşir ABBASLI
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ