İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner” əsir düşən daha bir əsgərini edam edib-ikinci balyoz hadisəsi

 

Rusiyanın “Vaqner” özəl hərbi şirkəti daha bir hay-küylü edam aktı törədib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Vaqner”ə yaxınlığı ilə bilinən “Grey Zone” teleqram kanalı, şirkətin tərkibində Ukrayna ilə müharibəyə gedən, lakin sonra könüllü olaraq Ukrayna qoşunlarına təslim olan keçmiş məhkumun məhkəmədənkənar öldürülməsinin videosunu yayımlayıb.

Həmin kadrlarda göstərilən şəxsin Krımdan olan Dmitri Yakuşenko olduğu bildirilir. Edam məhkumu öldürülməzdən qabaq kameraya baxaraq həbsxanadan cəbhəyə getdiyini, lakin sonradan bu savaşın onun müharibəsi olmadığını anladığını söyləyib. Bədbəxt məhkum-əsgər Ukraynanın Dnepr şəhərində olarkən başından zərbə alaraq huşunu itirdiyini və artıq zirzəmidə oyandığını deyir. Kameraya danışdığı müddətdə Yakuşenkonun arxasında əlində balyoz  olan və üzünü gizlədən bir adam dayanır. Videonun sonunda o, əlindəki balyozu bir neçə dəfə məhkumun başına endirir.

BBC-nin rus xidməti qeyd edir ki, “Grey Zone” teleqram kanalının videosunda iddia edilən qətl yerindən əlavə Yakuşenkonun ötən ilin noyabrında, Ukraynaya təslim olan zaman müsahibənin fraqmentləri verilib. Keçmiş məhbus orada işğal altındakı Krımda 19 il cəza aldığını, lakin sonradan Saratov vilayətinin Engels şəhərindəki cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bildirib. Məhz orada onu “Vaqner” ÖHŞ-nə Ukraynada döyüşmək üçün cəlb ediblər.

“Grey Zone” telegram kanalı Yakuşenkonu “satqın” adlandırıb. Onun Ukraynanın nəzarətində olan ərazidən zirzəmiyə necə aparıldığı açıqlanmır.

Xatırladaq ki, ötən il noyabrın 12-də “Vaqner” ÖHŞ Ukraynadakı müharibədə iştirak etmək üçün cəlb edilmiş, lakin sonradan könüllü olaraq Ukrayna qoşunlarına təslim olan rus məhbus Yevgeni Nujininin başından balyozla vuraraq edam videosunu yayımlamışdı.

Ekspertlərin fikrincə, bu videolar Ukrayna savaşına gəlib qaçmağı düşünən məhkumlar arasında vahimə törətmək məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR