Onlayn ictimai-siyasi qəzet
24 fevral 2022-ci ildə Rusiya Ukraynaya hücum etdi. Ondan bir neçə gün əvvəl isə Moskva qondarma Donetsk və Luqansk “xalq respublikaları”nı müstəqil dövlət kimi tanımışdı. Ukraynanın şərqində hərbi əməliyyat başlandı, paytaxt Kiyev də daxil olmaqla, ölkənin müxtəlif yerlərinə raket zərbələri endirildi. Bütün dünya, eləcə də Rusiya əmin idi ki, uzağı 1 həftəyə Ukrayna təslim olacaq. Rəsmi Moskva Kiyevdə özünə sadiq kadrları iqtidara gətirəcək və bununla da Ukraynada keçirilən “xüsusi əməliyyat” başa çatacaq.
Ancaq belə olmadı. Ukrayna tərəfi heç kimin gözləmədiyi həddə Rusiyaya qarşı dirəniş göstərdi. Qərb bundan istifadə edərək Ukrayna üzərindən Rusiyaya qarşı proksi müharibə aparmağa qərar verdi. ABŞ-ın diktəsi ilə Avropa İttifaqı (Aİ), bütövlükdə Qərb Ukraynaya hərbi, siyasi və maliyyə dəstəyi vermək üçün bir araya gəldi.
2023-cü ilin oktyabrın 7-də HƏMAS-İsrail müharibəsi başlayana kimi Ukrayna Qərbin diqqət mərkəzində idi. Yaxın Şərqdə yaşanan dramatik olaylar gözlənilmədən Qərbin birliyini parçaladı. ABŞ Ukraynanı arxa plana keçirib yarandığı gündən arxa-dayaq durduğu İsrailə yardım göstərmək üçün qollarını çırmalayıb işə başladı. Yəni İsrail problemi Amerika üçün prioritetə çevrildi. Avropa İttifaqı İsrailə qahmar çıxsa da, Ukrayna cəbhəsinə üstünlük verdi. Reallıq belədir ki, Yaxın Şərq Aİ-dən xeyli uzaqdır, Ukraynadan gələn barıt iyini isə Avropa bütün varlığı ilə hiss edir...
Təbii ki, Qərb cəbhəsinin parçalanmasından ən çox qazanan Rusiya oldu. Bu olay Moskvanın əl-qolunu açdı, müvafiq olaraq Ukrayna pərişan oldu. Çünki Qərb cəbhəsinin parçalanması Ukraynanın müqavimət imkanlarını zəiflətdi. Zəifləmə prosesi zamanla daha aydın görünəcək.
Bu yazıda ABŞ və Aİ-nin Ukrayna və İsrail məsələsindən dolayı atdığı bəzi addımlara diqqət edəcəyik. Aİ-nin əsas iqtisadi gücü Almaniyadır. Hə, Fransa da var. Ancaq Fransa Ukrayna məsələsində elə yox kimi bir şeydir. Bu məsələyə yazının sonunda bir daha aydınlıq gətirəcəm. Ona görə də Almaniyanın timsalında Aİ-nin Ukraynaya dəstəyinə daha çox diqqət edəcəyik...
Almaniyanın xarici işlər naziri Annalena Berbok Aİ-nin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında deyib ki, Almaniya “Ukraynaya maliyyə və hərbi dəstəyini artıracaq və genişləndirəcək”. “Bizim dəstəyimiz kütləvi şəkildə genişlənəcək, xüsusən gələn il üçün. Biz təkcə Ukraynaya dəstəyimizi davam etdirməyəcəyik. Biz onu genişləndirməyə və artırmağa davam edəcəyik”, - deyə o bildirib.
Almaniyanın xanım naziri ölkəsinin Ukrayna ilə bağlı layihələrini şərh etməklə kifayətlənməyib. O, Avropa liderlərini Ukraynaya yardımı davam etdirməyə çağırıb və bildirib ki, Avropa “geosiyasi çağırışlarla” üzləşib və bu çağırışa adekvat cavab verməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsinin ciddiliyinə baxmayaraq, coğrafi faktoru nəzərə alsaq, Ukrayna Aİ-nin diqqət mərkəzində olmalıdır.
Əslində, hərbi yardımın artırılması barədə daha əvvəl də Almaniya mətbuatı məlumat vermişdi. Almaniyanın nüfuzlu “Bild” nəşri xəbər vermişdi ki, Almaniyanın Kiyev üçün yardım paketi 2024-cü ildə iki dəfə artacaq. Söhbət Almaniyanın Ukraynaya 8 milyard avroluq silah və hərbi texnika ixracından gedir. Bu layihənin öncə Almaniya parlamentinin büdcə komitəsi tərəfindən təsdiqlənməsi lazımdır və bunun yaxın vaxtlarda baş tutacağı gözlənilir.
Almaniyanın Kil Dünya İqtisadiyyatı İnstitutunun bu yaxınlarda dərc etdiyi hesabata görə, Berlin Kiyevə ikinci ən böyük hərbi yardım tədarük edən ölkədir. Ümumilikdə, Almaniya müharibə başlayandan bəri Ukraynaya 18 milyard dollardan çox pul qoyub. Bu rəqəm hələ də ABŞ-ın xərclədiyi 45 milyarddan çox azdır, lakin Almaniya reallığını nəzərə alsaq, bu, Ukraynaya çox yüksək səviyyədə bağlılığı göstərir – bu, həm də Almaniyanın NATO-nun müharibə planlarına tabe olmasından xəbər verir.
Almaniya Rusiya-Ukrayna savaşından dolayı ciddi fəsadlarla üzləşib. Ölkə enerji böhranı içərisindədir, sənayedə istehsal, iqtisadi və sosial rifah ciddi şəkildə geriləyib. Rusiya qazından imtina olunub. Nüvə enerjisindən istifadə etməmək öhdəliyi götürən Almaniya öz təchizatı səviyyəsini sabit saxlamaqda çətinliklə üzləşib. Qışın gəlişi ilə yaxın aylarda vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Bu mövsümdə enerji xərclərinin əhəmiyyətli dərəcədə artacağı da qaçılmaz görünür.
Aİ-ni təmsil edən bəzi siyasətçilərin “Rusiya ilə müharibə vəziyyətindəyik” bəyanatı da aralığı qarışdırıb.
Bir neçə ay əvvəl alman briqada generalı Kristian Freydinq Berlinin Moskvaya qarşı uzunmüddətli müharibə ssenarisinə hazır olduğunu bildirdi: “Biz 2032-ci ilə qədər ukraynalı dostlarımıza göstərəcəyimiz hərbi yardıma görə parlamentimizin dəstəyini aldıq. Biz Almaniya olaraq Ukraynaya uzunmüddətli dəstək verməyə hazırıq. Zamanı müttəfiqimizə çevirməyi bacarmalıyıq, zamanın Vladimir Putinin müttəfiqinə çevrilməsinə imkan verməməliyik”.
“Zaman söhbəti” təsadüfən vurğulanmır. Bəzi Qərb analitikləri zamanın və proseslərin rəsmi Moskvanın xeyrinə işlədiyini deyir. Xüsusən HƏMAS-İsrail savaşından sonra bu fikirdə olanların sayı artıb. Ukrayna qoşunları son aylar uğursuz “əks-hücum”a cəhd edib. Geri qaytarılması mümkün olmayan itkilər verib. Üstəlik, İsrailin ABŞ-ın diqqət mərkəzində olması səbəbindən Almaniyanın Ukraynaya yardımının azaldılmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, rəsmi Kiyevə Qərbdən getdikcə daha az pul və silah çatacaq. Niyəsi də bəllidir. Amerikanın prioriteti prosesə fərqli nizam verməkdədir.
Şübhəsiz ki, bu tendensiya Ukrayna rəhbərliyi tərəfindən də müşahidə olunur. Ona görə də bəzi ekspertlər ehtimal edir ki, Ukrayna Rusiyanın şərtləri ilə sülh danışıqlarına getməyə məcbur olacaq. Əks təqdirdə yaxın gələcəkdə Ukraynanın məğlubiyyətə sürüklənəcəyi ehtimalı çox yüksəkdir.
Amerikanın əsas media orqanları açıq şəkildə yazır ki, iyul ayına qədər Vaşinqton Kiyevə böyük həcmdə hərbi yardım göndərə bilməyəcək. O da məlumdur ki, Pentaqonun işlərindən xəbərdar olan anonim mənbələr Amerika mediasına bu kimi xəbərlər sızdırır. Amerikanın Ukraynaya dəstəyinin getdikcə zəifləyəcəyi qaçılmazdır. Belə bir fonda Ukrayna silahlı qüvvələri tərəfindən “yaz əks-hücum”u adlanan əməliyyat zamanı effektiv nəticə əldə olunmasa, yayda cəbhə xəttində Ukraynanın vəziyyəti daha da pisləşəcək.
Əslində, Ukrayna Rusiyaya qarşı yalnız Qərbin köməyi sayəsində ayaqda qalıb. Daimi silah, pul və muzdlular olmasaydı, Kiyev çoxdan təslim olmağa məcbur olmuşdu. Amerika hərbi-sənaye kompleksi kütləvi silah istehsalı və ixracından nə qədər qazanc əldə etsə də, ABŞ-ın strateji maraqları artıq təhlükə altına düşə bilər. Amerika da elə Almaniya kimi öz daxilində ciddi maliyyə və sosial problemlərlə üzləşib.
“The New York Times” yazır ki, Konqres kritik iqtisadi stimullaşdırma tədbirləri həyata keçirmir, ancaq ABŞ Kiyevə qarşı görünməmiş səxavət nümayiş etdirib. Bu, inflyasiyanı görünməmiş həddə çatdırıb, yanacağın qiyməti rekord vurub və ərzaq mallarının qiymətlərinin əlçatmaz olmasına səbəb olub. Respublikaçı senator Rend Pol Ukraynaya əlavə dəstək verilməsini nəzərdə tutan qanun layihəsinə qarşı çıxanda belə demişdi:
“Biz ABŞ iqtisadiyyatını məhv etməklə Ukraynanı xilas edə bilmərik”.
Lakin ABŞ və NATO üçün bu, artıq strateji hesablama məsələsi deyil. Qərbin Ukraynanın sürətli məğlubiyyətinə yol verməsi isə dünyada çoxqütblü reallığa doğru geosiyasi keçid prosesini gücləndirəcək. O da birmənalıdır ki, Rusiyanın Ukrayna müharibəsindən qalib çıxması Moskvaya öz gücünü digər mümkün cəbhələrə yönəltmək imkanı verəcək. Bu isə keçmiş SSRİ məkanı üçün xüsusi ilə qətiyyən arzuolunmazdır...
NATO-nun ən böyük qorxularından biri dünyanın çoxqütblü olmasıdır. Amerikanın istəyi odur ki, onun iradəsi ilə idarə olunan birqütblü dünya yaransın. Bu yolda isə Rusiya və Çin ciddi maneədir. Ona görə də Rusiyanı digər qonşuları ilə də münaqişəyə çəkməyə çalışırlar. Fürsət düşən kimi Çinə də badalaq atırlar. Atlantik alyansı Avrasiya boyu yeni cəbhə xətlərinin yaradılmasını təşviq edir. Moldova ilə Dnestryanı, Gürcüstanla separatçı regionlar, Ermənistanla Azərbaycan arasında gərginlik getdikcə artır. Amma indiyədək bu, nəticəsiz qalıb və Rusiya ilə müharibədə yeni cinahlar yaranmayıb. Görünən odur ki, Vaşinqton üçün Moskvanı döyüşdə və tələfatda saxlamaq prioritet məsələdir, ona görə də nəhayət, yeni cinahlar meydana çıxana qədər Kiyevə yardım azaldılsa da, dayandırılmayacaq.
Biz son dərəcə mürəkkəb və ziddiyyətli bir dünyada yaşayırıq. Şübhəsiz ki, Rusiya da Amerikanın, bütövlükdə Qərbin onu hansı yollarla tələyə salmaq istədiyini yaxşı bilir. Ona görə də Rusiya yaxın qonşuları ilə hərbi münaqişədən göz-görəsi çəkinir. Hətta balaca Ermənistanın Rusiya və Putini aşağılayan bəyanatlarına da son dərəcə dözümlü yanaşır. Tarix dəfələrlə sübut edib ki, eyni vaxtda müxtəlif cəbhələrdə vuruşmaq son dərəcə təhlükəlidir. HƏMAS-İsrail savaşı gözümüzün qabağındadır. İran İsraili təhdid edir ki, gərəkərsə, İrana bağlı digər tərəflər də, məsələn, Livan və Suriya HƏMAS kimi İsrailə hücum edə bilərlər. Aydındır ki, İsrail üçün bu, böyük təhlükədir. Ona görə də İsrail hadisələrin bu istiqamətdə inkişafına yol verməməyə çalışır.
Oktyabrın 7-də HƏMAS-ın qəfil hücumundan sonra ABŞ liderləri İsraillə uzunmüddətli strateji və hərbi ittifaqı bir daha təsdiqlədilər - lakin siyasi fikir ayrılıqları yeni təhlükəsizlik yardım paketini təxirə saldı.
Prezident Bayden, Dəmir Qübbə də daxil olmaqla, hava və raketdən müdafiə sistemləri daxil olmaqla, İsrailə ən azı 14,3 milyard dollar əlavə yardım istədi. Xatırladım ki, yarandığı 1948-ci ildən indiyə kimi ABŞ İsrailə 130 milyard dollarlıq hərbi yardım göstərib. Obama administrasiyası dövründə əldə olunan razılaşmanın bir hissəsi olaraq İsrail hərbi və raketdən müdafiə sistemləri üçün hər il 3,8 milyard dollar alırdı. Məhz bu pulların hesabına İsrail Yaxın Şərqdə ən nəhəng və texnoloji cəhətdən ən öndə gedən ordu yaradıb. ABŞ İsraili Yaxın Şərqdə strateji hərbi müttəfiqi kim öz əli ilə özü yetişdirib. ABŞ-dan ən çox hərbi maliyyə yardımı alan ölkə də İsraildir. İsrailin silah idxalının 80%-dən çoxu 1950-2020-ci illər arasında ABŞ-dan gəlib. Amerika İsrailə həmçinin F-35 qırıcısı da daxil olmaqla, dünyanın ən qabaqcıl hərbi texnologiyasına çıxış imkanı verib. O da bəllidir ki, iki ölkə də bir-biri ilə kəşfiyyat məlumatlarını mütəmadi şəkildə bölüşür.
ABŞ bir neçə onilliklər ərzində İsrailin iqtisadiyyatını ciddi şəkildə dəstəkləyib və İsrailin əsas iqtisadi müttəfiqinə çevrilməsinə kömək edib. Bu iki ölkə arasında ticarət dövriyyəsinin həcmi hər il təxminən 50 milyard dollar olur. İki ölkə arasında güclü mədəni əlaqələr də var. İsraildən sonra ABŞ yəhudilərin ən çox yaşadığı ölkədir. Amerika əhalisinin təxminən 2 faizə yaxını yəhudidir. Saylarının az olmasına baxmayaraq, yəhudilər Amerikada bütün önəmli sahələrdə dominant mövqelərə sahibdirlər...
Son olaraq onu da deyim ki, ABŞ və Almaniyadan sonra Ukraynaya ən çox yardım edən ölkələr bunlardır: Polşa, Böyük Britaniya, Norveç, Yaponiya, Kanada, Çexiya Respublikası, Niderland, Fransa. Gördüyünüz kimi, Cənubi Qafqazda Ermənistanı silahlandırmaq üçün aşırı fəallıq göstərən Fransa Ukraynaya yardım edən ölkələr arasında 10-cu yerdədir. Yəni rəsmi Paris qəpik-quruş verməklə Ukraynanı başından edib. Fransa hətta balaca Çexiya qədər Avropa İttifaqına və NATO-ya sadiq deyil...
P.S. Bu yazı ABŞ mediasında gedən analitik məqalələrə istinadən hazırlanıb...
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ