Onlayn ictimai-siyasi qəzet
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov iştirak etdiyi “1+1" telekanlının marafonunda Azərbaycana qarşı qərəzli mövqe ilə çıxış edib.
Danilov həmin verilişdə digər məsələlərlə yanaşı, çox həssas mövzunu - Avropa ölkələrinin enerji böhranı kontekstində Ukraynaya dəstəyi azaldıb-azaltmayacağı məsələsini şərh edib. O bildirib ki, Ukrayna Rusiya ilə müharibədə çox yüksək məbləğdə qiymətlər ödəyir və onlar müttəfiqlərinin dəstəyinə ümid edir: “Mən dəqiq bilirəm ki, Böyük Britaniya bunu etməyəcək, onlar və ABŞ xəyanət etməyəcək. Lakin ruslar bunu edə bilər: çünki onlar ermənilərə də belə xəyanət etdilər. Beləliklə də, Azərbaycan özünün hesab etdiyi ərazilərə daxil oldu. Görürsünüz, bu gün ruslar Suriyaya da xəyanət edib və orada müəyyən proseslər gedir. Mən həqiqətən istəmirəm Avropa bunu bizə etsin. Amma düşünmürəm ki, dünya bunu təkcə izləməklə qalacaq”.
Danilovun “Azərbaycan özünün hesab etdiyi ərazilərə daxil oldu” ifadəsi sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb. Buna sərt etiraz edilib. Bütün hallarda Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda bu cür riyakar açıqlama nə deməkdir? Necə yəni “Azərbaycan özünün hesab etdiyi ərazilərə daxil oldu”? Ukraynaya humanitar dəstək verən Azərbaycana qarşı bu cür qərəzli mövqe nədən qaynaqlanır?
İlham İsmayıl
Təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Ukraynada ayrı-ayrı məmurlar bəzən Azərbaycanla bağlı incik mövqe nümayiş etdirirlər: “Danilovun dedikləri bizim üçün əsas deyil. Bu, onun şəxsi mövqeyi ola bilər. Arsen Avakov və ya başqasının təsiri altına düşə bilər. Rəsmi Bakı ABŞ və Fransanın mövqeyinə sərt münasibət bildirirsə, Danilova da eyni qayda ilə cavab verməlidir, Azərbaycan-Ukrayna dostluğuna xələl gətirdiyi xüsusi vurğulanmalıdır. Biz ”Ukraynanın öz ərazisi hesab etdiyi Krım, Donbas" kimi ifadələr işlətmirik. Hər zaman Ukraynanın ərazi bütövlüyünə hörmət edirik. Bu cür ifadələr həm Azərbaycanın mövqeyinə, həm də Ukraynanın apardığı mübarizəyə kölgə salır. Buna mütləq cavab verilməlidir. XİN kəskin bəyanat verməlidir, çünki Ukrayna rəhbərliyinin apardığı siyasətlə Danilovun dedikləri bir-birinə uyğun gəlmir. Erməninin təsiri altına düşsə belə, dövlətin adından çıxış edən məsul şəxs kimi dediklərinə diqqət etməlidir".
Fəzail Ağamalı
Millət vəkili Fəzail Ağamalı mövzunu şərh edərkən qeyd etdi ki, belə fikirlər Azərbaycan-Ukrayna münasibətlərinə ziddir: “Rəsmi şəxsin bu cür çıxış etməsi xoşagəlməz vəziyyətin yaranmasına əsas verə bilər. Ukrayna bununla bağlı rəsmi mövqe bildirsə, yaxşı olar. Rusiya- Ukrayna müharibəsi başlanandan Azərbaycan Ukraynaya davamlı humanitar yardımlar edir. Eyni zamanda Ukraynanın ərazi bütövlüyü Azərbaycan tərəfindən hər zaman dəstəklənib. 44 günlük müharibədə Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdi... Danilov şübhəli bəyanatlar verərək erməni faşistlərinə haqq qazandırmaqla nə etməyə çalışır? Ermənistanın diqqətini cəlb etmək istəyir, ya Fransanın xoşuna gəlməyə çalışır? Bəlkə erməni lobbisinin dəstəyi ilə məsul vəzifə daşıyır? Dost Ukrayna dövlətindən Danilovun bu fikirlərinə reaksiya verməsini gözləyirik. Digər tərəfdən, Danilov rəsmi mövqe sahibi olsa da, əsas söz sahibi deyil. Ukrayna və Azərbaycan xalqları arasında dərin əlaqələr var. Biz hər zaman dost xalq olmuşuq. Ayrı-ayrı qüvvələrin avantüralarında yer alan ”Danilovlar" da gəldi-gedərdi. Düşünürəm ki, onun fikirləri münasibətlərə xələl gətirməyəcək".
Millət vəkili xatırlatdı ki, Ermənistanın Ukraynanın yanında olduğuna dair fakta heç zaman rast gəlinməyib: “Müharibə dövründə Ermənistan Ukraynaya dəstək olmayıb. Əksinə, ermənilərin rus əsgərləri ilə bərabər müharibədə iştirak etdikləri ilə bağlı faktlar var idi. Buna baxmayaraq, ermənilərə dəstək göstərilməsi kifayət qədər sual doğurur. Hesab edirəm ki, buna həm də Ukrayna xalqı cavab verməlidir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ