Onlayn ictimai-siyasi qəzet
“Bizdə mina problemi də var. Bu problem yalnız Azərbaycandadır, Ermənistanda yoxdur, çünki bütün minalar bizim ərazimizdə basdırılıb - münaqişə bizim torpaqlarımızda baş verib. Biz 1.5 milyon mina və atəşkəsdən sonra 397 mina qurbanından danışırıq; ondan əvvəl isə artıq 3 400 nəfər mina qurbanı olmuşdu”.
Bunu “El Mundo” qəzetinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, bu günədək Azərbaycanda mina ilə çirklənmiş ərazilərin cəmi 17%-i təmizlənib.
Sirr deyil ki, “Böyük Qayıdış”a ən böyük əngəl ərazilərimizin minalarla cirklənməsidir. Bəs dünya praktikası nə deyir, Azərbaycanın nəticəsini uğurlu saymaq olarmı? Bəs prosesi necə sürətləndirmək olar? Daha neçə il lazımdır ki, torpaqlarımız minalardan və partlamamış təmizlənsin?
Rövşən Məhərrəmov
Hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, işğaldan azad edilmiş ərazilərin bərpası, quruculuq işləri və əhalinin daha sürətli öz evlərinə köçürülməsini mina problemi şübhəsiz müəyyən qədər ləngidən amildir: “Müharibə başa çatsa da, Ermənistanın Azərbaycana qarşı uzun illər ərazində yaratdığı mina terroru bu gün də davam edir. İyunun 30-da Ağdam rayonunda mina partlayışı hadisəsi baş verib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat verib ki, Ağdam rayonunun Papravənd kəndi ərazisində 2025-ci il 30 iyun tarixində mina hadisəsi baş verib. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı Ağdam rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib. Az qala hər ay hansısa ərazidə bax bu cür mina partlayışı hadisələri yaşanır. Bu da bir daha onu göstərir ki, işğal dövründə ermənilərin minaladığı ərazinin miqyası o dərəcədə genişdir, minaların sayı o qədər çoxdur, təmizlənməsi uzun illər çəkəcək. Düşmən ən ağıla gəlməyən yerlərə, nöqtələrə belə mina basdırıb. Həm buna görə, həm də Ermənistan mina xəritələrinin heç də hamısını Azərbaycana vermədiyi üçün ərazinin minalardan tamamilə təmizlənməsi işi çətinləşir”.
Ekspertin sözlərinə görə, ərazi çox böyükdür, bu qədər nəhəng minalanmış ərazinin tam şəkildə təmizlənməsi 4-5 ildə təbii ki, mümkün ola bilməzdi: “Ona görə də minalardan təmizləmə prosesi bu gün də davam edir. Həm ANAMA, həm Müdafiə Nazirliyi tərəfindən bu proses həyata keçirilir. Ermənilər təkcə xəritələr əsasında deyil, harada gəldi minalar basdırıblar, xüsusən döyüşlər zamanı geri çəkildikcə kor-koranə minalama prosesi kütləvi olub. İndi biz onun fəsadlarını görürük və bundan sonra da fəsadlarının olmayacağına təminat yoxdur. Mina problemi elə bir problemdir ki, yüz faiz həll edib yekunlaşdırmaq mümkün deyil. İkinci Dünya müharibəsinin başa çatmasından 80 il keçir, ancaq hələ də həmin müharibədə basdırılmış minalar aşkarlanır, partlayır. Belarus meşələrində, Ukrayna ərazisində bu gün də İkinci Dünya müharibəsindən qalan minalar var. Bu fakt bir daha onu deməyə əsas verir ki, erməni işğalı altında olmuş minalanmış ərazilərimizin qısa müddətdə və tamamilə minalardan təmizlənməsi, mina probleminin tamamilə aradan qaldırılması mümkün deyil. Bu problemin həlli üçün uzun illər lazımdır. Bəzi partlamamış raketlər var ki, torpaqla təmasda olub partlamayıb və dərinliyə girib. Bu problem də var. Mühəndis-istehkamçılar sürpriz minaları təmizləməkdə çətinlik çəkirlər. Hər bir minanı zərərsizləşdirmək üçün kifayət qədər vaxt sərf olunur. Bu həssas və dəqiqlik tələb edən işdə tələsmək və başdansovdu yanaşma qətiyyən olmaz və lazım deyil”.
R.Məhərrəmov qeyd etdi ki, Qarabağa böyük qayıdış minalardan təmizləmə prosesi ilə paralel aparılır və başqa yolu da yoxdur. Azərbaycan dövləti hər iki vacib prosesi uğurla davam etdirir və etdirəcək: “Güman edirəm ki, 10 ilə yaxın müddətə minalar və partlamamış sursatlar təmizlənəcək, amma bu o demək deyil ki, tam şəkildə təmizlənmiş olacaq. Mümkündür ki, sel sularının yerini dəyişdiyi minalar, partlamamış sursatlar tamamlə təsəvvürə, ağıla gəlməyən nöqtələrdə qalsın və nə zamansa fəsadı, zərəri olsun”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ