İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST elan etdi: pandemiya bitir - postpandemiya dövründə bizi nələr gözləyir...

“Bu dönəmdə iqtisadi böhran, həm qida təhlükəsizliyində problemlər görəcəyik”

Deyəsən, iki il yarımdan artıq müddətdə insanların həyat rejimini pozan koronavirus pandemiyası başa çatır. “Pandemiyanın başa çatması göz önündədir”. ÜST rəhbəri belə deyib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə çərşənbə günü keçirilən brifinqdə bildirib ki, ötən həftə dünyada COVID-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub.

Pandemiyanın başa çatması ilə bağlı biz heç vaxt daha yaxşı nəticəyə nail olmamışıq. Lakin pandemiyanın başa çatması göz önündədir".

Mütəxəssislər bunu pandemiyanın başa çatmasının anonsu kimi qiymətləndirir. Bildirilir ki, ilin sonunadək pandemiyanın başa çatdığı rəsmən elan olunacaq. Bəs postpandemiyaya necə hazırlaşmışıq?

Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."

Asif Nərimanlı 

Politoloq Asif Nərimanlı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Azərbaycanla bağlı məsələyə baxdıqda postpandemiya dövrünə hələ pandemiyanın ilk dövründən hazırlıq görülürdü. Azərbaycan bəlkə də dünyada ən effektiv üsullardan istifadə edən ölkələrdən biridir. Həm vətəndaş birliyinin təşkil edilməsi və pandemiyanın sosial rifaha vurduğu zərərin aradan qaldırılması barədə mühüm addımlar atıldı. Azərbaycan qlobal səviyyədə təkliflər verdi. Xüsusilə, türk dövlətlərinin birliyinin pandemiyaya qarşı mübarizəsi, BMT-də verilən bir neçə təklif var idi, vaksinlərin birgə paylanması və digər məsələlər. Azərbaycan postpandemiya dövrünə hazırdır. Amma dünyada bu bir qədər fərqlidir, pandemiyanın iqtisadi cəhətdən vurduğu ziyanlar bunu deməyə əsas verir. O cümlədən beynəlxalq münasibətlər zədələnib. Rusiya-Ukrayna müharibəsində daha pis mərhələyə keçən münasibətlər qeyd edilməlidir. O baxımdan postpandemiya dövrünə həm ölkələr üzrə baxsaq, bütün ölkələrlə bağlı eyni sözü demək olmaz. Amma dünya üzərindən baxdıqda, pandemiya bitsə belə dünyada yeni müharibələr, yeni böhranlar gəlir. Rusiya-Ukrayna müharibəsindən sonra dünyada enerji, taxıl böhranı yaranıb. Ümumiyyətlə, pandemiya dövründə dağılan logistika xətləri var idi ki, bunların bərpa edilməsi istiqamətində 2020-ci illərin sonuna yaxın müəyyən addımlar atılmışdı. Pandemiya dövründə bütün yolların bağlanması beynəlxalq səviyyədə iqtisadi böhrana gətirib çıxarırdı. Bununla bağlı müəyyən addımlar atılmışdı. Lakin Ukrayna-Rusiya müharibəsi bunu tamamilə, yenidən dağıtdı. Müharibənin getdiyi Qara dəniz bölgəsi Çindən Avropaya gedən xəttin üzərində yerləşir. Halbuki bu, logistikanın əsas xətlərindən biridir. Pandemiya bitsə belə, bundan sonrakı dövrdə Rusiya-Ukrayna müharibəsinin yaxın dövrdə bitəcəyi ehtimalı azdır. Prezident İlham Əliyev doğru buyurub ki, 24 fevraldan əvvəlki dünya olmayacaq. Pandemiya bitsə belə, Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəlki dövr olmayacaq. Dünyada yeni sistemin, yeni nizamın formalaşması uğrunda mübarizənin getdiyi görünür. XX əsrə baxdıqda bu, I Dünya müharibəsindən sonra başlanmışdı. Yalnız II Dünya müharibəsindən sonra dünyada müəyyən bir stabillik başlandı. Yeni bir nizam quruldu. Buna biz qloballaşma deyirik. Pandemiya qloballaşmaya böyük ziyan vurdu. Qapanmalar daşınmadan tutmuş sərnişinlərin getməsinə, turizmə qədər hər şeyə ziyan vurdu, qloballaşmanı arxa plana keçirdi. Bununla belə, Rusiya-Ukrayna müharibəsi bu məsələni bir daha arxa plana keçirdi”.

Politoloqun fikrincə, dünya düzəninin qurulması hələ uzun müddət davam edəcək: “Hətta müəyyən bir dövr sonra Ukraynada  müharibə mövqe müharibəsinə keçə bilər. Amma yenə də qlobal səviyyədə müharibə daha şiddətli forma alacaq. Suala yenidən dönsək, postpandemiya dövründə iqtisadi böhran, həm qida təhlükəsizliyində problemlər görəcəyik. Hansı ki, bunu ekspertlər proqnozlaşdırır. Amma həm də siyasi böhranların da ön planda olacağını görə biləcəyik. Azərbaycan bu proseslərdən necə çıxacaq? Son proseslər, həm post pandemiya, həm Qarabağ müharibəsi, müharibədən sonra regionda gördüyü işlərin qlobal proseslərə təsirinə baxdıqda rəsmi Bakının müəyyən qədər doğru istiqamətdə olduğunu deyə bilərik. Təbii ki, problemlər ola bilər. Proseslərin Azərbaycana təsiri ola bilər, bu qaçılmazdır. Amma əsas odur ki, müəyyən bir yol xəritəsi var və Azərbaycan bu yol xəritəsi üzərində hərəkət edir. Bizim üçün daha yaxşı olacağını deyə bilərəm”.

Yeni baş bankir Elman Rüstəmovdan nə ilə fərqlənəcək - Gözləntilər böyükdür

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirov isə bildirib ki, postpandemiya dövrü üçün demək olar ki, əksər ölkələr iqtisadi konsepsiya hazırlayıb. Çünki belə bir proqram olmazsa, pandemiya dönəmində ciddi zərbələr almış ölkə iqtisadiyyatı tam sıradan çıxar. Odur ki, Azərbaycanda da pandemiyanın yaratdığı iqtisadi dağıdıcı effektləri azaltmaq üçün təbdirlər planı qəbul edilib. Bura iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinin qorunması kimi məsələlər daxil idi. Bu proses  yalnız pandemiya dövründə deyil, strateji olaraq post pandemiya dövründə də iqtisadi sistemə dəstəyin göstərilməsi istiqamətində fəaliyyətləri və görüləcək tədbirləri əhatə edir.  Bu tədbirlər sahibkarların, xüsusən də fərqli sektorlarda pandemiyanın təsir etdiyi sahələrdə çalışanların birbaşa dəstəklənməsini təmin etmək prinsipi daşıyırdı. Eyni zamanda məqsəd olaraq postpandemiya dövründə iqtisadiyyatın diversifikasiyası, şəffaflığın gücləndirilməsi ilə bağlı tədbirlər daha prioritet olacağı gözlənilirdi. Gözlənildiyi kimi də postpandemiya dönəmi ilə yanaşı qarşıdakı 10 illik müddəti əhatə edən  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı vacib iqtisadi sənəd təsdiqləndi. Bu, özündən əvvəlki sənədlərdən təkcə pandemiya şəraitində qəbul edilən və pandemiyadan sonrakı dövrü əhatə edən sənəd olmaqla deyil, eyni zamanda post müharibə dövrünün reallıqlarını da özündə əks etdirirdi. Sosial-iqtisadi inkişafa dair olan bu Milli Prioritet özündə beş istiqaməti cəmləşdirir. Bura, dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit məsələləri daxildir. Göründüyü kimi, beş istiqamətdən  biri  işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, digər ikisi isə ümumi inkişaf parametrlərini əhatə edir".

Ekspert qeyd edib ki, yerdə qalan iki istiqamət isə məhz postpandemiya dövrü iqtisadi aktivliyin bərpasına və sonrakı illərdə dayanıqlı təminatına hesablanmış prioritetlərdir: "Bura  davamlı və yüksək iqtisadi artım, daxili və xarici təsirlərə dayanıqlıq daxildir. Habelə, inkişafdan hər bir vətəndaşın bəhrələnə bilməsi, yüksək və ədalətli sosial təminat, paytaxt və regionların tarazlı inkişafı və digər məsələlər də daxil edilib. Lakin burada daha vacib məsələ keçmiş təcrübələrdən dərslərin çıxarılmasıdır. Təcrübə göstərir ki, bəzi dövrlərdə iqtisadi perspektivlərlə bağlı qəbul edilmiş konsepsiyalar nəzəri cəhətdən mükəmməl bir sənəd olaraq hazırlansa da, onun tətbiqi, icrası və reallaşdırılması heç də qənaətbəxş olmur. Çünki icra proseslərində  obyektiv və ya subyektiv səbəblər üzündən yekun nəticəyə nail olmaqda çətinliklər yaşanır. Buna görə də post pandemiya dövrü üçün nəzərdə tutulan strategiyanın həyata keçirilməsi zamanı bu səpgidən olan problemlərlə üzləşməmək üçün mütləq şəkildə hədəfə çatmaq üçün maneə olacaq riskləri, obyektiv və subyektiv amilləri ciddi təhlil edilməli, onların aradan qaldırılması üçün konkret addımlar atılmalıdır. Əks təqdirdə bu konsepsiya yekunda lazımi gözləntiləri verə bilməyəcək".

Nuran Abdullayev: Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi  dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirəcək - AZƏRTAC

 Nuran Abdullayev

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev isə qeyd edir ki, pandemiyadan sonrakı dövrdə Azərbaycanın səhiyyə sistemindəki tədbir planlarından biri regionun və eləcə də şərqin ən güclü tibbə malik ölkələrindən birinə çevrilmək durmalıdır: “Bunun üçün artıq ölkə başçısının müvafiq fərmanları ilə Azərbaycanda kifayət qədər infrastruktur yaradılır. Pandemiyadan sonrakı dövrdə bu infrastrukturdan düzgün istifadə və əlavə olaraq yaradılması vacib olan bir neçə mərkəzlərin qurulması Azərbaycanı nəinki Şərq, eyni zamanda Qərb ölkələri arasında da çox önə çıxara bilər.  Bu məqsədlə artıq ölkədə bir neçə il öncədən müxtəlif sahibkarlar tərəfindən qurulan tibbi turizm o qədər də effektli olmaması hər kəsə məlumdur. Bunun səbəbində isə təqdim edilən xidmətin keyfiyyətinin səviyyəsindən asılı olmayaraq birbaşa gəlir əldə etmək məqsədi durur. Amma dövlətin bu məsələni postpandemiya dövründə birbaşa səhiyyə siyasətində nəzərə alması və dəstək göstərməsi tam fərqli effektlər verər. Belə ki, bunun inkişafı nəinki tibbi turizmlə dövlət büdcəsinə böyük gəlir gətirmiş olacaq, eyni zamanda tibbi kadrların artıq ölkədə hazırlanmasına dəstək olacaq ki, bu da öz növbəsində bir başa səhiyyənin daha da inkişafı deməkdir. Bu məsələdə vacib olan isə regionun və digər şərq ölkələrinin analizindən sonra tibbi kadrların müvafiq istiqamətlərdə hazırlanmasıdır. Təəssüf hissi ilə demək lazımdır ki, tibb sahəsində kadrların hazırlanması istiqamətində bu günə qədər edilən yatırımın müqabilində bu gün Azərbaycanda kifayət qədər mütəxəssis yoxdur. Bu gün bilməli olduğumuz məqam isə bizim xaricdə təhsil alıb və təcrübə keçmiş müəyyən ixtisaslar üzrə mükəmməl çalışan 3-5 nəfərimiz ilə səhiyyənin inkişafının və birincilər sırasında durmağın mümkün olmadığını dərk etməkdir. Bütün bunları nəzərə alaraq demək olar ki, postpandemiya dövrü nəinki doğru qərarlar, eyni zamanda ideyalar, yaratmaq və yeniliklərin tətbiqi dövrü olacaq, buna görə də bizlər də yaxşı düşünməliyik, elə indidən”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR