İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq evlərinə nəzarət Bakı merindən alındı

Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin adı  büdcədən ayrılan vəsaitlərin mənimsənilməsində hallanırdı\

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Prezident İlham Əliyevin fərmanı ilə  ləğv edilib.  Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi 2012-ci ilin dekabrında yaradılıb. Qərara görə, idarənin 141 işçisi vardı.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən ciddi narazılıqlar olması ilə bağlı internet resurslarında kifayət qədər  məlumatlar var.  Hesablama Palatası da dəfələrlə  Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin mənimsənilməsi faktlarını üzə çıxarıb. Məsələn, 2021-ci ildə 2 milyon manat yeyinti aşkarlanmışdı.

Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilməsi haqda faktlar olub.

2021-ci ildə Prezident İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, uşaqların məktəbəqədər təhsillə əhatə dairəsinin genişləndirilməsi və məktəbəqədər təhsilin keyfiyyətinin artırılması məqsədilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (indi Elm və Təhsil Nazirliyi adlanır) tabeliyinə verilib. Bu qərardan sonra isə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində 3 uşaq evi qalmışdı. İndi idarənin birdəfəlik ləğvi uşaq evlərinin kimin tabeliyində qalacağı sualını yaradır.

Bəs bu qurum özünü niyə doğrultmadı?

Elşən Qafarov: "Təəssüfedici haldır ki, Etibar Əliyev qanunverici orqanda  təmsil olunur, onu tanıyanlar haqqında yaxşı bilirlər..." Pravda.az

Elşən Qafarov

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb: “Bir daha xatırladım ki, ölkə prezidentinin 2021-ci ilin dekabrında imzaladığı sərəncama əsasən, dövlət məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarından alınaraq, Elm və Təhsil Nazirliyinin idarəetməsinə, onların balansına verilmişdi. Beləliklə, artıq 2022-ci ilin yanvarından həmin təhsil müəssisələri Elm və Təhsil Nazirliyi tərəfindən idarə  olunur. Ötən müddət ərzində yerli icra hakimiyyəti orqanlarının məktəbəqədər təhsil  müəssisələrinə hansısa müdaxiləsi qanuna görə uyğun deyil. Böyük olduğuna görə təkcə Bakı Şəhər İcra Hakimiyyəti yanında Məktəbəqədər  Təhsil Müəssisləri və Uşaq Evləri İdarəsi var idi. Nəzərə alsaq ki, uşaq evləri hələ də icra hakimiyyəti orqanlarının səlahiyyətində, yəni tabeliyindədir və həmin idarə artıq bir ildən artıqdır ki, tabeliyində olan təhsil müəssisələri olmadığına və fəaliyyət göstərmədiyinə görə doğru olaraq ləğv edildi. Yəni qurumun ləğv olma səbəbi budur, burada özünü doğrultmaq məsələsi yoxdur”.

Təhsil eksperti Elçin Əfəndi: “Mən yay məktəbinin əlehinəyəm”

Elçin Murad 

Təhsil eksperti Elçin Murad qeyd edib ki,Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi istər icra hakimiyyətinin, istərsə də Elm və Təhsil Nazirliyinin tabeliyinə veriləndə hər dəfə eyni sual, eyni problemlə rastlaşırıq: “Burada əsas məsələ nəzarətsizlikdir. Yəni hər hansı  quruma iş tapşırılanda sonradan onun fəaliyyətinə nəzarət edilmir. Məsələn, 2021-ci ildə 2 milyon manat yeyintinin aşkarlanması buna sübutdur. Valideynlərlə görüşümüz zamanı  bildirirdilər ki, övladları məktəbəqədər müəssisələrə gedəndə orada dərs müddətində hansısa hərf öyrənmək, xətt çəkmək və sairə tədris qabiliyyətlərini qavramaq əvəzinə onlara dərsdənkənar oyunlar keçirilir. Halbuki həmin uşaqlar birinci sinfə hazırlanmalı idi ki, dərsə başlayanda müəyyən qədər hazırlıqlı olsunlar. Valideynlər də haqlı şəkildə şikayət edirdilər ki, müəyyən hazırlıq üçün övladlarını məktəblərdə ibtidai siniflərə dərs keçən müəllimlərin yanına hazırlığa qoymaq məcburiyyətində qalırlar. Bu da valideyn üçün əlavə xərc deməkdir. Halbuki məktəbəqədər hazırlıqlar qaydasında, doğru-dürüst fəaliyyət göstərsə idi, buna ehtiyac qalmazdı.

Uşaq evlərinə gəldikdə, dəfələrlə sosial mediada, mətbuatda bağçalarda, uşaq evlərində uşaqların qidadan zəhərləndiyi haqda məlumatlara rast gəlmişik. Həmçinin uşaqlarla davranışlarda, rəftarda, nəzarətdə son dərəcə problemli vəziyyət idi. Oradakı məsul şəxslərin, müəllimlərin, bağça işçilərinin uşaqlarla kobud rəftarını, hətta güc  tətbiq etdiklərini görürdük. Bütün bunların hamısı Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin ləğv olunmasına gətirib çıxartdı.

Fikrimcə, nazirlik bu cür məsələlərlə bağlı ölçü götürməli, hər bir qurumda ona bağlı bir nümayəndə yaratmalıdır ki, bu proseslərə nəzarət edilsin. Məsələn, məktəblərə “məktəblinin dostu” deyilən nümayəndələr qoyulub. Bu çox yaxşı haldır. İstər şagird, valideyn, müəllim, məktəb direktoru “məktəblinin dostu”nu görəndə özünü “yığışdırır”. Çünki bilir ki, hansısa neqativ halla bağlı Təhsil Nazirliyinə məlumat gedəcək.

Bağçalarda, uşaq evlərində, hətta məktəbəqədər hazırlıq sistemi olan yerlədə də bu cür nümayəndə olsaydı, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ləğv olunmazdı. Yəni hər problemin səbəbini nazirliyin və yaxud bu quruma rəhbərlik edən şəxslərin işinin layiqincə görmədiyi qənaətindəyəm".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR