İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna sindromu və Heydər Əliyevin tarixi seçimi

Hər bir ölkənin, o cümlədən Azərbaycanın daxili və xarici siyasəti var. Daxili və xarici siyasət arasında şərti də olsa, müəyyən bir sərhəd çəkilib. Ancaq çox vaxtı bu xətt itib-batır. Çünki hər iki xətt bir-birinə bağlıdır, bir-birinə təsir edir və bir-birini tamamlayır. Xaricdə baş verən hadisələr Azərbaycana, eləcə də Azərbaycanda yaşanan olaylar dünyaya təsir edir. Sadə bir misal: Azərbaycan-Ermənistan münaqişəsi Fransanı hərəkətə gətirdi. Nəticədə Azərbaycan dünənə qədər maliyyə dəstəyi verdiyi Fransaya qarşı addım atmağa məcbur oldu. Dünyanın o başındakı balaca Yeni Kaledoniyada aborigen kanak xalqı fransız müstəmləkəçilərinə qarşı milli-azadlıq mübarizəsinə qalxıb. Təsəvvür edirsizmi, etirazçılar əllərində tutduqları Azərbaycan bayrağı ilə adaya yeridilmiş fransız hərbi kontingentinin üzərinə şığıyır. O da sirr deyil ki, Yeni Kaledoniyanın Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi apardığı mübarizədə Azərbaycandan aldığı dəstəkdən son dərəcə məmnundur.

Bəli, xarici siyasət - ölkənin hüdudlarından kənarda və daxili siyasət isə bir ölkənin sərhədləri daxilində ölkənin maraqlarını önə çıxarır. Bir çox hallarda, bir-biri ilə əlaqəli milli və beynəlxalq problemlərin həlli üçün çoxsaylı dövlət idarələri arasında koordinasiyaya ciddi ehtiyac yaranır. Azərbaycanda bu koordinasiya kifayət qədər işlək şəkildədir...

Azərbaycanın yeritdiyi xarici siyasətə ölkənin daxilində müxalif olan qüvvələr var. Bizdə əsas müxalifət partiyaları qərbyönümlüdür. Onlar birmənalı şəkildə Azərbaycanın gələcəyini Qərbdə görürlər. Bu qüvvələr hakimiyyətə gəlsə, təxminən Nikol Paşinyan və ya Volodimir Zelenskinin yeritdiyi siyasəti həyata keçirəcək. Bu siyasətin real nəticəsi Ermənistan, Gürcüstan, Ukrayna və Moldovanın timsalında ortadadır...

Niyə bu məsələyə toxundum? Azərbaycanda da siyasətdən yazan ingilisdilli müəlliflər var. Onların sayı və sanbalı istənilən səviyyədə deyil. Ancaq bu sahədə ciddi inkişaf müşahidə olunur və bu, son dərəcə önəmli məsələdir. Məsələn, Avropa İttifaqına bağlı “moderndiplomacy.eu” saytında Vasif Hüseynov “Azerbaijan is a Bridge Between Various Power Centers” (Azərbaycan müxtəlif güc mərkəzləri arasında körpüdür) adlı məqalə ilə çıxış edib. Azərbaycanın yeritdiyi siyasətin mahiyyətini incələməyə çalışıb. Həmin məqalədə vurğulanan bir-iki önəmli məqamın üzərində dayanacağıq.

7jpg-1651785696.jpg (108 KB)

Müəllif qeyd edir ki, Heydər Əliyev Azərbaycanın xarici siyasətini “balanslaşdırılmış yanaşma” konsepsiyasına kökləyib. Ondan sonra iqtidara gələn İlham Əliyev də bu xətti inkişaf etdirib.

Vasif Hüseynov yazır: “ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri və dövlət katibi Henri Kissincer 2016-cı ildə Moskvada etdiyi çıxışda demişdi ki, Ukrayna “hər iki tərəfin forpostu kimi yox, Rusiya ilə Qərb arasında körpü rolunu oynamalıdır”. Yəni Ukrayna öz geosiyasi üstünlüklərindən istifadə etməklə iki geosiyasi qütb arasında balans yaratmalı və bu prosesdən öz xeyrinə faydalanmalıdır. Ancaq Ukrayna nümayişkaranə şəkildə Qərbin yanında yer aldı və Rusiyaya dirsək göstərdi. Nəticə göz qabağındadır. Düzdür, indi Ukraynada bir çoxu etiraf edir ki, Ukrayna vaxtında balanslaşdırılmış siyasət yeritsəydi hazırda yaşadığı fəlakətlərdən sığortalanmış olardı. Arqument kimi bir çox politoloq Azərbaycan nümunəsinə istinad edir. Kənardan da aydın görünür ki, Azərbaycan müxtəlif güc mərkəzləri arasında körpüdür. Güc mərkəzləri də insanlar kimidir, onların da körpüyə ehtiyacı var və Azərbaycan bu ehtiyacı ödəməkdən yararlanan ölkədir.

Bir şeyi də deyim: Bu, son dərəcə önəmli məqamdır-Azərbaycan tutaq ki, Ukrayna kimi Rusiyaya arxa çevirsəydi, heç bir halda işğal altında olan ərazilərini geri qaytara və erməni separatizminin kökünü kəsə bilməzdi. Bu isə Azərbaycan və bütövlükdə Türk Dünyası üçün həyati əhəmiyyət kəsb edən məsələ idi. O da faktdır ki, Azərbaycan işğal faktorunu aradan qaldırmaqla Türk Dünyasının inteqrasiyasına ciddi təkan verdi və bu qarşısıalınmaz prosesə çevrildi. Başqa sözlə desək, balaca bir ölkə dünya çapında gedən, dünyanın taleyini və gedişini dəyişən prosesə imza atdı...

Hazırda vəziyyət belədir ki, Azərbaycanın Qərbdə də ciddi dostları var, Rusiya və Çin kimi dünyanın siyasi mərkəzləri ilə də xoş münasibətlərə sahibik. Yalnız Hindistanla münasibətimizdə problem var. Bu problem isə Pakistan, Türkiyə və Ermənistandan qaynaqlanır. Belə ki, Azərbaycan xüsusi münasibətdə olduğu Pakistanın Kəşmir probleminə dəstək verir. Kəşmir məsələsi isə Hindistan üçün qırmızı xətdir. Türkiyə ilə də Pakistanın özəl ilişkiləri var. Bundan istifadə edən Ermənistan Hindistanla ciddi əlaqələr yaratdı. Halbuki dünənə qədər Hindistanda Ermənistanı dövlət kimi tanıyanları barmaqla saymaq olardı...
Azərbaycanın sadiq dostları arasında Böyük Britaniya və İsrail də var. Hər iki ölkə dünya nizamının tənzimlənməsində söz sahibidir. İsrailin balaca olmağına baxmayın, yeri gələndə ABŞ-ı da yəhudi lobbisi idarə edir...

26116083_2004886676203207_659764.jpg (369 KB)

Keçmiş Sovet ölkələrinin, xüsusən xristian ölkələrinin ən böyük problemi ondadır ki, onlar var gücləri ilə Avropa İttifaqına və NATO-ya can atırlar. Bu isə Rusiyanı hövsələdən çıxarır. Azərbaycan isə nə Avropa İttifaqının, nə də NATO-nun qapısını döymək fikrindədir. Ortada Türkiyə nümunəsi var. Avropa İttifaqı 40 ildir ki, NATO üzvü olan Türkiyəyə vəd verir. Aydındır ki, Azərbaycan da Aİ üçün məqbul ölkə sayılmır. Müsəlman, üstəlik türk dövlətləri getdikcə daha çox xristian fundamentalizminə və aşırı millətçiliyə yuvaralanan Aİ üçün arzu olunan müttəfiq deyil. Əlbəttə, bu, belə olmalı deyil. Ancaq Qərbin bəyan etdiyi dəyərlərlə əməl etdiyi dəyərlər arasında həmişə uçurum olub. İndi də var və bu tendensiya mənfiyə doğru inkişafdadır.

Real siyasətə üsütünlük verən Azərbaycan Aİ ilə birbaşa yox, Aİ üzvü olan ölkələrlə ikitərəfli münasibətlərin inkişafına daha çox diqqət edir. Avropa Birliyi 27 dövləti birləşdirən dövlətlərüstü və dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Azərbaycan 27 ölkədən 10-u ilə bağlanmış müqavilərə əsasən rəsmən strateji müttəfiqdir. Vasif Hüseynov bu müsələyə də toxunur. Həmin ölkələri belə sıralamaq olar: Rumıniya (2011), Xorvatiya (2013), İtaliya (2014), Macarıstan (2014), Çexiya (2015), Bolqarıstan (2015), Polşa (2017), Latviya (2017), Litva (2017) və Slovakiya (2024) ilə strateji tərəfdaşlığa başlayıb. Bu, Aİ üzvlərinin üçdə birindən çoxu deməkdir. Elə bu səbəbdən də Aİ-də Azərbaycanın əleyhinə qərarlar qəbul etmək o qədər də asan deyil...

Eyni xətti biz Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibətdə də görürük. Azərbaycan Rusiyanın dominant olduğu bu təşkilatların üzvü deyil. Ancaq bu təşkilatlarda təmsil olunan (Ermənistan xaric) ölkələrdə sıx münasibətləri var. Ermənistan isə hər iki təşkilatda yer alır. Ancaq bu təşkilatlarda belə Ermənistan özünü rahat hiss etmir. Məsələn, Nikol Paşinyan deyir ki, 44 günlük müharibə zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2 üzvü-Belarus və Rusiya Azərbaycana dəstək verib. Bu bəyanata görə Rusiya İrəvandakı səfirini geri çağırıb...
44 günlük müharibədə Rusiya Azərbaycanın müttəfiqi olubmu? Hə, Rusiya əvvəlki səviyyədə Ermənistana dəstək verməyib. Bu, faktdır. Ancaq 44 günlük müharibə zamanı da Rusiya İran üzərindən Ermənistana silah daşıyırdı...

1682930641.jpg (207 KB)

Başqa bir məqam: KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Rusiyanın 44 günlük müharibədə tutduğu mövqeyi vurğuladıq. Yerdə qalan KTMT üzvləri həqiqətən də Azərbaycanın yanında olub. Azərbaycan KTMT üzvü olmasa da o təşkilatda KTMT üzvü olan Ermənistandan çox-çox hörmətli ölkə idi. Əslində Nikol Paşinyan deməliydi ki, 44 günlük müharibə zamanı KTMT bütövlükdə Azərbaycanın yanında yer alıb. O vaxt Ermənistanın yardım çağırışına məhəl qoymamaq Azərbaycan üçün ən böyük dəstək idi. Biz Avrasiya İqtisadi Birliyi məsələsində də eyni mənzərəni görə bilərik. Yəni Avrasiya İqtisadi Birliyində Ermənistanın varlığı yoxluğuna bərabərdir. Bu təşkilatdan kənarda olan Azərbaycana isə Avrasiya İqtisadi Birliyində xüsusi simpatiya var.

Azərbaycan unikal ölkədir. Həm Rusiya ilə xoş münasibətədir, həm də Qərblə dostuq. Türkiyə üzərindən Aİ-yə qaz və neft satırıq. Ən antaqonist tərəflərlə belə anlaşırıq. Məsələn, Ukraynaya humanitar dəstək veririk, özü də müharibənin ilk günündən etibarən. Eyni zamanda açıq şəkildə deyirik ki, Azərbaycan Ukraynaya silah vermək və ya satmaq fikrində deyil. Təbii ki, bu mövqe Rusiyanın ürəyincə deyil, ancaq rəsmi Moskva bu yanaşmanı həzm edir. Ən azı ona görə ki, Ermənistan Qərbin təkidi ilə bir vaxtlar Rusiyadan aldığı silahları Ukraynaya göndərir. Azərbaycan isə Rusiyaya qarşı belə gedişlər etmir. Aydındır ki, Qərb Azərbaycanın da Rusiyaya qarşı çıxması üçün rəsmi Bakıya təzyiq edir. Ancaq Azərbaycan bu təzyiqlərə zamanında tab gətirib, indi isə Azərbaycandan bunu tələb edən də yoxdur. Çünki yaxşı bilirlər ki, Azərbaycan son 30 ildə xarici siyasətdə “balanslaşdırılmış yanaşma” konsepsiyasına üstünlük verib. Heydər Əliyevin böyüklüyü elə ondadır ki, Azərbaycanı daha böyük təhlükələrdən qorumaq üçün belə bir xarici siyasəti bizlərə miras qoyub gedib...

Erməni lobbisinin at oynatdığı ABŞ-la da Azərbaycanın strateji münasibətləri var. Düzdür, zaman-zaman erməni lobbisi bu münasibətlərə pəl vurur, ancaq bu münasibətlər strateji önəmini qətiyyən itirmir. Xüsusən Pentaqon, Amerikanın hərbi elitası Azərbaycana dəstək verir. Çünki onlar Azərbaycanı Qafqazın açar ölkəsi kimi dəyərləndirilər.

d03b9fa2-12c0-3f45-a15d-0ce6a9db91e7_850.jpg (59 KB)

Yeri gəlmişkən, bugünlərdə İlham Əliyev "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır", dedi. Söz deməyə nə var ki? Önəmli olan odur ki, sənin dediyin söz ciddi qarşılansın. Məsələn, 44 günlük müharibədən öncə Azərbaycan prezidenti "Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır" deyə bilərdimi? Əlbəttə ki, yox. Desəydi də təsirli olmazdı...

Qafqaz balaca bir yerdir. Ancaq bəşəriyyətin sinir nöqtələrindən biri məhz bu əraziyə düşüb. Geosiyasi baxımdan Qafqaz xüsusi önəmə sahibdir. Azərbaycanın xarici siyasəti ona hesablanıb ki, Qafqazda və Türk Dünyasının inteqrasiyasında Azərbaycan xüsusi statusa malik olsun. Faktiki olaraq hazırda Azərbaycan bu statusa sahibdir. Əlbəttə, bununla iş bitmir. Biz mövqeyimizi daha da möhkəmləndirmək haqqında düşünməliyik. Hələ orası da var ki, illər ötdüksə dünyanın güc mərkəzləri arasında rəqabət daha da kəskinləşir. Belə bir ortamda Azərbaycan hansısa güc mərkəzinin yanında yer almamalıdır. Bu, həm də son dərəcə təhlükəlidir. əksinə, Azərbaycan çalışmalıdır ki, Türkiyənin öndərliyində bütün türk xalqlarının bir araya gəlməsini və vahid dövlətdə (konfederativ də ola bilər) birləşməsini təmin etsin. Yəni türkləri birləşdirən Turan dövləti özü dünyanın güc mərkəzlərindən birinə çevrilsin. Bu istiqamətdə görülən birgə işlər onu deməyə əsas verir ki, bu, real bir hədəfdir və biz mümkün qədər tez bu hədəfə varmalıyıq.

Hal-hazırda Azərbaycanın qarşısında duran ən böyük hədəfi “Turan qapısı” adlandırılan Zəngəzur dəhlizi ilə bağlıdır. Heç şübhəsiz ki, bu dəhlizin açılması Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq.

https://moderndiplomacy.eu/2024/05/24/azerbaijan-is-a-bridge-between-various-power-centers/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR