İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna müharibəsinin 9 ayı: Putinin sülh çağırışları rədd edilir - ərazilər azad edilməyincə...

Qərb hesab edir ki, Rusiyaya Ukrayna ərazilərini güc yolu ilə ələ keçirib, sonra sülh şərtlərini diktə etməyə imkan vermək olmaz - bəs qızıl ortanı tapa biləcəklərmi?

Rusiya-Ukrayna müharibəsi özünün ən mürəkkəb fazasına qədəm qoyub. Artıq 9 ayı tamam olan savaşda tərəflərin hərb meydanında ciddi nailiyyətlərindən danışmaq mümkün deyil.

“Yeni Müsavat” yazır ki, indi ortada iki variant var: ya müharibə böyük miqyas alıb dəhşətli nəticələr verəcək, ya da sülh masasına əyləşməlidirlər. Rusiya Donbasın qismən ilhaqını de-fakto həyata keçirdikdən sonra bir qədər liberallaşmış kimi görünür. Və sülh danışıqlarına dair təkliflərə açıq olduğunu deyir. Avropa, kollektiv Qərb isə fərqli bir kontekstdən çıxış edir. Məsələn, Almaniya kansleri Olaf Şolts deyib ki, ölkə bundestaqında hamı bu fikirdədir ki, Rusiyaya sülh şərtlərini diktə etməyə icazə vermək olmaz. Almaniya kansleri bildirib ki, Ukrayna Prezidenti də münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyir: “Lakin biz Rusiyaya Ukrayna ərazilərini güc yolu ilə ələ keçirib, sonra sülh şərtlərini diktə etməyə imkan verə bilmərik, bu, sadəcə olaraq, mümkün deyil. Bundestaqda da eyni fikir var, bütün bunlar bizi birləşdirir”. Ancaq bəllidir ki, Rusiyanın şərtləri birmənalı olaraq “iqnor” edilərsə, onlar sülh masasına oturmazlar, yaxud nəticəyə nail olmaq mümkün olmaz. Rusiyanın çökməsini gözləmək isə uzun çəkər. Bəs bu prosesdə - sülh çağırışlarının fonunda tərəflər qızıl ortanı tapa biləcəklərmi? Əgər müharibənin bir sonu olmalıdırsa, tərəflər hansı şərtlər daxilində razılığa gələ bilər?

Volodin Avropa ölkələrinin böyük itkilərə məruz qalacağını açıqladı -  25.08.2022, Sputnik Azərbaycan

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə deyib ki, Ukrayna gələcəkdə tamhüquqlu dövlət kimi mövcud olmaq qabiliyyətini itirib və ABŞ-ın müstəmləkəsinə çevrilib. Spikerin fikrincə, Ukrayna NATO tərəfindən işğal olunub, Kiyevə sifarişlər Vaşinqtondan verilir, Ukrayna Silahlı Qüvvələri Pentaqon tərəfindən idarə olunur. Yeri gəlmişkən, ABŞ artıq Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemlərini təhvil verib. Bu barədə “Raytheon” istehsal şirkətinin direktoru Qreq Hayes məlumat verib. “Biz iki NASAMS sistemini bir neçə həftə əvvəl Ukraynaya verdik. Bu sistemlərin tezliklə Ukraynada istifadəsinə başlanılacaq”, - Hayes bildirib. NASAMS aşağı və orta hündürlükdə raketləri, təyyarələri və digər hava hədəflərini tutmaq üçün nəzərdə tutulmuş mobil zenit-raket sistemidir. Artıq savaşın 246-cı günüdür və Rusiya indiyə qədər 68 900 hərbçi, 2 628 ədəd tank, 5 351 ədəd zirehli döyüş maşını, 1686 ədəd artilleriya sistemi, 379 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 192 hava hücumundan müdafiə sistemi, 271 ədəd hərbi təyyarə, 248 ədəd helikopter, 4076 ədəd avtomobil texnikası, 1379 ədəd PUA, 350 qanadlı raket, 16 gəmi/qayıq, 149 xüsusi avadanlıq itirib. Bu barədə Ukrayna Baş Qərargahı bildirib.

Ukrayna ordusu Zaporojye istiqamətində böyük qruplaşma toplayıb. Zaporojye vilayətindəki separatçı qurumun nümayəndəsi Dmitri Roqov belə söyləyib. “İndi artilleriya döyüşləri gedir. Gözlədiyim kimi, Ukrayna ordusu öz qoşunlarını Xarkovdan təkcə Xersona deyil, həm də birbaşa Zaporojye istiqamətinə göndərib”, - Roqov bildirib. Göründüyü kimi, Ukrayna ilhaq edilən ərazilərə əks-hücumları gücləndirməkdədir. Faktiki, Rusiyanın anneksiyası baş tutmayıb. Xersonda 90-dan çox yaşayış məntəqəsi azad edilib, Donetskin yarısı Ukrayna ordusunun nəzarəti altındadır, Zaporojye şəhər olaraq da işğal edilə bilməyib. Ona görə Rusiya tələsik saxta referendumlar keçirdi və müharibənin tən ortasında olmayan qələbəni qeyd etməyə başladılar. İndi isə həmin ərazilər uğrunda döyüşlər davam etməkdədir. Üstəlik, Putin danışıqlara hazır olduğunu, Kiyevin imtina etdiyini bildirir. Müdafiə naziri Sergey Şoyqu da ABŞ, Britaniya və Türkiyə müdafiə nazirləri ilə zəngləşib, görünür, Rusiya dayanmağın yollarını axtarmaqdadır.

Eyni zamanda Ukraynadakı Rusiya işğal qoşunlarının komandanı Surovikin bildirib ki, Xersonla bağlı çətin qərarların qəbulu istisna deyil. Güman ki, şəhərdən və ümumilikdə sağ sahildən çəkiləcəklər. Bəlkə də general artıq belə bir təkliflə Putinə müraciət edib. Son qərarı təbii ki, Putin verəcək. Rus qoşunlarının Dneprin sağ sahilini tərk etməsi əslində hərbi-taktiki baxımdan doğru qərar olardı. Çünki oradakı 20-25 minlik qruplaşmanın durumu ümidsizdir. Logistikaları pozulub və təchizatlarında ciddi problemlər var. Ukrayna ordusunun davamlı basqıları nəticəsində hər gün ağır itkilər verirlər. Belə bir vəziyyətdə sağ qalan qüvvələri geri çəkib, Melitopol və Krım istiqamətlərinin müdafiəsini gücləndirmək daha məntiqli görünür.

Şahin Cəfərli: “Rusiya bu savaşın sonunda orta səviyyəli regional güc  səviyyəsinə enəcək”

Şahin Cəfərli

Siyasi təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, Putin rejimi eskalasiyanı mümkün olduğu qədər artırmaqla dünyanı qorxudub, siyasi nəticə əldə etmək istəyir. Onun fikrincə, məqsəd Ukrayna və ya Qərblə masaya oturub, Moskvanın tələblərinin ən azı bir qisminin yerinə yetirilməsi şərti ilə müharibənin dayandırılmasından ibarətdir: “Rusiyanın cəbhədə üzləşdiyi durumu bilirsiniz: tükəniblər və nəinki böyük hücum əməliyyatları keçirmək, hətta effektiv müdafiə olunmaq imkanlarını da itiriblər. Dneprin sağ sahilindəki qruplaşmanın ləğvi zaman məsələsidir. Zaporojye istiqamətindən başlanacaq Ukrayna hücumu isə müharibənin taleyini həll edə bilər. Rusiyanın səfərbərliyə alınan ehtiyat qüvvələrinin təlim və hazırlığının dekabr ayında yekunlaşacağı gözlənilir, lakin bunların cəbhədə radikal dönüş yaradacağı şübhə doğurur. Bu səbəblərdən indiki mərhələdə Putinin nəticə ala biləcəyi yeganə üsul "dəli adam" roluna girib, “məni çox sıxmayın, dünyanı yaxaram, nüvə də ataram” mesajını verməkdir. Çünki belə olanda Qərbdə bir çox çevrəni təsir altına alıb, onları “no var” çağırışı ilə hərəkətə keçməyə vadar etmək mümkün olur". Şərhçi deyir ki, Qərbdəki bu çevrələr səmimi olaraq müharibə (hələ üstəlik, nüvə müharibəsi) istəməyənlərdir: “Eyni zamanda ideoloji səbəblərdən Putin Rusiyası ilə yaxın olan, yaxud ona yaxınlıq hiss edən antisistem dairələridir. Siyasi, akademik, biznes, media çevrələrində Rusiyanın satın aldığı adamlar və ona simpatiya bəsləyən "faydalı idiotlar" və Rusiya agentura şəbəkəsidir. Gərginlik apogeyə çatanda, eləcə də Rusiya nüvə təhdidi ilə çıxış edib, bu çevrələrə pas atanda onlar “dərhal danışıqlara başlamaq lazımdır, yoxsa 3-cü dünya müharibəsi baş verəcək” straşilkası ilə ortaya çıxıb, bu yöndə ictimai rəy yaradır və müəyyən qədər haqlı da görünürlər. Merkel, Tramp kimi yaxın keçmişdəki Qərb liderlərinin son günlərdə etdikləri çağırışlar bu baxımdan təsadüfi deyil. Putinin raket terrorunun konkret səbəblərinə gəldikdə isə qeyd etməliyik ki, Krım körpüsü kimi mühüm siyasi simvola çevrilmiş nəhəng konstruksiyanın və Rusiyanın Ukraynanın cənubundakı işğal qruplaşmasının strateji logistikasının vurulması birbaşa Putinin xarizmasının çalın-çarpaz cızılması və onun bütün dünyanın gözü önündə alçaldılması deməkdir. Putin buna bütün dünyanın görəcəyi və danışacağı bir cavab vermək istədi. Digər tərəfdən, ciddi cavab tədbirləri tələb edən propaqandistlərin iştahına uyğun “yemək” təqdim etmək, onları razı salmaq, onlara müzakirə mövzusu vermək ehtiyacı da var. Putin rejimi özünün yaratdığı bu “frankenşteyn”in əsirinə çevrilib. Solovyovlar, skabeyevalar, simonyanlar və digərləri artıq dövlət siyasətinə ciddi təsir edəcək gücə çatıblar. Lakin raket terrorunun Rusiya üçün yalnız təbliğati effekti olacaq. Bu tip cinayətkar əmrlər və əməllər Ukrayna xalqının və ordusunun mübarizə əzmini daha da artıracaq, eyni zamanda müttəfiqlərin bu ölkəyə daha ciddi silah sistemləri göndərməsinə səbəb olacaq".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR