Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hökuməti söz verdiyi kimi, Fələstin dövlətini tanıdığını elan edib. Baş nazir Kir Starmer sosial mediada yaydığı videomüraciətdə bildirib ki, Yaxın Şərqdə artan dəhşətə son qoyulması və Fələstin münaqişəsinin iki dövlətli həll yolunu qoruyub saxlamaq üçün “Fələstin dövlətini tanıma zamanının gəldiyini” və Britaniyanın Fələstin dövlətini tanıdığını elan edib.
Böyük Britaniyanın ardınca Kanada və Avstraliya hökumətləri də Fələstin dövlətini tanıdıqlarını elan edib.
Qeyd edək ki, adıçəkilən dövlətlər və habelə Fransa bu ilin iyul ayında elan etmişdi ki, əgər sentyabra qədər İsrail Qəzzada atəşkəs elan edib sülh prosesini başlatmasa, o zaman sentyabrda BMT Baş Assambleyasının gedişində Fələstin dövlətini tanıyacaqlar.
Yeri gəlmişkən, bu gün Britaniya, Kanada və Avstraliyanın ardınca Portuqaliya da Fələstin dövlətini tanıdığını elan edib. İndi sırada Fransa var.
İsrail hökuməti isə iyulda olduğu kimi, bu qərara sərt reaksiya verib. İyulda baş nazir Netanyahu tanıma qərarının “Həmasa dəstək” olduğunu demişdi. Ancaq qərar qəbul edən ölkələr bunun Həmasa heç bir halda dəstək mahiyyətində olmadığı, əksinə, tanımanın həm də İsrailin özünün düşdüyü vəziyyətdən çıxması üçün yeni fürsət yaratdığını qeyd edir.
Xatırladaq ki, 2012-ci ildə Fələstin muxtariyyəti BMT-nin müşahidəçi üzvü seçilib. Ümumilikdə isə 20-ci əsrin 80-ci illərinin sonlarından etibarən başda müsəlman ölkələri olmaqla BMT üzvü bir çox dövlət Fələstinin müstəqilliyini tanıyıb. Son illərə qədər 140-dan çox dünya ölkəsi Fələstin dövlətinin müstəqilliyini tanımaq barədə qərar verib. Ötən ilin may və iyun aylarında isə İspaniya, Norveç, İrlandiya, Sloveniya, Ermənistan kimi dövlətlər də Fələstini müstəqil dövlət olaraq tanımaqla bağlı qərar qəbul edib.
Hazırda BMT-nin 193 üzv ölkəsindən 150-dən çoxu Fələstin dövlətini tanıyır. Fələstini rəsmi olaraq tanıyan ölkələr BMT-nin 1947-ci il Fələstin və İsrail dövlətlərinin yaranması haqqında qətnaməsinə və həmçinin münaqişənin həlli ilə bağlı sülh danışıqları prosesinin fəallaşmasına yardım məqsədi ilə bu addımı atdıqlarını bildirir. Çünki Fələstin dövlətinin hələ də rəsmi olaraq tanınmaması həm də sülh prosesini əngəlləyir.
Həmçinin İsraillə yanaşı ABŞ, Almaniya, Yaponiya, Cənubi Koreya, İtaliya və daha bir çox ABŞ müttəfiqi ölkələr Fələstin dövlətini tanımaqdan imtina edir. Bundan başqa ABŞ BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Fələstin dövlətinin tanınması məsələsini səsverməyə çıxarılmasını əngəlləyir. Vaşinqton və İsrailin əsas arqumenti Fələstindəki silahlı qrupların tanınmadan İsrailə qarşı istifadə edəcəyi, habelə Fələstin dövlətinin yalnız İsrail və Fələstin arasında sülh sazişindən sonra elan olunmasını təklif edir. İsrail hesab edir ki, yekun sülh sazişi olmadan Fələstin dövlətinin tanınması danışıqlar prosesini pozacaq. Halbuki 1990-cı illərin əvvəllərində İsrail və Fələstin arasında iki dövlətin yaradılması və sülh danışıqlarının davamı ilə bağlı razılıq əldə olunmuşdu. Lakin İsrail baş naziri İshaq Rabinin ölümündən sonra sülh prosesi dayanmış və sonrakı dövrdə isə silahlı qarşıdurma daha da dərinləşmiş, Həmas, İslami Cihad kimi silahlı qruplar daha da fəallaşaraq siyasətin mərkəzinə yerləşmişdi.
Lakin 2023-cü ilin oktyabrında başlayan növbəti müharibə dünyada İsrailə münasibəti dəyişdi. İsrail hakimiyyətinin, xüsusən də Qəzza zolağına qarşı qeyri-bərabər və həddən artıq güc istifadəsi dünyada İsrailə qarşı ciddi etirazlara səbəb oldu. Bir sıra dünya ölkələri, o cümlədən Cənubi Afrika İsrailin Qəzzada müharibə cinayəti və soyqırımı iddiası ilə Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etdi. BCM isə Həmas liderləri ilə yanaşı İsrailin baş naziri və müdafiə naziri barəsində həbs qərarı çıxardı və İsraili müharibə cinayəti törətməkdə ittiham etdi. Keçən həftə isə BMT araşdırma komissiyası hazırladığı hesabatda İsrailin 2023-cü ilin oktyabrından bu yana Qəzzada 5 epizodun 4-də soyqırımı cinayəti törətdiyi əksini tapmışdı. Bundan başqa, İsrailin İordan çayının qərb sahili – Fələstin muxtariyyəti ərazisinə, Livan, Suriya, İran və Qətərə hücumu nəticə etibarı ilə İsrail hakimiyyətinə qəzəbin artmasına səbəb oldu. Xüsusən də Qəzzada tətbiq olunan zorakılıq və dinc insanların ölümü dünyada, ələlxüsus da Avropa və Amerikada etirazlara səbəb oldu. Faktiki olaraq Netanyahunun bu addımı İsrailə qarşı mənfi münasibətin artmasına səbəb oldu.
Xüsusən də Böyük Britaniyanın Fələstin dövlətini tanıması barədə qərarının çox səs-küyə səbəb olmasının bir neçə səbəbi var.
1. Tarixi aspekt. Böyük Britaniya 1917-ci ildə Birinci Dünya Müharibəsinin gedişində Fələstin ərazisini işğal edərək Osmanlı İmperiyasından alıb. Bundan sonra Fələstinə yəhudi köçü sürətlənib və sonrakı 30 il ərzində vəziyyət nəzarətdən çıxıb və 1948-ci ildə İsrail dövlətinin yaranması ilə nəticələnib. Dolayısı ilə tarixi baxımdan Fələstin-İsrail münaqişəsi Britaniya İmperiyası ilə bağlıdır.
2. Siyasi aspekt. Böyük Britaniya həm Qərb dünyasının aparıcı siyasi mərkəzi, həm də ingilisdilli ölkələr üzərindəki siyasi-ideoloji təsiri baxımından əhəmiyyətli ölkədir. Britaniya uzun illər, yəni faktiki olaraq bu günə qədər İsrailin ən böyük dəstəkçisi və müdafiəçisi rolunu oynayıb. Britaniyanın Fələstin münaqişəsi ilə bağlı qərarı heç şübhəsiz ki, Qərb dünyasında Fələstin dövlətinin tanınması prosesini sürətləndirəcək.
3. Bu qərar ilk növbədə İsrail dövlətini xilas etməyə xidmət edir. İngiltərə baş nazirinin də qeyd etdiyi kimi, Fələstin dövlətini tanıma qərarı əslində İsrail dövlətinin maraqlarına xidmət edir. Netanyahu hökumətinin, xüsusən də son bir ildə bütün regionu bürüyən aqressiv siyasəti faktiki olaraq İsrailin öz maraqlarını təhdid edir və İsrailin beynəlxalq aləmdə və regionda təklənməsinə aparır. Fələstin dövlətinin tanınmaması və Qəzzada davam edən soyqırımın fonunda sülh prosesinin tamamilə sıradan çıxması münaqişənin həllini daha da çətinləşdirir.
Nəticə etibarı ilə bu qərarlar Netanyahu hökumətinə təzyiq edərək sülh prosesinin önünü açmaq və münaqişənin nəhayət dinc siyasi danışıqlar masasında həlli üçün qapıları aralamağa xidmət edir. Çünki Netanyahu hökumətinin apardığı militarist və aqressiv millətçi siyasət nəticə etibarı ilə İsraili təkləməyə və Yaxın Şərqdə sonu görünməyən böhran və müharibəyə aparır. Bundan yeganə çıxış yolu isə İsrail hökumətinə təzyiq etməkdir. Hazırda davam edən müharibə isə dünyanın vicdanı üçün ağır imtahana çevrilib.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ