İnsanlara hürriyət, millətlərə istiqlal!

Universitetlərin akkreditasiyası - formal təsdiqləmə, yoxsa...

Bu akkreditasiya hansı prinsiplər əsasında aparılır, təhlillər nə qədər obyektiv hesab olunur?

Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurası Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Lənkəran Dövlət Universitetinə növbəti 5 il müddətinə akkreditasiya olunması barədə qərar verib. Bakı Dövlət Universitetinin Qazax filialı və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının institusional akkreditasiya nəticələri isə “uyğun deyildir” hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 ilədək uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb. 

Bu akkreditasiya əsasən hansı prinsiplər əsasında aparılır, təhlillər nə qədər obyektiv hesab olunur?  5 ildən bir keçirilən formal proseduradır, yoxsa hansısısa real nəticələri var? Xüsusilə filiallarla bağlı cəmiyyətdə heç vaxt təhsilin səviyyəsinə görə birmənalı rəy yoxdur, çoxları hətta rüşvət mənbəyi hesab edirlər.

Bu cür ciddi təhsil problemi tamamilə kölgədə qalıb-Elmin Nuri

Elmin Nuri 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiyası 7 istiqamət, 30 meyar və 271 indikator üzrə aparılır: “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri Ülkər Səttarova da bir müddət öncə bununla bağlı edərək, akkreditasiya şərtlərini açıqlamışdı. Bu meyarların arasında  ali təhsil müəssisəsinin təlim-tədris prosesi, elmi tədqiqat fəaliyyəti, maddi-texniki bazasının hansı səviyyədə olması, idarəetmə, beynəlxalq əlaqələr kimi  və s. məsələlər yoxlanılır. Bizdə universitetlərin akkreditasiyasının vahid rəsmi qurum və peşəkar ekspertlər tərəfindən aparılması çox təqdirəlayiq haldır. Belə ki, dünya təcrübəsində bunun əksi olan məqamlar var. Xüsusən də Avropada ali təhsil müəssisələrinin keyfiyyət qiymətləndirilməsi və akkreditasiyası prinsipləri bu işlə məşğul olan özəl agentliklər tərəfindən aparılır.

Avropa ölkələrində ali təhsildə akkreditasiya prosesi sərbəst təşkilatlar tərəfindən həyata keçirilir və əsas etibarilə təhsil proqramının və ya təhsil müəssisəsinin onlar tərəfindən müəyyən edilmiş standarta uyğun olub-olmamasına cavab almaq məqsədilə aparılır. Bu zaman akkreditasiya təşkilatı tələbələrin, valideynlərin, əmək bazarının üzvlərinin, təhsil cəmiyyətinin və nəhayət, dövlətin maraqlarını və hüquqlarını qoruyur. Ona görə də akkreditasiya agentlikləri Avropada, o cümlədən Almaniyada sərbəst təşkilat olsalar da, bu təşkilatların, agentliklərin fəaliyyətinə lisenziya verilməsi, onların fəaliyyətinə nəzarət dövlətin, yəni Elm və Təhsil Nazirliyinin səlahiyyətində qalır. Həmin agentliklərin fəaliyyəti üçün standartları Elm və Təhsil Nazirliyi müəyyən edir. Avropada akkreditasiya prosesi zamanı əsas rolu Avropa Universitetlər Assosiasiyası, Ali Məktəblərdə Keyfiyyətin təminatı üzrə Avropa Şəbəkəsi, Avropa Komissiyası, Avropa Milli Tələbə İttifaqı və s. kimi təşkilatlar oynayır".

Tədqiqatçı hesab edir ki, təhsil islahatlarının başlanğıcında olduğumuz üçün bizdə hələlik bu işlə məşğul olan özəl agentliklər, təsisatlar yoxdur: “Açığı, şəffaflıq rakursundan olmaması daha məsləhətdir. Təsəvvür edin, ABŞ kimi nəhəng təhsil ölkəsində bu iş yalnız dövlət qurumu tərəfindən həyata keçirilir. Azərbaycanda universitetlərin akkreditasiyası prosesi 5 ildən bir keçirilir. Amma çağdaş dünyanın təhsil tələbləri elə sürətlə dəyişir ki, akkreditasiyadan keçmiş universitetin gələcək 5 ilə nə dərəcədə hazırlıqlı olduğunu demək mümkün deyil. Ona görə də TKTA tərəfindən tələb edilən prinsip və meyarlarda universitetdən qarşıdakı 5 il üçün strateji plan istənilməli  və o dünya təhsilinin gələcək inkişafı paradiqmasından dəyərləndirilməlidir.  Amma  belə görünür ki, bu prinsip  tələb olunmur. Çünki universitetlərimiz demək olar ki, gələcək üçün strateji  plan, inkişaf xarakterli yol xəritəsi hazırlamırlar. Amma demək olar, hamısı akkreditasiyadan da keçmiş hesab edilirlər”.

Elmin Nuri əlavə edib ki, universitet-əmək bazarı ikilisi yoxlamalar zamanı incələnməlidir: “Doğrudanmı, universitetlərimizdə bütün ixtisaslar üzrə hazırlanan kadrlar sonradan əmək bazarında öz yerini tapa bilir? Axı bu istiqamətdə problemlər çoxdur. Bu gün bir çox universitetlərdə xeyli ixtisaslar var ki, onlar çağdaş əmək bazarı üçün ümumiyyətlə maraqlı deyillər. Bu kimi ixtisaslar tədrisdən çıxarılmalı, yerinə çağdaş dünyanın əmək bazarında güclənməkdə olan yeni ixtisaslar gətirilməlidir. Akkreditasiya zamanı belə meyarlara mütləq diqqət yetirilməlidir”.

Kamran Əsədov məhkəməyə verilir -

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. Ekspert dedi ki, hazırda ölkədə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrdə ümumilikdə 187 min tələbə təhsil alır: “Bu gün Azərbaycan universitetləri müasir dövrün tələblərinə və əmək bazarının çağırışlarına cavab verən kadr hazırlığı həyata keçirə bilmir. Həyata keçirilən akkreditasiyanı yarımçıq hesab edirəm. Hazırda mövcud akkreditasiya yalnız kağız üzərində müəyyən meyarları yoxlamaq üçündür. Biz heç bir universitetdə gələcəklə bağlı universitet tərəfindən qəbul edilmiş strateji planı görə bilmirik. TKTA gəlib universitetlərin maddi-texniki bazasını ümumi halda yoxlayıb gedir. Hətta bu qurumun əməkdaşlarının özünün bu sahədə təcrübəsi yetərli deyil. Ölkəmizdəki universitetlərin heç bir universitet "Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar"a (ESG) uyğun deyil. Universitetlərin məzunlarının əmək bazarında iş tapma imkanları çox aşağıdır. Elektron kitabxanalar demək olar ki, yoxdur. Bütün bunlara rəğmən TİKTA necə bu universitetləri akkreditasiyadan keçmiş kimi qəbul edir?

Tələbələrə yüksək təhsil verildiyi zaman təhsil haqqı məbləğinin yüksək olmasından söhbət gedə bilər. Əks halda, verilən təhsillə universitet tərəfindən alınan ödəniş üst-üstə düşmür. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi, ADA, Xəzər Universiteti kimi universitetlər istisna olmaqla, digər ali təhsil müəssisələrində tədrisin keyfiyyəti elədə yüksək deyil. Bu səbəblə də təhsil haqqının yüksək  olmasını doğru hesab etmirəm. Bildiyimiz kimi, hazırda ölkəmizdə 146 min ödənişli əsaslarla təhsil alan tələbə var. Onların 98 430 bakalavr, 12 050 magistratura, 35 892 nəfər isə subbakalavr pilləsi üzrə təhsil alır. Bu tələbələrin böyük əksəriyyəti təhsil haqqını ödəməkdə çətinlik çəkir. Bu zaman təbii ki, tələbələr təhsil kredit fonduna müraciət edirlər. Amma bəzən elə hallar da olur ki, tələbələr təhsil haqqını ödəyə bilməyib universiteti yarımçıq saxlayırlar".

Ekspert əlavə edib ki, təhsil haqqı, universitetin yataqxanası, laboratoriyası, kitabxanası və verdiyi təhsil keyfiyyəti diqqətə alınaraq formalaşmalıdır: “Sözügedən amillərin istənilən səviyyədə olmadığı halda, təhsil haqlarının ildən-ilə artması düzgün yanaşma deyil. Kifayət qədər nüfuzlu universitetlər var ki, onların təhsil haqları bizim ölkəmizdəki bəzi ali təhsil müəssisələrinin təhsil haqları ilə bərabərdir. Halbuki təhsil səviyyəsinə görə onları müqayisə etmək belə düzgün deyil. Biz xarici təcrübəyə baxsaq, Avropada olan universitetlərin təhsil haqlarının bizim bəzi universitetlərimizdən dəfələrlə aşağı olduğunu müşahidə edərik. Hollanda, Belçika, Fransa, İtaliya kimi ölkələrdə təhsil haqqı vətəndaşların sosial vəziyyətinə uyğun müəyyənləşdirilir. Həmin universitetlər dünya sıralamasında ilk əllilikdə yerləşir.  Bu da öz növbəsində təhsilin keyfiyyətinin yüksək olmasının göstəricisidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR