Onlayn ictimai-siyasi qəzet
"Oğlum I qrup üzrə imtahan verib, indi ixtisas seçimi üçün "Abituriyent" jurnalını axtarırıq, tapa bilmirik. Dövlət İmtahan Mərkəzi niyə sadə məsələni problemə çevirir ki?!"
Bu barədə Musavat.com-a bir qrup valideynin şikayətində bildirilir.
"Hazırda qəbul gedir. Abituriyentlər də, valideynlər də hamımız psixoloji gərginlik keçiririk. DİM tərəfindən Abituriyent jurnalları nəşr edilir. Bu jurnalları həm də DİM-in abituriyent.az saytı vasitəsi ilə elektron ödənişli endirmək olur. Qiyməti də 2-3 manatdır. Lakin qəbul vaxtı bu saytdan elektron endirmələri bağlayırlar. Zəng edirik "qaynar xətt"ə səbəbin izah etmirlər. Deyirlər yaxınlaşın DİM-in yanındakı köşkə, kağız formatında əldə edin, ya da nəşriyyatla əlaqə saxlayın", deyə şikayətdə qeyd edilir. Valideynlər deyirlər ki, jurnalı nəşriyyatda da tapmaq müşkülə çevrilib:" Nəşriyyatda da deyirlər bitib. Ya da əldə 5 dəfə baha satılır, hələ onu da tapsaq! Axı bu jurnallara indi tələbat çoxdur. Çünki o jurnalda abituriyentlər üçün vacib məlumatlar var. İxtisas seçimi etmək üçün ötən ilin ballarına nəzər salırıq. Elə bil qəsdən abituriyentlərə əlavə gərginlik yaradaraq pul qazanırlar".
Valideynlərin şikayəti ilə bağlı DİM-ə müraciət etdik. Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Musavat.com-a bildirdi ki, abituriyentlər internet resursundan istifadə zamanı yanlışlıq edirlər:
"Jurnalın PDF variantını bu saytdan əldə edə bilərlər. ( https://eservices.dim.gov.az/ejurnal/) Qiyməti 3.5 AZN-dir. Onların çəkdikləri skrindəki material onlayn satışda yoxdur. Bu o deməkdir ki, jurnalın kağız variantı qurtardığı üçün onlayn sifariş də yoxdur. Bizim jurnalları onlayn sifariş edirlər, poçtla çatdırma edirik. Kağız variant bitəndən sonra isə PDF satışa qoyulur. O da göndərdiyim linkdə var. Oradan qeydiyyatdan keçib ala bilərlər".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 20-də III ixtisas qrupu, mayın 21-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Afaq Mirayiq,
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ