Onlayn ictimai-siyasi qəzet
Müasir uşaqların “üçüncü əli” telefon, planşet sayılır. El dilində desək, sanki analarının qarnından telefonla dünyaya gəlirlər. Yaşlı nəsildən fərqli olaraq hər şeyi telefonda, elektron alətlərdə daha tez həll edir, yoluna qoyur və günlərini daha çox telefon başında keçirirlər.
Bununla öyünən valideynlər olduğu kimi, narazı qalanlar da az deyil. Telefona, planşetə, kompüterə yapışan uşaq gələcəkdə və elə indiki yaşında da hansı problemlərlə üz-üzə qalır?
Psixoloqlara görə, əslində hər uşaq telefon və ya kompüter həvəskarı deyil. Ümumiyyətlə, uşağın sosial şəbəkəyə, telefona marağı çoxdursa və asılılığı varsa, biz özümüz onun üçün maraq dairəsi yaratmalıyıq. Məsələn, şahmat dərslərinə yazdırmaq, idmanla məşğul olmasına, həmçinin kompüter dərslərinə getməsinə yardımçı olmaq çıxış yollarından biridir. Bundan başqa, kompüterin yararlı tərəflərindən də istifadə oluna bilər. Bir sözlə, uşaqların evdə daha az vaxt keçirməsi üçün bir sıra faydalı məşğuliyyət tapmaq olar.
Telefon asılılığı daha çox evdə diqqət və nəzarətdən kənarda qalan uşaqlarda rast gəlinir. Nəzarət dedikdə avtoritar rejim nəzərdə tutulmur. Sadəcə, uşaq ailədə ona olan diqqəti görməlidir. Müşahidələr göstərir ki, övladlarına qarşı daha diqqətli olan və vaxtını düzgün ayıran ailələrdə uşaqların telefondan asılılığı olmur. Əgər valideyn evdə övladı üçün onun marağında olan işlər görsə, istər-istəməz uşağın da maraq dairəsi dəyişəcək, telefon, sosial şəbəkə ona önəmli gəlməyəcək. Lakin bu, o demək deyil ki, uşaqları tamamilə sosial şəbəkələrdən, telefondan uzaq tutmaq lazımdır. Çünki uşaq inkişaf edir, bu kimi şeylərdən xəbərdar olmalıdır. Amma bunun da qədərini valideyn müəyyən etməlidir.
Bundan əlavə, araşdırmalar sübut edib ki, uşaqların yaş dövrünü və maraqlarını müşahidə etmək lazımdır. Hər yaş dönəminin özünə uyğun maraqları var. Uşaqlar o maraqları telefon olmayanda da necəsə təmin edirdilər. İndi də telefon vasitəsilə təmin edirlər. Buradakı əsas məsələ uşaqlara telefonu verənə qədər onlara doğru dəyərləri aşılaya bilməkdir. Biz sahib olduğumuz ailə dəyərlərimizi, xüsusiyyətlərimizi, ənənələrimizi övladlarımıza vaxtında və doğru şəkildə aşılamalıyıq. Bunu öyüd və nəsihətlə yox, daha çox örnəklərlə, davranışlarımızla, ifadə üslublarımızla öyrətməliyik. Çünki uşaqlar daha çox obrazlı örnəklərə meyllidirlər.
Ona görə biz özümüzün telefondan hansı məqsədlərlə, nə qədər intensivlikdə istifadə etdiyimizi müşahidə etsək, bilərik ki, uşaqlarımız müəyyən müddət sonra telefondan hansı məqsədlə və neçə müddət istifadə edəcəklər. Əslində bir növ həyat uşaqlarımızı bizə güzgü kimi göstərir. Sən bir dönəm əvvəl necə davranmısansa, uşağın da bir dönəm sonra elə davranacaq.
Uşağa 12 yaşa qədər telefon vermək olmaz, çünki...
Uşaqların qadjetlərdən asılı olması artıq epidemiya halını alıb. Yəqin ki, çoxları uşaqların əlindən telefonu almağın necə çətin olduğunu bilir. Uşaqlar texnikaya çox tez alışırlar. Qadjet onların əllərində olduğu müddətcə uşaq ətrafında baş verənlərə biganə qalır və əhəmiyyət vermir. Onlarla dil tapmaq çətinləşir və real həyatla əlaqələri azalır.
Pediatrların bildirdiklərinə görə, görmə və danışıq qabiliyyətinin inkişaf etməsi üçün 0-3 yaş arası uşağın əqli inkişafı çox əhəmiyyətlidir. 3 yaşına qədər uşaqlar valideynləri ilə daha çox ünsiyyətdə olmalıdırlar.
Statistikaya əsasən, müasir zamanda uşaqlar ekran qarşısında gün ərzində 6-7 saat vaxt keçirirlər. Bir çox uşaqlar artıq iki yaşından mobil qurğularla tanış olurlar və internetdən istifadə edə bilirlər. Pediatrlar 12 yaşadək uşaqlara mobil telefonlardan istifadəni qadağan etmələrinin 5 səbəbini açıqlayıblar.
Medicina.az onları təqdim edir:
Analar xəbərlərə, seriala baxır, oyun oynayır və beləliklə də uşaqlarından uzaqlaşırlar. Buna görə də uşaq ona diqqətin kifayət qədər olmamasını texnika ilə kompensasiya edir və telefondan asılı vəziyyətə düşür.
2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mobil telefonlardan ayrılan şüaların xərçəngə yol aça biləcəyini bildiriblər. Bundan əlavə uşaqların beyni və immun sistemi inkişaf etdiyinə görə zərərli təsirlərə daha həssas olurlar.
Körpənin beyni ilk 2 ildə 3 dəfə böyüyür. Ətraf mühit beynin inkişafına mənfi təsir göstərə bilər.
Bütün gün televizora baxmaq və telefonla oynamaq qidalanma rejimini pozaraq uşaqların piylənməsinə səbəb ola bilər. Elektron vasitələrdən nəzarətsiz şəkildə istifadə edən uşaqlar arasında piylənmə 30% çox müşahidə edilir.
Kompüter oyunlarında və televiziya verilişlərində olan qəddarlıq öz əksini real həyatda tapır. Uşaq hazır rəftar sxemi alır. Bir çox araşdırmaçılar belə qənaətə gəliblər ki, ekranda əks olunan qısamüddətli zorakılıq görüntüsü uzunmüddətli effekt verə bilər. Aqressiya özünü həmin dəqiqə deyil, uzun illər sonra da büruzə verə bilir.
Telefona “yapışan” uşaq bu xəstəliklərin daşıyıcısıdır
Mütəxəssislər xəbərdarlıq edirlər: uşaqlara mobil telefon verilməsinin fəsadları daha çox gələcəkdə hiss olunacaq. Məlumatlara görə, hazırda dünyada 4 milyarddan çox insan mobil telefon istifadəçisidir. Qabaqcıl telefon markaları isə bir-biriləri ilə rəqabət fonunda daim inkişaf halındadırlar. Artıq elə bir zaman yetişib ki, bu gün alınan mobil telefon bir neçə ay sonra köhnə model sayılır. Çünki telefon istehsalı ilə məşğul olan şirkətlər tələbə uyğun olaraq daim yenilik axtarıb, bazara daha fərqli modellər çıxarırlar.
İngilis mütəxəssisləri 18-29 yaşlı gənclər arasında sorğu keçiriblər. Məlum olub ki, onlar hər gün 19 mətn mesaj, 113 qısa mesaj və 60 telefon zəngi edirlər (qəbul edirlər). Bu isə gün ərzində 7 saat telefonla zaman keçirmək deməkdir.
Məlumatlarda bildirilir ki, ağıllı telefonla uzun müddət yazışmaq insanın hisslərinin, bacarıqlarının getdikcə itməsinə səbəb olur. Eləcə də kalkulyator, əlyazmalar və digər bu kimi vəsaitləri də mobil telefonda daşımaq mümkündür. Bu isə insanda yaddaşın zəifləməsinə yol açır.
Araşdırmaya görə, ağıllı telefon istifadə edərək insan beyninin quruluşunu dəyişdirmək mümkündür. Sürix və Fribourg universitetlərinin araşdırma qrupu müəyyən edib ki, ağıllı mobil telefon istifadəçilərinin baş barmaqları ilə beyinləri arasında hissi bağlılıq var.
Türkiyəli professor Mehmet Yavuz bildirib ki, yol gedən zaman mobil telefonda naviqasiyadan tez-tez istifadə etmək də beyinin fəaliyyətini yavaşıdır və beyin artıq düşünüb, ünvanı tapmaq funksiyasından getdikcə məhrum olur.
Həmçinin məlumatlara görə, son illərdə insanlar arasında panikaya düşmə, depressiya eləcə də Alzheimer və Parkinson kimi üzvi beyin xəstəlikləri qeyri-adi dərəcədə artıb. Şübhəsiz ki, bu vəziyyət körpə və uşaqlar üçün daha təhlükəlidir. Üstəlik, normadan artıq mobil telefonla məşğul olan uşaqlarda diqqətsizlik sindromu yaranır. Hamilə qadınların telefondan çox istifadə etməsi doğulacaq körpənin radiasiyaya məruz qalmasına səbəb ola bilər. Telefonun nə qədər radiasiya yaydığını öyrənmək üçün “Sar” dəyərinə diqqət etmək lazımdır. “Sar” faizi aşağı olan telefonlar daha az radiasiya yayır.
Hazırladı: Sevinc TELMANQIZI
13 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ