İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna sülh masasına oturdulur” iddiasına reaksiyalar

Orbanın səfərindən gözlənilən nəticələr; ekspertlər deyir ki...

Rusiya-Ukrayna müharibəsi bu il yekunlaşa bilər. Gələn açıqlamalar, təhlillər onu deməyə əsas verir ki, hazırda Ukraynanı sülh masasına oturtmaq üçün proses başlayıb. Belə ki, Ukraynada səfərdə olan Macarıstanın baş naziri Viktor Orban Prezident Vladimir Zelenskidən sülh danışıqları öncəsində atəşkəs variantını nəzərdən keçirməyi xahiş edib. Orban bu məsələnin danışıqları sürətləndirəcəyini ehtimal etdiyini bildirib.

Qeyd edək ki, Macarıstan iyulun 1-dən 6 ay müddətinə Avropa İttifaqı Şurasına sədrliyi Belçikadan təhvil alıb. Yəni Orban faktiki Aİ-nin elçisi kimi sülh variantı təklifi ilə Kiyevdədir. Bu arada Rusiya və Ukrayna prezidentləri - Putinlə Zelenskinin sülhlə bağlı pozitiv açıqlamaları da diqqət çəkir.

Bəs sülh hansı şərtlə baş tuta bilər? Hansı ərazilər qaytarılacaq, hansılar Rusiyada qalacaq? Udan kim olacaq?

fikret.jpeg (167 KB)

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadi və siyasi məsələlər üzrə ekspert Fikrət Yusifov hər keçən günün Kiyevin əleyhinə işlədiyini qeyd etdi: “Macarıstanın baş naziri 2012-ci ildən Ukraynada olmayıb və 12 ildən sonra bir neçə ildir müharibənin getdiyi ölkəyə səfərə gəlib. Macarıstanın baş naziri Kiyevə niyə gəldi və özü ilə hansı təkliflər gətirdi?

Viktor Orbanın səfəri zamanı Ukraynanın qərbində yaşayan etnik macarların müəyyən problemləri müzakirə mövzularından biri olsa da, əsas məsələ Ukrayna rəhbəri Zelenskini hərbi əməliyyatları dayandırıb, sülh danışıqlarına hazırlaşmağa inandırmaq idi. Lakin danışıqlar bitdikdən sonra Ukrayna  Prezidenti Aparatının rəhbərinin müavini İqor Jovkv bildirib ki, Macarıstan Ukraynaya atəşkəs təklif edən ilk ölkə deyil. Kiyevin isə sülhə nail olmaq üçün öz planları var. Bu planın əsasında sülh sammitləri dayanır. Artıq birinci sülh sammiti keçirilib və ikinci sammitə hazırlıq gedir.

Beləliklə, Ukrayna rəhbərliyi Rusiya ilə müharibədə sülh sammitləri keçirməklə uğur qazanmaq istəyir. Dünyanın 60-dan çox ölkəsinin təzyiqləri qarşısında 2 il 4 aydan çoxdur ki, öz yolundan dönmək istəməyən Rusiyanı sülh sammiti ilə qorxutmaq gülüncdür. Görünən budur ki, Ukrayna hakimiyyəti başını o qədər itirib ki, bu müharibədən necə qurtulmağın yollarını belə görə bilmir. Zelenskinin bu istiqamətdə atdığı bütün addımlar nəticəsiz qalır. Ukraynanın Qərbin dəstəyinə ümidləri hələ də sönməyib. Bax, bu nə vaxt baş versə, onda Ukrayna hökuməti real ola biləcək qərara imza atacaq - yəni danışıqlar masasına oturacaq. İndiki dönəmdə Rusiyaya kiminsə dur deməsi isə mümkün deyil. Bir sözlə, bu müharibənin durdurulmasının bir yolu var - bu müharibə Ukrayna Rusiyanın təklifləri ilə müharibəni dayandırmaq qərarına gəldikdən sonra yekunlaşacaq.

Ukrayna rəhbərliyi anlamalıdır ki, Qərb Rusiya ilə Ukrayna üzərindən müharibəni bir yerə qədər apara bilər. O yerdən uzağa isə heç vaxt getməyəcək. Bunu Ukrayna dövlətinin başında duranlar anlamalı və nə qədər gec deyil danışıqlar masasına oturmalıdılar..."

Əhəd Məmmədli evləndi - FOTO Pravda.az

Əhəd Məmmədli

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli indiki halda atəşkəsi mümkünsüz sayır: “Düşünmürəm ki, sülh müqaviləsi tezliklə bağlanacaq. Bu, indiki halda mümkün deyil. Çünki bunun səbəbləri çoxdur. Ukrayna ərazilərini hələlik qaytara bilməsə də, torpaqlarından imtina da edən deyil. Gec-tez atəşkəs elan olunacaq. Onsuz da hər müharibənin sonu atəşkəsdir. Əvvəlcədən proqnoz vermişdim ki ,Ukrayna ilə Rusiya arasında 1994-cü ildə Azərbaycanla Ermənistan arasında Bişkekdə bağlanan atəşkəs olacaq. Hər kəs olduğu yerdə qalacaq. Dünya Rusiyadan sözdə tələb edəcək ki, işğal etdiyi əraziləri tərk etsin, Ukraynanın ərazi bütövlüyünü tanıyacaq və s. Rusiya isə tutduğu əraziləri indidən özününkü hesab edir. Ruslar növbəti qondarma referendum keçirib işğal edilmiş əraziləri özlərinə birləşdirəcəklər. Ola bilsin ki, Qərb tərəfindən danışıqlar prosesində Ukraynanı hansısa ərazilərdən imtina etməyə çalışılacaq. Bunu deyəndə adamın ilk ağlına Krım gəlir. Amma gedişat elə yerə gətirib çıxarıb ki, Rusiya işğal etdiyi ərazilərin hamısını tələb edəcək ki, Ukrayna güzəştə getsin. Buna da ən azından indiki halda rəsmi Kiyev gedən deyil. Hesab edirəm ki, Zelenski bunu etməyəcək. Yuxarıda qeyd etdiyim kimi, uzaqbaşı atəşkəs olacaq. Atəşkəs də nə sülh, nə də müharibə anlamına gələcək. Tərəflər nəfəs almaq üçün vaxt alacaqlar. Sonrakı proseslərdə nələr baş verəcək, bunu artıq fikrimcə, post-Putin dövrü başlayanda daha aydın görə biləcəyik”.

Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, artıq Qərb başa düşür ki, Ukrayna cəbhəsində ruslara uduzub: “Bu savaşın ev sahibi məhz Rusiya sayılır. Çünki hələ savaşdan öncə bütün elementlər Rusiyanın xeyrinə idi. Qərb artıq Ukraynaya silah tədarük etməkdə çətinlik çəkir. Macarıstan və Almaniya başda olmaqla, bir sıra ölkələr Ukraynaya silah tədarük etməyə meyilli deyillər. Məhz bu ölkələr Rusiyanın təkidi və təhriki ilə Avropanı inandırmağa çalışır ki, Rusiya ilə müharibənin sonu olmayacaq. Ona görə də boyunlarını bükərək Kremlin diqtəsi ilə sülh masasına doğru istiqamət götürüblər. İndi Avropa İttifaqı və ABŞ Ukraynanı, Zelenski hakimiyyətini sülh sazişinə razı salmağa çalışırlar. Sülh şərtlərini də hazırda Ukrayna yox, Rusiya diqtə edir. Çünki həm hərb meydanında, həm də masada əli güclü olan tərəf məhz Kremldir. Kremlin şərti odur ki, qoşunlar hazırda dayandıqları ərazilərdə qalacaqlar. Əks halda, rus qoşunları Odessaya qədər irəliləyəcək. Ukrayna bu şərtlərlə razılaşmasa, ölkənin iki yerə bölünməsi də baş verəcək. Bu isə Avropanı kökündən sarsıda bilər. Kiyev Moskvanın istəklərini qarşılamasa, o zaman "xoxollar" arasında vətəndaş müharibəsi də qaçılmaz olacaq. Çünki rus kəşfiyyatı hər iki variant üçün geridə qalan iki il ərzində münbit şərait yarada bilib. Ukrayna xalqı da artıq nəticəsi olmayan savaşdan bezib. Əhalinin altıda biri qaçqın vəziyyətinə düşüb. Ölkə iqtisadiyyatı tamamilə dağılıb. Dövlət borcu pik həddə çatıb. Düşünürəm ki, indiki mərhələdə atəşkəs elan olunacaq. Ardınca sülh prosesi başlayacaq. Daha sonra Qərb və Kreml Ukrayna məsələsini dondurulmuş münaqişələr qovluğuna atacaq. Qərbin Ukrayna xalqına və dövlətinə vurduğu amansız zərbələr isə unutdurulacaq. Hazırkı prosesləri təhlil etdikdə bütün oxlar sadalanan istiqamətləri göstərir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR