İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna masası” Kiyevsiz qurula bilər? – Putin yenə İstanbulun adını çəkdi

“Ukrayna münaqişəsi ilə bağlı danışıqların ilkin mərhələsində həll olunmalı əsas məsələlərdən biri, Ukraynanın müzakirə prosesinə cəlb olunacağı məqamın və mövzuların müəyyənləşdirilməsi olacaq”.

Bu barədə Vaşinqtondakı Kuinsi Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun aparıcı elmi işçisi və britaniyalı politoloq Foreign Policy-yə verdiyi müsahibədə bildirib.

Liven qeyd edib ki, danışıqlarda üç tərəf iştirak edir: “Ukrayna, Rusiya və ABŞ. Lakin müzakirələrin əvvəlində əsas diqqət ABŞ və Rusiya arasındakı qarşılıqlı əlaqəyə yönəlməlidir. Politoloq vurğulayıb ki, Ukrayna danışıqlarda özünün bütün maraqlarını ifadə edə bilməyəcək. “Ukraynaya təhlükəsizlik təminatlarının hansı formada və nə dərəcədə verilə biləcəyi məsələsi də ondan asılı deyil”, – deyə politoloq bildirib. Liven belə bir fikir ifadə edib ki, Ukraynanın danışıqların ilkin mərhələlərində iştirakı prosesi daha da çətinləşdirə bilər. Onun sözlərinə görə, qarşıdakı danışıqların mürəkkəbliyi nəzərə alınaraq, əgər Kiyev ilk mərhələdən aktiv iştirak etsə, münaqişənin həlli üzrə irəliləyiş əldə etmək son dərəcə çətin olacaq.  Bundan az əvvəl NYT jurnalistləri qeyd etmişdilər ki, Ukrayna ABŞ-dan təhlükəsizlik təminatları almayacaq.

Belə çıxır, ilkin mərhələdə Ukrayna masası Ukraynasız qurulacaq? 

Bu arada məlum olub ki, ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçi vəzifəsinə namizədi Keyt Kelloq yanvarda Kiyevə səfərindən sonra Moskvaya da səfər edə bilər. Bu barədə öz mənbələrinə istinadla Bloomberg məlumat yayıb.

Bildirilir ki, xüsusi nümayəndə gələn ay Kiyevə səfər etməyi planlaşdırır və yeni administrasiya üç ildir davam edən müharibəyə son qoymağa çalışdığı üçün dəvət olunarsa, Moskvada görüşlərə açıq olacaq.

Agentliyin qaynağı qeyd edib ki, Keyt Kelloq səfər zamanı London, Paris və Romaya da getməyi planlaşdırır. Onun sözlərinə görə, səfər konkret siyasi məqsədi həyata keçirmək üçün deyil, məlumat toplamaq məqsədi daşıyacaq. Bundan əvvəl Reuters xəbər vermişdi ki, Kelloq yanvarın əvvəlində Kiyevə, eləcə də bir sıra Avropa paytaxtlarına səfər edəcək. Qeyd olunub ki, Kelloqun Moskvaya səfər etmək planı yoxdur.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, Moskva ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Ukrayna istiqamətində hansı siyasəti aparacağını izləyəcək. “Gəlin, seçilmiş prezident Trampın inauqurasiyasını gözləyək. Görək bu yeni administrasiyanın siyasəti Rusiya istiqamətində, Ukrayna istiqamətində necə formalaşacaq. İndi müəyyən əlaqələr üçün cədvəllər və ya planlar haqqında danışmaq üçün heç bir səbəb yoxdur”, - Ryabkov vurğulayıb.

Öz növbəsində Vladimir Putin dekabrın 19-da ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Ukrayna ilə İstanbul razılaşmaları əsasında və mövcud vəziyyəti nəzərə alaraq danışıqlar aparmağa hazırdır. Onun sözlərinə görə, Zelenski seçkiyə getsə və legitimlik qazansa, Rusiya onunla da danışıqlara hazırdır. Putin onu da deyib ki, Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni lideri ilə imzalayacaq.

OGUZ.jpeg (277 KB)

Siyasi şərhçi Heydər Oğuz "Yeni Müsavat"a deyib ki, Ukraynanın iştirak etmədiyi masada Ukrayna məsələsinin müzakirə olunmasının heç bir nəticəsi olmayacaq:

“Çünki Trampın təklif etdiyi “sülh sazişi” hərbi-siyasi məsələdən çox, hüquqi-siyasi məsələdir. Yəni, burada söhbət Ukraynanın müəyyən ərazilərinin Rusiyaya verilməsi müqabilində sülh sazişi bağlamaqdan gedir. Bu isə təkcə Zelenskinin iradəsindən asılı deyil. Zelenskiyə zorla bu təklifi qəbul etdirsələr belə, əldə olunan razılıq Ukraynanın Ali Radasında çıxarılıb, parlament tərəfindən qəbul olunmalıdır. Ali Radada isə yekdil fikir yoxdur və böyük ehtimalla bu təklif parlamentin müzakirəsindən keçməyəcək. Ukrayna xalqının böyük hissəsi də güzəşt müqabilində sülh şərtləri ilə razılaşmaz və pusquda dayanmış müxalifətin müqaviməti nəticəsində ölkədə hərc-mərclik yaranar. Bu isə Ukraynanın parçalanmasına və gərginliyin vətəndaş müharibəsinə qədər varmasına yol aça bilər. Üstəlik, Avropa İttifaqının aparıcı dövlətləri də bununla razılaşmaz. Çünki faktiki olaraq kapitulyasiya aktını andıran bu sülh sazişi Rusiyanın digər Avropa ölkələri, əsasən də Baltikyanı dövlətləri və Rumıniya üzərində iddialarına yol açar. Polşa və Moldava da bu proseslərin qurbanına çevrilə bilər. Ona görə ki, Rusiya Ukrayna müharibəsində uğur qazanarsa, Kalininqrada torpaq bağlantısı eşqinə düşər və Suvalki dəhlizini ələ keçirməyə çalışar. Suvalki dəhlizi Polva və Litva sərhədlərindən keçir. O dəhlizin Rusiyanın əlinə keçməsi faktiki olaraq Baltikyanı ölkələrin digər NATO müttəfiqləri arasındakı bağlantının kəsilməsi deməkdir. Üst-üstə cəmi 5 milyona yaxın əhalisi olan Baltik üçlüyü – Litva, Latviya və Estoniyanı özünü müdafiə edəcək gücü yoxdur. Hətta onların hava sahəsini belə NATO müttəfiqlərinin hərbi təyyarələri qoruyur. Hərbi hissələrində əsgər sayları belə, bir neçə mini keçmir. Bu qədər qüdrətsiz vəziyyətdə olan Baltik üçlüyünün Rusiyanın təhdidləri qarşısında təslim olmaqdan başqa çarəsi yoxdur. Eyni sözləri Rumıniya və Moldava barəsində də demək mümkündür. Ukrayna və Rumıniya arasında sıxışan Moldavanın cəmi iki ölkə ilə quru sərhədi var. Onu rus işğalından istər-istəməz Ukrayna qoruyur.  Ukraynanın məğlubiyyəti Moldavanın da çöküşü deməkdir. Rumın xalqı da Rusiya ilə mübarizə aparacaq gücdə deyil və son seçkilərdə ruspərəst partiyanın ən çox səs toplaması onu göstərir ki, rumınlar da Rusiya ilə savaşdan xeyli çəkinirlər. Rusiyanın Qara dəniz regionunda güc qazanması rumınları tamamilə ruspərəst partiyalara yönəldə bilər. Bu isə NATO baxımından Rumıniyanın tamamilə əldən çıxması mənasına gəlir”.

Heydər Oğuz qeyd edib ki, son zamanlar Avropanın aparıcı dövlətlərində Ukraynanın müdafiəsi üçün 100 mindən çox əsgər toplamaq və onları Ukraynaya göndərmək haqqında müzakirələrin vüsət alması da bu xofdan qaynaqlanır:

“Fikrimcə, Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukraynaya hərbi yardımları dayandırsa, Avropanın 5 böyük dövləti –İngitərə, Fransa, Polşa, Almaniya və İtaliya bununla razılaşmayacaq və bəzi riskləri gözə alıb müharibəni davam etdirməyə çalışacaq. Bu isə Ukrayna qədər Rusiyanı da çəkindirir”.

Siyasi şərhçinin fikrincə, Putinin 19 Dekabr 2024 tarixində keçirdiyi ilin yekununa dair brifinqdə İsranbul razılaşmasından bəhs etməsi və bu şərtlər altında danışıqlar aparmağa hazır olduğunu vurğulaması da Kremlin bu qorxusundan qaynaqlanır:

“Sirr deyil ki, müharibənin ilk aylarında İstanbulda əldə olunan və sonradan ABŞ və Böyük Britaniya tərəfindən sabotaj edilən bu razılaşma Trampın “sülh” təklifindən daha çox Ukraynanın mənafeyinə xidmət edirdi. Məlumata görə, yarımçıq qalan İstanbul razılaşmasında Krım istisna olunmaqla Ukraynanın digər ərazilərinə muxtar hüquqlar verilmək şərti ilə geri qaytarılır, Krımın taleyi 20 ildən sonra keçirilməsi nəzərdə tutulan referendumun nəticələrinə bağlanırdı. Bundan əlavə, Ukrayna NATO-ya üzvlük arzusundan vaz keçməli və ordusunun sayını müəyyən çərçivədə tutmalı idi. Böyük Britaniyanın o zamankı Baş naziri Boris Consonun təşviqi ilə bu razılaşmadan imtina edən Ukraynaya indi ABŞ prezidenti D. Tramp faktiki olaraq kapituliyasiya aktını “sülh sazişi” kimi sırımağa çalışır. Təbii ki, heç bir dövlət bu “sövdələşməyə” razı olmaz. Görünür, Putin də bunu başa düşür və ABŞ-ın baş verməsi mümkün olmayan duaya amin dediyini anlayır. Sözsüz ki, bu təklif müharibənin bitirilməsinə yox, uzadılmasına xidmət edir və Putin də böyük ehtimalla Rusiya üçün içindən çıxılması çətin tələ hazırlandığını düşünür. Məhz bu səbəbdən də İstanbul razılaşmasının şərtləri ilə müharibənin bitirilməsi təklifini irəli sürür. Amma görünən budur ki, ABŞ dərin dövləti və Avropa ölkələri müharibənin sonlandırlmasında o qədər də maraqlı deyillər. Yəqin ki, ABŞ dərin dövləti və Pentaqon Ukrayna savşını Avropa ölkələrinin çiyninə yükləmək üçün Trampın məlum sülh sazişini irəli sürür. Bu isə Ukrayna savaşının hələ uzun çəkəcəyindən xəbər verir”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR