İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”in asi düşmüş sahibinin hədəfi və hədəsi - aqibəti yaxşı olmayacaq

Qiyamlar və çevrilşlər barədə dünyaca məşhur olan bir zarafat var, deyirlər, istənilən ölkənin cinayət məcəlləsində qiyama cəhdlə bağlı cəza nəzərdə tutulub, amma baş tutmuş qiyamla bağlı heç nə yoxdur.

Bu, ona görə belədir ki, hərbi qiyamlar hakimiyyətin devrilməsi, qiyamçıların iqtidara gəlməsi ilə nəticələnirsə, artıq onu qiyam adlandırmırlar, bəzi hallarda “xalq üsyanı”, bir çox hallarda isə “ölkə konstitusiyanın pozulmuş müddəalarının bərpa edilməsi” adlandırırlar. “Ölkənin xilas edilməsi” adlandırılması halları da yayğındır.

Qiyam isə qiyamdır, adı üstündədir. Konkret vəzifəsi olan silahlı birləşmələr komandanlığa və ya mülki hakimiyyətə tabeçilik göstərmirsə, bu, artıq hərbi qiyamdır. Tabeçilik göstərməmək hərbi hissənin buraxılmasına və tərksilah olunmağa müqavimət göstərməkdən başlayır, qanuni hakimiyyət orqanlarının üzərinə silahla getməklə davam edir və axırda ya hakimiyyət orqanlarının ələ keçirilməsi ilə başa çatır, ya da qiyamçıların darmadağın, məhv, həbs olunması ilə sonuclanır.

Hazırda Rusiyada “Vaqner” muzdlu hərbi birləşməsinin etdiyi hərəkət klassik hərbi qiyamdır. “Vaqner”in şəxsi heyəti dövlətin üzərinə silah qaldırıb, hakimiyyəti devirməyi hədəfləyir və onu hədələyir.

Belə siruasiyalarda qiyamçılara hər hansı bir şəkildə haqq qazandırmaq, onların bu və ya digər dərəcədə haqlı olduqlarına eyham etmək qiyamı dəstəkləmək deməkdir.

Bu, zəncir kimi ard-arda düzülən qanusuzluqlar silsiləsidir. Dünyanın heç bir yerində heç bir qiyam heç vaxt xoş sonluqla bitməyib, bitə bilməz. Silsilə cinayətkarlıq aktları bir yerdən sonra dayanan və xoşməramlı aktlarla müşayiət oluna bilməz. Hər bir qiyam qan-qada, faciələr, özbaşınalıqlar, mühakiməsiz edamlar deməkdir.

Düzdür, elə despotik rejimlər var ki, onların hakimiyyətdən kənarlaşdırılması üçün yeganə yol məhz silahlı üsyandır. Başqa cür olsa, yəni xalq silahsız üsyana qalxsa, müstəbidlər onu milçək kimi qırarlar, amma silahlı qiyamçıların qarşısında onların qalib gəlmək şansları çox hallarda 50:50 nisbətdədir. Afrika ölkələrində qarşı-arşı durub döyüşənlərin timsalında bunu çox görmüşük.

Vladimir Putin hakimiyyətdən seçki ilə gedəsi deyil, bunu dünyada bilməyən yoxdur. Amma ona hərbi qiyamla qalib gəlmək şansı da nəinki 50, heç 5 faiz də deyil. Əgər siyasi publisistikada “Putinin aşpazı” kimi tanınan Yevgeni Priqojinin de-marşı Putinin devrilməsi ilə nəticələnsə, bu, möcüzəvi hadisə olacaq.

Rusiya elə ölkədir ki, onda adətən saray çevrilişləri uğurlu alınır, silahlı üsyanlar, hərbi qiyamlar isə qanla boğulur. Stepan Razin, Yemelyan Puqaçov, “yalançı çar” Vladimirin yürüşlərinin hansı nəticələr səbəb olduğu tarixdən bəllidir.

Bu baxımdan yaxın günlərdə Priqojinin qara xəbərinin gələcəyi gözlənilir.
Ancaq bu hadisə Ukrayna ilə amansız müharibəyə girişmiş Rusiya üçün sarsıdıcı zərbədir. Bu dövlətin Ukrayna cəbhəsində uğur qazanması artıq mümkün görünmür. Çünki rus ordusu demoralizə olunmuş durumdadır, öz silahı özünə qarşı yönəlib. Bu, orduda fərariliyin artmasına, qarşı tərəfə könüllü əsir düşmə hallarının kütləviləşməsinə səbəb olacaq.

Tarixi təcrübə göstərir ki, iki bədheybət yırtıcı savaşırsa, ən yaxşısı, təhlükəsiz məsafədə durub savaşa tamaşa etməkdir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR