İnsanlara hürriyət, millətlərə istiqlal!

Uzaqgörən siyasətin bəhrəsi: Avropada Azərbaycanın etibarlı tərəfdaş olduğu bir daha vurğulandı

Azərbaycan ötən il Avropa İttifaqı ilə imzaladığı enerji sahəsində əməkdaşlığa dair sazişlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək qərarındadır. Bolqarıstanla Serbiyanı birləşdirən interkonnektorun açılış mərasiminə qatılan Prezident İlham Əliyev çıxışında Bakının etibarlı tərəfdaş kimi öz öhdəliklərinin icrasında qəti olduğunu vurğulayıb.

Serbiya ilə Bolqarıstanın qaz şəbəkəsini birləşdirən interkonnektorun illik ötürücülük gücü 1,8 milyard kubmetrdir. Bu, Serbiyanın illik qaz tələbatının 60 faizi deməkdir. Serbiya ilə Azərbaycan arasında imzalanmış sazişə əsasən 2024-cü ildən etibarən Azərbaycan Serbiyaya ildə 400 milyon kubmetr qaz çatdıracaq. İnterkonnektor Bolqarıstan vasitəsilə Serbiyanın Yunanıstan ərazisindəki maye qaz terminallarına çıxışını da təmin edir ki, bu da ölkənin Rusiyadan olan qaz asılılığını ciddi şəkildə azaltmasına imkan verəcək.

Şərqi Avropanın qaz şəbəkəsinin Bolqarıstan üzərindən Yunanıstan və Türkiyə qaz şəbəkələri ilə əlaqələndirilməsi ideyası Azərbaycan qazını Bolqarıstana çatdıran İGB adlı interkonnektorun tikintisi zamanı yaranıb. İGB 2022-ci il oktyabrın 1-də Bolqarıstanda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin də daxil olduğu yüksək səviyyəli şəxslərin iştirak etdiyi tarixi mərasimdə fəaliyyətə başlayıb. İnterkonnektor ildə 3 milyard kub metr daşımaq qabiliyyətinə malikdir. Bu miqdarın yarısının 25 ilə qədər uzunmüddətli müqavilələr əsasında daşınması planlaşdırılır. Yunanıstanın Komotini və Bolqarıstanın Stara-Zaqora şəhərlərini birləşdirən 93 mil uzunluğundakı boru kəməri Komotinidə 2024-cü ilə qədər tamamlanacaq kompressor stansiyasının tikintisindən və Aleksandropolis yaxınlığında yeni mayeləşdirilmiş təbii qaz terminalının (TQT) istifadəyə verilməsindən sonra həcmi ildə 5 milyard kubmetrə qədər artırmaq potensialına malikdir. Hazırda Azərbaycan qazı Bolqarıstanın ümumi tələbatının 27 faizini ödəyir. IGB-nin isə illik ötürücülük gücü artıq 2025-ci ildə indiki 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırıla bilər. Belə ki, Bolqarıstan mətbuatının yazdığına görə, qaz kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə bu ilin yayından başlanılıb. Prosesin yekunlaşdırılması istiqamətində növbəti addımlar ICGB tərəfindən qonşu ötürücü sistem operatorları ilə razılaşdırılaraq həyata keçirilir. 

qaz.jpeg (45 KB)

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 milyard kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. 2021-ci ildə Bolqarıstan Azərbaycandan 270 milyon kubmetr, 2022-ci ildə 500 milyon kubmetrdən bir qədər çox qaz alıb. Cari ilin yekununda isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaq.

2020-ci ilin 31 dekabrından Azərbaycan qazı Avropadakı istehlakçılara çatdırılır. Öncə Yunanıstan, İtaliya, sonra isə Bolqarıstan, Rumıniya Azərbaycandan qaz aldı. Bu ilin sonunadək Macarıstan, 2024-cü ildən isə Serbiya da Azərbaycan qazının alıcısı olacaq. İyun ayında SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb.

Beləliklə, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində yaradılan Cənubi Qaz Dəhlizindən bəhrələnən ölkələrin sayı sürətlə artır. Sırada Slovakiya, hətta Almaniya istehlakçıları da var.

Ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin güclənməsindəki rolu getdikcə artır. Bu prosesin uğurla reallaşmasında Azərbaycanın etibarlı tərəfdaş olması, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti başlıca rola malikdir. Məhz İ.Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın Serbiya, Bolqarıstan, Macarıstan, Makedoniya, Albaniya və digər Avropa ölkələri ilə sıx əməkdaşlıq münasibətləri qurulub, getdikcə dərinləşdirilib. Avropanın “yumşaq qarnı” adlandırılan bu ölkələrin Rusiyadankənar mənbələrdən qaz almaq imkanı məhdud idi. 

6c3c14b6a600a5dcca53690e7ddb6e2a_9816785.jpg (168 KB)

Onların Rusiyadan qaz nəqlinin dayanmasından digər Avropa ölkələri ilə müqayisədə daha çox zərər çəkəcəyi əvvəlcədən bəlli idi. Azərbaycan məhz bu məqamda dostluq əlini uzadaraq onların qaz istəklərini təmin etməklə dostluğa, verilən sözlərə sadiqliyini bir daha ortaya qoymuş olur.

Ötən qış mövsümündə ifrat isti iqlim şərtlərinə görə yaza yarıdan çox dolu anbarlarla çıxan Avropanın bəzi ölkələrinin, xarici mətbuatın qaz təminatçısı kimi Azərbaycanın rolunu kiçiltmək istiqamətindəki fəaliyyətləri nəticəsiz qaldı. Bu ilin yekununda Avropaya 12 milyard kubmetr qaz çatdıran Bakı bu prosesdə yalnız öz çıxarlarını deyil, dost hesab etdiyi ölkələrin enerji təhlükəsizliyini də nəzərə aldığını artıq neçənci dəfədir sübut edir.

Azərbaycan Avropa İttifaqı ilə imzaladığı sazişə əməl etmək üçün qaz hasilatını ildən-ilə artırılır. Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə rəyindən aydın olur ki, gələn il “Şahdəniz” qaz-kondensat yatağından 26,1 milyard kubmetr qaz hasil olunacağı gözlənilir, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 3,16 faiz çoxdur. Sənədə əsasən, bu il “Şahdəniz”də 25,3 milyard kubmetr qaz hasil olunacaq. Ötən il bu göstərici 24 milyard kubmetr təşkil edib.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 21,8 milyard kubmetri “Şahdəniz”dən, 0,5 milyard kubmetri “Abşeron”dan,  7,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib.  

4bebddd65a46d25d034760d2c1945b00.jpg (97 KB)

Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetr qaz nəql olunub.

Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan yalnız ənənəvi deyil, bərpa olunan enerjidaşıyıcılarının da əsas ixracatçılarından birinə çevrilmək istiqamətidə ardıcıl addımlar atır. 2022-ci ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in reallaşması üçün sürətli işlər görülür. Avropa Komissiyası sazişdə nəzərdə tutulan Qara dənizin dibi ilə kabelin çəkilişi üçün 2,3 milyard avro vəsait ayırıb.

Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayır. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşən əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.

Rəsmi Bakı kabelin çəkilişi başa çatana qədər daxili istehlakdan əlavə ən azı 3 GVt sərbəst enerji istehsalı potensialını təmin etməlidir. Hazırda ölkədəki mövcud istehsal müəssisələrinin gücü 8 min MVt həcmindədir. Oktyabrda Qaradağda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin qurduğu 230 Mvt-lıq günəş elektrik stansiyasının açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan “yaşıl enerji” layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. 

b6f3dfed2f1af8c9978cd89a175cd27a.jpg (283 KB)

İnvestisiya müqavilələri Biləsuvar rayonunda 445 MVt gücündə, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrasını nəzərdə tutur. Rəsmi məlumatdan aydın olur ki, investisiya müqavilələri 2022-ci ilin iyun ayında şirkətlə bərpa olunan enerji mənbələri üzrə 4 QVt gücündə “Meqa” layihələrin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı imzalanmış İcra müqavilələrinin birinci mərhələsini əhatə edir.

Azərbaycan hökuməti bildirir ki, “Masdar” şirkəti ilə reallaşdırılacaq bu layihələr 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 33 faizədək yüksəlməsi hədəfinə çatılmasında mühüm rol oynayacaq.

Azərbaycan həmçinin Özbəkistan və Qazaxıstanın enerji kabelinin çəkilməsi layihəsinə qoşulmasını aktiv şəkildə dəstəkləməklə layihənin beynəlxalq əhəmiyyətini daha da artırmaq, Xəzərin o tayının enerji potensialının Avropanın enerji təhlükəsizliyinə töhfə verməsini təmin etmək yolunu tutub.

Rəsmi Bakı yaxın illərdə yalnız özünün deyil, Avropanın da yaşıl enerjiyə keçidinə böyük töhfə verəcək nəhəng layihələrin icrasına başlayıb. Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında bu layihələri uğurla reallaşdıracağı şübhə doğurmur...

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR