İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna xalqının “qanlı pulu...”

Təəssüf ki, bu müharibəni Ukrayna uduzub, amma ABŞ-dan verilən xəbərlərə görə, Zelenski və məmurları yaxşıca qazanıblar, onu harada xərcləyəcəkləri isə hələ sualdır

İndi bütün günahları Zelenskinin üzərinə yıxmaqdan asan heç nə yoxdur. Konqresdə dəqiqələrlə ayaq üstə alqışlanan, şəkilləri tirajlı jurnal və qəzetlərin ön səhifələrini bəzəyən Ukrayna lideri həm də bu savaşın “qurbanlığı” kimi görünür...

Ukraynanın müharibədəki uğursuzluğu indi ikinci plana keçib. ABŞ-ın yanvarda hakimiyyət başına keçəcək yeni administrasiyası Ukrayna üçün ayrılmış pulların necə və hara xərcləndiyini ciddi araşdırmaq niyyətindədir.

2022-2024-cü illərdə ABŞ rəsmi məlumatlara görə, Ukraynaya 61,1 milyard dollarlıq hərbi yardım da daxil olmaqla, ümumilikdə 91 milyard dollardan çox yardım göstərib. Bura “Abrams” tankları, “Patriot” hava hücumundan müdafiə sistemləri, “Javelin” raket sistemləri, dronları və digər silah növləri də daxildir. Vaşinqton həmçinin Ukrayna iqtisadiyyatını sabitləşdirmək üçün Kiyevə 26,9 milyard dollar və daha 3,15 milyard dollar humanitar yardım ayırıb.

“Zelenskinin pullarını” Trampın təyin etdiyi yeni FTB direktoru Keş Patel “qurdalayır”. O deyib ki, ABŞ 2022-2024-cü illər arasında Ukraynaya ayırdığı pulun necə xərcləndiyini araşdıracaq. Hind əsilli amerikalı hüquqşünas və siyasətçi Patel federal prokuror kimi çalışıb, kəşfiyyat və hökumət orqanlarında qalmaqallı araşdırmaları ilə də tanınır.

Bu günlərdə isə Trampın oğlu Bayden və Hanterin Ukraynadakı korrupsiya sxeminin əks olunduğu qısa memo paylaşmışdı. Mənası belə idi ki, amerikalı vergi ödəyir, ABŞ prezidenti həmin vəsaitləri Ukraynaya verilir. Ukrayna isə o pulu Hanterə qaytarır. Hanter o pulu Baydenə verir. Bayden də Hanteri əfv edir.

preview_0ebd9409bb91500a2481d6d7d5603688.jpg (19 KB)

Bayden ailəsinin Ukraynadakı korrupsiya əməlləri təzə söhbət deyil. 2014-cü ildə Hanter Ukraynada karbohidrogen hasilatı ilə məşğul olan “Burisma” neft-qaz holdinqinin idarə heyətinin üzvü olandan bu korrupsiya haqda danışılır. O zaman Co Bayden ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışırdı. Amerika mediası Baydenlərin bu şirkət vasitəsilə milyonlarla dollar qazandığını yazırdı. İddia olunur ki, Tramp o vaxt (2019-cu ildə) Zelenskiyə zəng edib ki, Baydenlərin Ukraynadakı korrupsiyası ilə bağlı istintaq başlatsın. Ukrayna prezidenti isə bundan imtina edib. Baydenlər bir aya aradan çıxacaqlar, amma belə görünür, Zelenskinin yaxası hələ Trampın əlində qalacaq.

Düzdür, o da yazılır ki, milyard dollarları təkcə Ukraynada “yumayıblar”, amerikalı siyasətçilərə və məmurlara da ciddi pay düşüb. Üstəlik, bəzi hallarda pullar heç Ukraynaya gedib çıxmayıb, ya burada silah baronları(şirkətlər) ciblərinə qoyub, ya da dövlət qurumlarının hesablarına köçürülüb, guya onlar da ordu üçün lazım olan hər şeyi alıblar və sairə...

Yəni bu araşdırma dərinə getsə, ABŞ-da bütün laylar yerindən oynayar, siyasi sistemin naqislikləri ortaya çıxar. O səbəbdən gözlənilir ki, Tramp bu araşdırmadan Zelenskini ya sülh şərtlərinə, ya da təhlükəsizlik təminatı verərək istefaya razı salmaq üçün istifadə edəcək.

screen-shot-2022-07-01-at-30548-pm-768x731.jpg (432 KB)

Müstəqillik qazandıqdan sonra Ukrayna korrupsiyada daima “lider” ölkələrdən olub. Ukraynalı məmurlar sanki pulu bir ayrı “sevir”, yəni bu təkcə komfort yaşamaq istəyi deyil, nədirsə bir ayrı hərislikdir.

Belə irimiqyaslı müharibələrdə maliyyə maxinasiyaları həmişə olub. Rusiya prezidenti ən yaxın dostu Sergey Şoyqunu müdafiə naziri postundan uzaqlaşdırmasının və bir neçə generalın həbsinin də səbəbi məhz maliyyə yeyintiləri idi. Rusiya zabitləri Ukrayna palçığında batarkən bəlli oldu ki, Moskva generallarının bəziləri az qala tank qiymətinə avtomobillər, onlara “zerkalnı” dövlət nömrə nişanları alıblar, arvadlarını bahalı kurortlara göndəriblər. Putin rəhbərlik etdiyi rejimin nə mal olduğunu yaxşı bilir, amma müharibədə belə əməllərə göz yummaq da cinayətdir.

Zelenski isə müharibədən bəri azı iki müdafiə naziri, iki Ali Baş Komandan dəyişib. Yəni kim nə mənimsəyib, kim nə qədər oğurlayıb bunun hesabı ortaya gəlsə, kələfin ucunun tapmaq çətin olacaq. Zelenskiyə bu müharibə başlayandan korrupsiya ittihamları çox səslənib, həm də beynəlxalq səviyyədə. Amma bunlar araşdırılmayıb.

esas fotp.jpg (70 KB)

Son məlumatlara görə, ruslar Donbasın strateji əhəmiyyət kəsb edən dörd şəhərini Yeni ilədək tutmaq istəyir. Ukrayna Baş Qərargahı da bildirib ki, payız-qış səfərbərliyi, yəni ayda 20 min nəfər Ukrayna Silahlı Qüvvələrinin döyüş itkilərini ödəmir. Ruslar iddia edir ki, Ukrayna ordusunun itkiləri ayda 30 mindən çoxdur. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski də, Zelenski də etiraf edib ki, “Ukrayna ordusu lazımi gücə malik deyil”.

Tramp Bayden hökumətinin Rusiyanın dərinliklərini ABŞ raketi ilə vurmaq qərarını pisləyib. Bu da Zelenskiyə bir xəbərdarlıqdır.

Təəssüf ki, bu müharibəni Ukrayna uduzub, ən azı bu mərhələni. Amma xəbərlər və iddialar onu göstərir ki, Zelenski və məmurları yaxşıca qazanıblar, onu harada xərcləyəcəkləri də böyük sualdır. Ümumiyyətlə, xərcləyə biləcəklərmi? Axı həm də o pullar Ukrayna xalqının qanına batıb...

Nazim SABİROĞLU,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR