Onlayn ictimai-siyasi qəzet
Politoloq: “Zelenskinin beynəlxalq himayədarları olan ABŞ və Böyük Britaniya da Ukrayna müharibəsinin belə asanlıqla bitməsini istəmirdilər”
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin necə bitəcəyi dünya mediasının, özəlliklə hərbi analitiklərin əsas mövzularından biri olaraq qalır. O sırada hərbi jurnalist Yuri Kotenok Teleqram kanalında müharibənin gedişi ilə bağlı geniş material dərc edib.
Məqalədə belə bir hissə də var: “İndi bütün dünya Kiyevi ”1-ci raundun sonuna" getməyə inandırır. Amma bununla hər şey bitməyəcək. Kiyevə “Qarabağ nümunəsi” vəd olunur. Yəni zaman keçdikcə itirilən ərazilər qaytarılacaq, nəzərə alınmaqla ki, bununla (işğalla - red.) onlar (ukraynalılar - red.) heç vaxt barışmayacaqlar. Başqa sözlə, beynəlxalq sənədlər imzalansa belə, əraziləri geri qaytarmağa çalışacaqlar. Bəs 2-ci “raund” nə qədər sürəcək - bir həftə, yoxsa 10-20 il? Ya bəlkə nəvələrin üzərində qalacaq".
Göründüyü kimi, Azərbaycanın üzləşdiyi və on illər sonra aradan qaldırdığı erməni işğalına işarə vurulur. Rusiya-Ukrayna konflikti timsalında bu mümkünmü?
Bu arada Hindistan Baş naziri Narendra Modinin Rusiyadan sonra Ukraynaya da səfər etməyə hazırlaşması sülh ümidlərini artırıb. Belə ümidlərə nə dərəcədə əsas var? Modi tərəflər arasında atəşkəsə nail ola bilərmi?
Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib ki, ABŞ-dakı seçkilərin sonunadək (5 noyabr) Ukraynada atəşkəslə bağlı razılığın əldə olunacağı gözlənilmir.
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, əslində Ukraynaya Qarabağ variantında atəşkəs təklifi yeni ortaya çıxan ideya deyil: “Bundan əvvəl bir çox NATO generalları Kiyevə buna bənzər təkliflər veriblər. Düzdür, konkret Qarabağın adı çəkilməyib. Amma Ukraynanın ötən il həyata keçirdiyi əks-hücum əməliyyatı arzulanan nəticəni verməyincə, ona Koreya variantında atəşkəs təklifləri gəlməyə başladı. Bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov da öz müsahibələrində dilə gətirərək deyirdi: ”Bu gün bəzi fiqurlar gizli şəkildə çox ciddi işlər görürlər. Onlar bizə Şimali Koreya ilə Cənubi Koreya arasında olan 38-ci paralellə bağlı variantı təklif etməyə çalışacaqlar".
Danilov müsahibəsində öz fikirlərini gələcək zamanda baş verəcək hadisə kimi təqdim etsə də, əslində bu fikirlərin Kiyevə basqılardan doğan reaksiyalar olduğu aydın idi. Zira o, qeybdən xəbər verən kahin yox, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi idi və sözsüz ki, ciddi bir qurumun rəhbəri kimi təxminlərinə əsaslanaraq danışmır, əksinə, faktları ictimaiyyətə çatdırmağa çalışırdı. Və xaricdən gələn bu təzyiqlərlə razılaşmayacaqlarına da eyham vuraraq bildirirdi: “Bu, heç vaxt baş verməyəcək”.
Ukraynanın bu israrçı mövqeyindən sonra Koreya variantında atəşkəs təklifləri daha açıq şəkillərdə gəlməyə başladı. İlk belə rəsmi təklif Çexiya Prezidenti Pyotr Paveldən gəldi. O, Çexiyanın “Rzeczpospolita” nəşrinə müsahibəsində Ukraynanın yaxın gələcəkdə itirilmiş ərazilərini geri qaytara biləcəyi ehtimalını “sadəlövh” adlandıraraq, Kiyevi “realist olmağa” çağırırdı. Pavel NATO-nun Ukraynada öz kontingentini yerləşdirə bilməyəcəyini bildirir və bunu Rusiya ilə Şimali Atlantika Alyansı arasında münaqişəyə səbəb olmaq ehtimalı ilə əlaqələndirirdi. Prezident seçilməmişdən əvvəl NATO-nun Baş Qərargah rəisi kimi mühüm vəzifə icra edən Pavelin fikrincə, Ukraynanın mənimsəyə biləcəyi ən uyğun strategiya ərazi güzəştləri sayəsində atəşkəsə getməklə sülhə nail olmaq və bundan sonra NATO-ya girmək idi. Bunun üçün isə ilk növbədə münaqişə dayandırılmalı və regionda sülh bərpa edilməlidir. NATO üzvü kimi silahlı qüvvələrini gücləndirən Ukrayna eynilə Cənubi Koreya kimi iqtisadi inkişaf mərhələsi keçə, Rusiya isə beynəlxalq sanksiyalar nəticəsində zəifləyə bilərdi. Məhz bundan sonra güclü Ukraynanın zəif Rusiya qarşısında qələbəsinə ümid etmək olardı. Di gəl ki, Pavelin bu təklifi birmənalı cavabı olmayan suallar doğururdu: Əvvəla, bu atəşkəs rejimi nə qədər sürəcəkdi? Axı 1953-cü ildən indiyədək keçən 70 ildən artıq zaman zərfində Cənubi Koreya öz hədəfinə çatmamışdır. Üstəlik, kim qarantiya verə bilərdi ki, Ukrayna hərbi cəhətdən gücləndikdən sonra üzvü olacağı NATO dövlətləri onun Rusiya ilə savaşı yenidən başlatmasına razılıq verəcəkdi. Nədən ki, Rusiya ilə savaşa yenidən başlamaq bütün Alyansı Moskvanın hədəfinə çevirə və beləcə, iki nüvə gücünün hesablaşması yaşana bilərdi. NATO ölkələri belə bir perspektivlə üzləşmək istəyərdilərmi?"
Heydər Oğuzun fikrincə, Ukraynanın Koreya variantına isti baxmaması müharibənin gedişatına ciddi təsir göstərdi: “Fikrimcə, ABŞ Konqresinin 4 ay boyunca müxtəlif bəhanələrlə Ukraynaya hərbi yardımları dayandırmasının əsas səbəbi də bununla bağlı idi. ABŞ Ukraynanı Koreya variantında atəşkəsə razı sala bilmədiklərindən silah yardımlarını dayandırmaqla onu yola gətirmək istəyirdilər. Məhz bu hadisədən sonra Ukraynanın siyasi hakimiyyəti ilə ordu generaliteti arasında da fikir müxtəlifliyi yarandı. Ölkənin ozamankı Baş komandanı Valeri Zalujnı ”The Economist" dərgisinə müsahibə verərək, döyüş meydanında tıxanma yarandığını etiraf etdi. Baş komandan onu da bildirdi ki, Ukrayna ordusu “radikal hərbi texnologiyalar tətbiq etməsə, həmin müdafiə xəttini fiziki cəhətdən qırmağa qadir deyil”. Zalujnı bu fikirlərlə sanki NATO ölkələrindən 5-ci nəsil silahlar istəyirdi. Lakin dərd burasındadır ki, Ukraynanın həmin 5-ci nəsil silahları idarə etmək üçün hərbi mütəxəssisləri də çatışmırdı. Bunun üçün hərbi mütəxəssislər yetişdirilməli və daha sonra həmin silahlar Ukraynaya verilməli idi. Bu da qısa zaman ərzində baş verə bilməzdi. Dolayısıyla Zalujnı da əslində NATO generllarının irəli sürdüyü tezisləri bir növ dəstəkləmiş kimi görünürdü. Zelenski isə Baş komandanın bu fikirlərini Ukrayna ordusunu ruhdan salmaq kimi qiymətləndirir və bir an öncə onu istefaya göndərməyə tələsirdi. Ardınca, ABŞ və bəzi NATO ölkələrinin Zalujnını dəstəkləyib Zelenskini devirmək istəyir barədə şayiələr dolaşınca Ukrayna prezidenti son qərarını verdi. Zalujnı istefaya göndərildi və onun yerinə Aleksandr Sırski gətirildi. Bundan əvvəl isə Ukraynanın müdafiə naziri və bəzi yüksək rütbəli hərbçiləri də dəyişdirilmişdi".
Zelenskinin indiyədək Koreya variantlı sülh təklifi ilə razılaşmamasının bir neçə səbəbdən qaynaqlandığını düşünən həmsöhbətimiz sözügedən səbəbləri belə sıralandırdı:
“Əvvəla, müharibənin torpaq güzəştləri hesabına bitməsi və ya müvəqqəti dayandırılması Zelenskinin siyasi məhvi anlamına gəlirdi. Çünki o, hakimiyyətə gələndə Donbasın kiçik bir hissəsi və Krım işğal altında idi. İndi isə işğal əraziləri xeyli genişlənmiş və Krıma quru yolu açılmışdır. Sözsüz ki, bu nəticə Zelenskinin xalqa verəcəyi hesabatı da çətinləşdirmişdir.
İkincisi, müharibənin davamı ciddi korrupsiya mənbəyi idi. Hər halda, ABŞ və NATO ölkələri elə düşünürdülər. Təsadüfi deyil ki, Zelenski hökumətinin ilk müdafiə naziri vəzifəsini icra edən Aleksey Reznikovu korrupsiya iddialarına görə Rüstəm Ömərovla əvəzləmişdi. Reznikovun ardınca bir çox generalların vəzifəsindən uzaqlaşdırılması da bununla bağlıdır. Fikrimcə, ABŞ prezidentliyinə namizəd Donald Trampın bir müddət əvvəl “Zelenski hər dəfə ABŞ-a gələndə milyardlarla dollar aparır” kimi fikirləri də buna işarə idi.
Üçüncüsü, Zelenskinin beynəlxalq himayədarları olan ABŞ və Böyük Britaniya da Ukrayna müharibəsinin belə asanlıqla bitməsini istəmirdilər. Onlar sadəcə, Ukraynaya silahları müftə vermək istəmirdilər. Kiyevə borcla silah verib, sonra onu müxtəlif qaynaqlardan çıxarmaq istəyirdilər. Həmin qaynaqlardan biri Rusiyanın dondurulmuş bank hesabları, digəri isə Ukraynanın təbii sərvətləridir. ABŞ senatorlarından biri bunu açıq bəyan etmiş, “biz 14 trilyon sərvət üzərində oturan Ukraynanı Rusiyaya buraxmarıq”, - demişdi. Görünür, bu səbəbdən də Böyük Britaniyanın sabiq baş naziri Boris Conson hələ müharibənin ilk aylarında Türkiyənin təşəbbüsü ilə baş tutan sülh danışıqlarını pozmuş və Zelenskiyə “savaşı davam etdir, əks halda səni dəstəkləmərik” mesajını çatdırmışdı.
Dördüncüsü, Zelenski Ukrayna-Rusiya savaşının bu cür kilidlənəcəyinə inanmırdı. O, hesab edirdi ki, müharibəyə davam edərlərsə, NATO dövlətləri də axırda məcbur qalıb proseslərə qarışacaq və nəticədə Ukrayna öz tərəfdaşları ilə birlikdə qələbə qazanacaq".
O ki qaldı Hindistanın proseslərə daxil olmasının Ukrayna savaşına təsirinə, Heydər Oğuz bunu boş ümid hesab edir: “Bilirsiniz ki, ABŞ-da Trampın və Cümhuriyyətçilər partiyasının mühüm bir güc mərkəzi kimi ortaya çıxması ilə Ukrayna rəsmiləri də qəflət yuxusundan oyandılar. Gördülər ki, onların söykəndiyi dağlara hər an qar yağa bilər. Məhz bu səbəbdən də Ukraynanın Xarici İşlər naziri Çinə səfər etdi və Pekinlə danışıqlara başladı. Pekin isə Hindistanla təbii rəqibdir. Üstəlik, Tramp hakimiyyəti Çinə qarşı başladacağı qlobal savaşa Hindistanı da daxil etmək istəyir. Belə bir vəziyyətdə Ukrayna Çinlə Hindistan arasında seçim etməli, yalnız bir tərəfə çiynini söykəməyə çalışmalıdır. Əgər söhbət Rusiya ilə danışıqlarda hansısa uğur qazanmaqdan gedirsə, yenə də Çin Hindistandan daha şanslıdır. Məncə, Hindistan Baş nazirinin son zamanlar Rusiya və Ukrayna arasında var-gəl etməsi onun G-20 zirvəsində çox tələsib qlobalistlərin yanında yer almasından duyduğu üzüntü üzrxahlıq etmək istəməsindən qaynaqlanır. Bir növ, özünün günahını çıxarmağa çalışır. Çünki ötən il G-20 zirvəsində səbəbindən Hindistan həm Çinə, həm də Rusiyaya qarşı laqeyd yanaşmış və onların iradələrinə zidd olaraq Ədviyyat marşrutunun ərəb ölkələrindən keçərək İsrailə, ordan isə Yunanıstana və Avropaya çıxması layihəsinə imza atmışdı. Halbuki, Moskva bu marşrutun İran və Azərbaycandan keçərək Rusiyaya, Rusiyadan isə Avropaya açılmasını arzulayırdı. Eyni zamanda Çin də Ədviyyat dəhlizini özünün ”Bir Yol, Bir Kəmər" layihəsinə alternativ kimi görürdü. Məhz bu fərqli mövqelərin nəticəsində nə Rusiya, nə də Çin liderləri Hindistanda keçirilən G-20 zirvəsinə qatılmamışdı. Görünən budur ki, bütün dünya üzrə qlobalistlərin getdikcə qan itirdiyini anlayan Hindistan yenidən BRİCS-dəki köhnə dostlarının qucağına sığınmaq arzusundadır. Belə bir vəziyyətdə onun Ukraynada təsirli güc olacağı inandırıcı görünmür. Məncə, Narendra Modi sadəcə “mən də varam” deyə bilmək üçün Ukraynaya getməyə hazırlaşır".
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ