İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynadan SOCAR əleyhinə nankor çağırışlar

Kiyev Rusiya qazının tranzitindən hələ də milyonlar qazandığı halda, Bakıya qarşı bu cür qınaqlar yersiz və absurd görünür

Bəzi ukraynalılar Azərbaycanın dövlət şirkəti olan SOCAR-ın yanacaqdoldurma məntəqələrini boykot çağırışı edirlər. Sosial şəbəkələrdə fəallar ukraynalıları Azərbaycanın Rusiya ilə əməkdaşlığına görə SOCAR yanacaqdoldurma məntəqələrindən istifadəni dayandırmağa çağırıblar.

“Səbəb” Rusiya Prezidenti Vladimir Putinin Bakıya rəsmi səfəri və SOCAR ilə “Qazprom” arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilməsidir. Ayna.az saytı sosial şəbəkələrdə Azərbaycan əleyhinə olan bir neçə sitat yazıb. 

“1+1 Production”ın keçmiş redaktoru, “Youtube”dakı “Svobodnıy” kanalının təsisçisi və aparıcısı Vladislav Sidorenko: “SOCAR bu xəyanəti xoşlayır. Mən SOCAR-ı boykot edirəm və Ukraynada bağlanmasına çağırıram”.

Ukraynanın 8-ci çağırış xalq deputatı İqor Lapin isə tamamilə nalayiq ifadələrə keçib: “Ukraynada yanacaqdoldurma məntəqələri şəbəkəsi olan Azərbaycanın SOCAR şirkəti də terrorun sponsorları siyahısına qoşulub”.

Ukraynalı yarış sürücüsü və teleaparıcı Aleksey Moçanov da kənarda qalmayıb: “Bu gün dövlətə məxsus olan Azərbaycan şirkəti adamyeyənlə ortaq biznesə girib, gəlir əldə edəndən sonra mən ürəkdən inanıram ki, bu kompleksə gələn hər bir ağlı başında olan ukraynalı mənim 180.000 izləyicim arasında olmayacaq. Real dostlarım SOCAR-ın boykot və qapadılma tərəfdarları olmalıdır. Başqa seçim yoxdur”. 

Minval.az saytı bildirir ki, Ukrayna Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayan Ermənistanla heç bir sahədə əməkdaşlığı dayandırmayıb. Üstəlik, Ukraynanın özü də bir sıra sahələrdə, o cümlədən qaz tranziti üzrə Rusiya ilə əməkdaşlığı dayandırmadığı halda, bu cür çağırışlar absurd səslənir. Kiyev Rusiya qazının tranzitindən hələ də milyonlar qazandığı halda  Bakıya qarşı bu cür qınaqlar yersiz və absurd görünür.

“Yaddaşları qısa olan ukraynalılara xatırlatmaq yerinə düşər: ”SOCAR Energy Ukraine" müharibə başlayandan bəri təcili yardım maşınları və Ukrayna Fövqəladə Hallar Xidməti üçün pulsuz olaraq 200 min litrdən çox yanacaq verib. Bundan əlavə, Azərbaycan dərman və ərzaq da daxil olmaqla 2 min tondan çox humanitar yardım göndərib. Azərbaycanın dəstəyinə Ukraynanın elektrik şəbəkəsinin bərpasına kömək edən 50 ehtiyat elektrik stansiyası və 45 güc transformatoru da aid olmaqla, xeyli miqdarda elektrik avadanlıqları da daxil idi. Azərbaycan tərəfindən göstərilən yardımın ümumi dəyəri 2023-cü ildə 7,6 milyon ABŞ dolları dəyərində elektrik avadanlıqlarının daha bir partiyası göndərilib.

Bundan əlavə, Azərbaycan Kaxovskaya Su Elektrik Stansiyasının bəndinin partlayışının nəticələrinin aradan qaldırılmasında fəal iştirak edib, texnogen fəlakətin nəticələrinin aradan qaldırılması üçün 20 ton yanacaq və avadanlıq verib. Ölkə ərazilərinin minalardan təmizlənməsi təşəbbüslərinə də qoşulub. Humanitar yardım çərçivəsində müharibədən əziyyət çəkən və ailə üzvlərini itirmiş 150-dən çox ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya üçün Azərbaycana gətirilib" deyə, saytın məqaləsində bildirilir.

Bu cür mövqe sərgiləyənlər Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və hazırda Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət edən azərbaycanlıları da “unudurlar”.

Qeyd olunur ki, İrpen şəhərində Zərifə Əliyevanın adını daşıyan dağıdılmış liseyin bərpası Azərbaycanın Ukraynaya verdiyi dəstəyin daha bir sübutudur. Bu cür dəstəyi nəzərə alaraq SOCAR-ı boykot etmək çağırışları əsassız görünür və Ukrayna vətəndaşlarını mühüm resurslara çıxışdan məhrum etməklə yalnız zərər verə bilər.

Vilnüsdə NATO sammitinin açılışında Böyük Britaniyanın müdafiə nazirinin Ukraynanın nankorluğundan şikayətlənməsi də yada salınır. Ukraynalıların indi də Azərbaycana qarşı  bu cür nankor mövqe sərgilməsinin səbəbi nədir?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov rəsmi Bakının Moskva ilə münasibətləri ən düzgün formada qurduğunu bildirdi: “Ukrayna Azərbaycana belə bir münasibət sərgiləməməlidir. Biz Rusiya ilə strateji müttəfiq olsaq da,  Ukraynanın ərazi bütövlüyünü  tanıyırıq. Biz Ukraynaya müharibə dövründə yardımlar etməkdən belə çəkinmədik. Lakin bütün bunlar o demək deyil ki, biz Rusiya ilə münasibətlərimizi Ukraynanın istədiyi və ya təsəvvür etdiyi bir formada qurmalıyıq. Biz Azərbaycanın Ukraynaya çevrilməsini istəmirik. Qərbin yardımlarına söykənib sonu görünməyən bu müharibədə Ukraynanın qazandığı və itirdiyi nələrdir? Ukrayna ərazisinin şərqində böyük torpaqlar itirdi, bu torpaqlarda irili-xırdalı yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan oldu, Ukrayna əhalisinin 1/3-i ölkədən qaçdı, yüz minlərlə Ukrayna vətəndaşı həyatını itirdi və ya əlil oldu və s. Bəs qazanılan nədir? Hələlik, heç nə!”

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov 

Deputat Azər Badamov Azərbaycan torpaqları işğal altında olduğu zaman Ukraynanın Ermənistanla münasibətləri daha da dərinləşdirdiyinə diqqət çəkdi: “Rusiya prezidentinin Azərbaycana səfər etməsindən sonra Ukraynada politoloqların, deputatların, ekspertlərin Azərbaycanın ünvanına səsləndirdiyi əsassız ittihamlar bu ölkə ilə münasibətlərimizə xələl gətirə bilər. Çünki Azərbaycan müstəqil siyasət yürüdür və qonşuları ilə, o cümlədən hansı ölkə ilə münasibətlərini formalaşdırmağı özü müəyyənləşdirir. Bu baxımdan Azərbaycan Ukraynanın yanında olduğu kimi qonşusu Rusiya ilə də münasibətlərini qoruyur.

Azərbaycanın torpaqları işğal olunanda Ukrayna Ermənistanla münasibətlərini dayandırmışdımı? Xeyr, əksinə Ermənistan-Ukrayna münasibətləri daha da dərinləşmişdi və birgə müəssisələr və iqtisadi inteqrasiya artan dinamika ilə inkişaf edirdi. Hətta deyə bilərik ki, Ukrayna Ermənistanla hərtərəfli əməkdaşlığını inkişaf etdirdi. Təbii ki, 1 milyon qaçqın və məcburi köçkünümüz olanda və hətta ərazilərimiz işğaldan azad ediləndən sonra da Ukrayna Azərbaycana 1 manat yardım göstərmədi və heç səslərini belə çıxartmadı. Azərbaycan isə əksinə Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən Ukraynaya müxtəlif sahələrdə dəstək göstərir.  Azərbaycan-Rusiya ilə münasibətlərini davam etdirdiyi kimi müharibədən əziyyət çəkən Ukraynanın da yanında olduğunu və ərazi bütövlüyünü dəstəklədiyini hər zaman açıq şəkildə bəyan edir. Ukraynada isə ekspertlər SOCAR-ın yanacaq doldurma məntəqələrini boykot etməyə, SOCAR-ın xidmətlərindən imtina etməyə  və ümumiyyətlə SOCAR-ı Ukraynadan çıxarmağa çağırış edirlər. Hətta SOCAR-ı terrorizmi maliyyələşdirənlərin arasına qoşmağı da heç utanmadan deyirlər. Amma Ukraynanın özü düşmən saydıqları Rusiya qazının öz ərazisindən tranzitini həyata keçirməklə milyonlar qazanır və digər sahələrdə əməkdaşlığını davam etdirir. Ukraynalı politoloqların Azərbaycanı və SOCAR-ı ittiham etməsi nankorluqdur. Onlara məsləhət bilərdim ki,  Azərbaycanı ittiham etməyə tələsməsinlər. Müharibə hələ başa çatmayıb və sonu da görünmür. Onların Azərbaycana ehtiyacları hələ uzun illər olacaqdır. Məhz SOCAR-ın Ukraynanın enerji resursları ilə təminatında xüsusi rolu var. SOCAR-ın fəaliyyəti Ukraynaya milyardlar qazandırır. SOCAR fəaliyyətini dayandırarsa, Ukraynanın qarşılaşacağı çətinliyini ekspertlər düşünmürlər. Çünki Qərbin milyardları gəldiyindən onları ukraynalıların halı düşündürmür. Bizdə bir atalar misalı var: “Çaya çatmamış şalvarın balağını qaldırmaq olmaz”. Onlar əvvəlcə Ukraynanı düşdüyü vəziyyətdən çıxartmaqla bağlı bir nəticəyə nail olsunlar, sonra da SOCAR və Azərbaycanı ittiham etsinlər".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR