Onlayn ictimai-siyasi qəzet
Psixoloq təcavüzə məruz qalmış azyaşlıların necə müalicə edilməli olduğunu açıqladı
Azərbaycanda hər kəsi dəhşətə gətirən hadisə ilə bağlı istintaq davam edir. Həbsxana şəraitində 12 yaşlı qızın seksual zorakılığa məruz qalması faktı üzrə cinayət işi başlanıb. Artıq azyaşlının müvafiq sığınacağa yerləşdirildiyi, onun psixoloji vəziyyətinin sabitləşdirilməsi üçün reabilitasiya işlərinə start verildiyi bildirilib.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məsələ ilə bağlı açıqlamasında bildirib ki, hazırda azyaşlı ilə aidiyyəti qurumlar, mütəxəssislər işləyirlər: “Aidiyyəti bütün dövlət qurumları ilə birlikdə uşaqla ayrıca görüşlər keçirilir. Uşağın da izahatı alınacaq”.
Ana niyə danışmır? - cavabsız suallar çoxdur
Hadisə ilə bağlı ictimaiyyətin ən çox cavab axtardığı suallardan biri qurbanın anasının mövqeyidir. İddialara görə, uşaqla birlikdə görüşlərə şərait yaradılmasına məhz ananın vasitəçiliyi ilə imkan verilib. Amma buna baxmayaraq, qadın nə mətbuata, nə də hüquq-mühafizə orqanlarına aydın izahat verməyib. Onun hazırda istintaqla əməkdaşlıq edib-etmədiyi də məlum deyil.
Bəzi mənbələrin bildirdiyinə görə, qadın ictimai qınaqdan və ehtimal edilən hüquqi məsuliyyətdən çəkinərək danışmaqdan imtina edir. Amma ekspertlərin fikrincə, azyaşlının hüquqlarının müdafiəsi və cinayət hadisəsinin tam aydınlaşdırılması üçün ananın ifadəsi xüsusi əhəmiyyət daşıyır.
Cinayət işi üzrə son gedişatla bağlı aidiyyəti qurumlarla əlaqə saxlasaq da, təəssüf ki, heç bir yeni məlumat əldə edə bilmədik.
Bəs təcavüzə məruz qalmış bu cür uşaqların psixoloji müalicəsi necə aparılmalıdır?
Psixoloq Azad İsazadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, seksual təcavüzə məruz qalan uşaqlarla bağlı beynəlxalq səviyyədə qəbul edilmiş xüsusi psixoloji protokol mövcuddur: “Bu sahədə, xüsusən kriminal psixologiya və uşaq psixologiyası üzrə ixtisaslaşmış mütəxəssislər həmin protokol əsasında fəaliyyət göstərirlər. Bu protokolda bir neçə əsas istiqamət nəzərdə tutulub. Əsas məqsəd uşağın yaşadığı travmanı təhlükəsiz psixoloji mühitdə, mərhələli şəkildə danışaraq onun təsirindən azad olmasıdır. Bu zaman uşaqla bəzən valideynin iştirakı ilə, bəzən isə valideynin razılığı ilə təkbətək görüşlər keçirilir. Uşaq həmin hadisəni bir neçə dəfə danışaraq, onu analiz edir, psixoloji yolla bu yükdən azad olmağa çalışır. Çünki belə travmalardan sonra uşaqlarda tez-tez "mən nəsə səhv etdim, ona görə başıma bu hadisə gəldi" kimi özünü günahlandırma hissləri formalaşır. Bu hissləri aradan qaldırmaq əsas hədəfdir. Uşağın başa düşməsi lazımdır ki, bu vəziyyətdə təqsirkar o deyil və bu, həyatın sonu demək deyil”.
Azad İsazadə vurğulayıb ki, travmanın tamamilə silinməsi mümkün olmasa da, onu adiləşdirmək, yəni uşağın psixikasına ağır zərbə kimi yox, müəyyən yaşanmış həyat təcrübəsi kimi qəbul etdirmək vacibdir: “Bu böyük bir faciədir, amma uşağın beynində bu hadisəni "həyat davam edir" prinsipi ilə qəbul etməsi üçün psixoloji işlər aparılır. Təbii ki, bu işlər xüsusi hazırlanmış metodikalar əsasında yalnız peşəkar psixoloqlar tərəfindən icra olunmalıdır. Protokolun bütün detalları ictimaiyyətə açıqlana bilməz, lakin valideynlər bilməlidir ki, bu sahədə kifayət qədər səmərəli metod və yanaşmalar mövcuddur.
Həbsxana sistemində keçirilən görüşlər daim ciddi nəzarət altında olur. Çox təəccüblüdür ki, həbsxanada belə bir hadisə baş verir və nəzarətçilər buna diqqət etmir".
Azad İsazadə diqqətə çatdırıb ki, Şərq ölkələrində, o cümlədən Azərbaycanda seksual manyaklara Qərb ölkələrindəki qədər tez-tez rast gəlinmir, lakin bu, təhlükənin olmadığı anlamına gəlmir: “Bizim regionda uşaqlar daha çox ailədaxili və tanış mühitdən olan şəxslər tərəfindən zorakılığa məruz qalırlar. Əksər hallarda qurbanla təcavüzkar arasında tanışlıq, qohumluq və ya qonşuluq əlaqələri mövcud olur. Hətta bəzən hadisənin iştirakçılarının hər ikisi də azyaşlı olur. Misal üçün, xala, bibi və ya dayı uşaqları arasında belə hallar baş verir”.
Psixoloq valideynləri xüsusilə diqqətli və ehtiyatlı olmağa çağırıb: “Valideynlər unutmamalıdır ki, uşaqlar, xüsusilə yeniyetmə yaşında olanlar çox həssas və maksimalist olurlar. Onlara nəzarət, sadəcə, qadağalarla deyil, daha çox dost münasibəti ilə aparılmalıdır. Uşaq valideyni yanında özünü təhlükəsiz və güvənli hiss etməlidir. Bu zaman hər hansı problemin baş verdiyi halda qorxmadan valideyninə danışa bilər. Təəssüf ki, çox zaman uşaqlar ilk növbədə valideynlərindən qorxduqları üçün belə halları gizlədirlər. Valideyn-övlad münasibətləri səmimi və açıq olarsa, uşaq qapalı və travmatik mövzularla bağlı ilk olaraq valideyninə üz tutar”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ