Onlayn ictimai-siyasi qəzet
Son günlər mümkün Rusiya-Ukrayna danışıqları yenidən gündəmə gəlib. Ukraynanın Türkiyədəki səfiri deyib ki, ikinci sülh konfransına Rusiyanın dəvəti müzakirə edilir. Danışıqlar mövzusu gündəmə gələn kimi Rusiya Kursk vilayətinin ərazisində əks-həmlələri gücləndirib. Avqustun 7-də Ukrayna qəfil hücumla ələ keçirdiyi ərazilər haqda hələ də ziddiyyətlər xəbərlər var. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kursk vilayətinin 1000 kvadrat kilometr ərazisinə nəzarət etmələri ilə bağlı açıqlamasını Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri təkzib ediblər. Daha bir mənbəyə görə, Ukrayna Silahlı Qüvvələri 300 kv. km-dən çox ərazini tutublar. Ukraynanın ilk günlərdə 80-dək yaşayış məntəqəsinə, o cümlədən Sudja şəhərinə nəzarət edirdi, indiyədək bir neçə yaşayış məntəqəsi geri qaytarılsa da, Avropaya qaz kəmərinin keçdiyi mühüm Sudja şəhərinə hələ də Ukrayna ordusu nəzarət edir. Bu strateji həmlə əlbəttə ilk günlərdə ciddi eyforiya yaratdı, müharibədə belə hadisələr çox olur. Bu həmlə Rusiyanın Donbas istiqamətində hücumlarımı azaltmağa hesablansa da, şəxsən Putinin nüfuzun ciddi zərbə oldu. Nə qədər ki, Kurskda ukraynalılar qalacaq, Rusiya prezidenti özünü narahat hiss etməkdə davam edəcək.
Rusiya isə müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadratkilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadratkilometrinə nəzarət edirdi. 2014-cü ildən işğal edilən Krım (ərazisi 26 min 861 kvadratkilometr) və Sevastopulu da (1079 kvadratkilometr)bura əlavə etsək, müharibəyədək Rusiyanın nəzarətinə keçən ərazinin ümumi sahəsi 44 min 170 kvadratkilometr idi. Ukraynanın 603 min 548 kvadratkilometr ərazisi olduğunu nəzərə alsaq, demək, son müharibəyədək ölkə ərazisinin 7,3 faizi Kiyevin nəzarətində deyildi. Bizə bu müharibə uzun gələ bilər, amma cəbhə zonası, yəni aktiv döyüşlərin getdiyi ərazi də həddən artıq böyükdür.
52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir. Mərkəzi Donbasa Donetsk, Makiyevka, Qorlovka, Yenakiyevo, Xartsizsk, Pokrovsk, Amvrosiyevka, Şaxtyorsk şəhərləri daxildir. Kramatorsk, Baxmut, Slavyansk, Svyatoqorsk, Liman, Konstantinovka, Soledar Şimali Donbas hesab olunur. Şərqi Donbasa isə Luqansk, Lisiçansk, Alçevsk, Krasnodon, Severodonetsk, Krasnı Luç, Staxanov, Antrasit şəhərləri daxildir.
Müharibə başlayandan sonra qısaca rəsmi statistikanı yada salaq. Hücumun 9-cu ayında hətta Kremlə müxalif saytlar belə yazırdı ki, Rusiya Moskva boyda ərazini ələ keçirib. 2023-cü ilin sonunda sabiq müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun “LXR” və “DXR”-in müharibəyə qədər nəzarət etdikləri ərazilərdən beş dəfə çox ərazini ələ keçirdiklərini demişdi. Şoyqunun sözlərinə görə, ölkənin dörd yeni regionunun, o cümlədən Xerson vilayətinin ərazisi 83 min kvadrat kilometr ərazini əhatə edir.
İki ay əvvəl Rusiya prezidenti Vladimir Putin deyib ki, 2024-cü ilin 7 ayında Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonasında ümumi sahəsi təxminən 900 kvadrat kilometr olan əraziyə nəzarəti ələ keçirib. Rusiya isteblişmenti isə israrla deyir ki, ölkə konstitusiyası yeni regionların tam “azad edilməsini” tələb edir.
Uqladarın itirilməsindən sonra hazırda cəbhədə ən ağır döyüşlər Pokrovski şəhəri uğrunda gedir. Pokrovsk Donetsk vilayətinin şimal-qərbində yerləşir. Burada Donetski Dnepropetrovsk vilayəti ilə birləşdirən avtomobil marşrutları, Kramatorsk və Slavyansk kimi mühüm şəhərlərlə dəmir yolu keçir. Pokrovsk şəhərinin itirilməsi Ukraynanın iqtisadiyyatına da kritik zərbə ola bilər. Çünki ölkənin polad və dəmirtökmə zavodları üçün istifadə olunan kokslu kömürün çox hissəsi bu şəhərin mədənlərində istehsal edilir. Bəllidir ki, metallurgiya Ukrayna iqtisadiyyatının ikinci ən böyük sahəsidir. Ukraynanın köhnə polad sobalarının əksəriyyətini və sənaye ixracının çox hissəsini təmin edən çuqun istehsalı üçün kömür lazımdır. Polad zavodlarının dayanması ümumikdə Ukraynanın onsuz da ağır olan iqtisadiyyatına, müdafiə sənayesinə öldürücü zərbə ola bilər.
Avropa turnesindən qayıdan prezident Zelenski Pokrovski və Zaporojye istiqamətində vəziyyətin gərgin olduğunu etiraf edib.
Bu arada Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib ki, Zelenski Rusiya ilə danışıqlara qadağa qoymayıb, Putinlə danışıqlara qadağa fərmanı yalnız Ukrayna prezidentinə aiddir. Absurd yanaşmadır. Çünki Ukrayna Zelenskinin rəhbərlik etdiyi şəxsi şirkəti, holdinqi deyil ki, yalnız özünə aid bu cür qadağa qoysun, həm də belə mühüm dövlət işində. Zelenski o postda özünü deyil, prezident kimi Ukraynanı təmsil edir. Əlbəttə, bu qərar əvvəldən də absurd idi, Putin də bunu dəfələrlə deyib. İndi nə vaxtsa, masa arxasında oturmaq lazım gələndə, Putin də ölkənin dördüncü-beşincini şəxsini gəndərəcək ki, “Ukraynanı təmsil edən şəxs mənim ranqımda deyil”. Ona görə bu cür emosional qərarlar verməzdən öncə düşünmək lazımdır.
Müharibənin dayandırılması haqda bəyanatlar artsa da, ciddi yaralar almaqda davam edən Ukraynaya yiyə duran yoxdur. Bəli, hərbi yardımlar hələ var, davam da edəcək. Amma Zelenskinin “qələbə planı” deyib ölkəbəölkə gəzməsinə baxmayaraq, bu planın reallaşmasına inananlar ya yoxdur, ya da onların sayı azdır. Bu müharibədə Ukraynanın indiki Rusiyaya, indiki hakimiyyətə və indiki şərtlərlə qalib gəlmək şansı əvvəldən yox idi. Ona görə deyirdik ki, Qərbin siyasətçilərinin təhriki ilə ölkəni müharibəyə sürükləməmək lazım idi. “Rusiyanı strateji məğlubiyyətə uğradacağıq” deyib Ukraynanı bu müharibəyə təhrik etmək istənilən nəticəni vermədi. Əksinə, Rusiya ətrafında təkqütblü dünya istəməyən ölkələrin müqavimət mərkəzlərini hərəkətə gətirdi.
Ukraynanın öz ərazilərindən imtina etməsi istənilən dövlət üçün ən ağır şərtdir. Biz bunları yaşamışıq. Rusiya-Ukrayna savaşı, Donbas əlbəttə, Qarabağ deyil, bu çox miqyaslı, qlobal güclərin yer aldığı, fərqli məqsədlər güdən müharibədir. Amma o da gerçəkdir ki, 1994-cü ildə ölkəmiz ağır şərtlər altında olsa da, atəşkəsə razı olmasaydı biz bu gün Şuşada, Xankəndində olmayacaqdır. Ukraynada danışıqların başlaması hələ torpaqlardan imtina deyil, bu uzun-uzadı müzakirələr tələb edəcək.
Ölkəyə isə ən əvvəl savaşı durduracaq ağıllı lider lazımdır. Kim nə deyir-desin, Zelenski Ukraynanı uçuruma gətirdi, toparlanması da uzun zamanı aparacaq, amma heç olmasa, ölkənin insan resurslarını və iqtisadi potensialını bərpa etmək üçün atəşkəs lazımdır. Ukraynada adamların yaşamağa yeri hələ də çoxdur, yetər ki, ölkələrinə qayıtsınlıar, ölkələrinin yaralarının sarımasına kömək etsinlər.
Qarabağ müharibəsi sübut etdi ki, lazımı zamanda, lazımı həmlələr hətta möcüzələr belə yarada bilər...
Nazim SABİROĞLU
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ