İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna İsrail, Zelenski Netanyahu deyil

Bizim 23 saat davam edən antiterror tədbirlərini az qala erməni qırğını kimi təqdim etməyə çalışanlar  Qəzzada 1 aydır dayanmayan bombardmana haqq qazandırırlar

İsrailin durmayacağı, durdulamayacağı bəlli idi. Bunu oktyabrın 7-də HƏMAS-ın xüsusi qəddarlıqla gerçəkləşən terror hücumuna dəstək verən güclər yaxşı bilirdi. HƏMAS-ın İsrail kimi “qoruma altında olan” dövlətin dünyadan dənə -dənə yığdıqları(repatriasiya) vətəndaşlarını uşaq, qadın, qoca demədən gülələyərsinsə, maşınlara basaraq girov aparırsansa, cavabında müharibə alacağı bəlli idi. İndi bəzi “kartlar” yavaş-yavaş açılır. Fələstin muxtariyyətinin lideri Mahmud Abbas  HƏMAS-dan təmizlənəndən sonra Qəzzanın onun nəzarətinə verilməsi haqda danışan kimi kortejinə silahlı basqın edildi. Təəccüblü heç nə yoxdur: 2006-cı ildə seçkidə Qəzzadakı fələstinlilər məhz HƏMAS-ın idarəçiliyinə razılıq vermişdilər, onlar da Mahmud Abbasın FAT hərəkatını devirərək bölgədə nəzarəti tam ələ keçirmişdilər. Fələstin muxtariyyəti  qulağının dibindəki bu həngaməyə ciddi qarışmır, heç Türkiyə qədər sərt mövqe də bildirmir. Demək, HƏMAS-ın məhvi Mahmud Abbasın planlarına daxildir. Amma heç kimi vəd verməyib ki, Qəzza tam nəzarətə alınanda, Mahmud Abbas orada öz hakimiyyətinə qura bilər. İsrailin ən azı yaxın planında belə niyyəti yoxdur. İsrail Qəzzanı yenidən işğalı altına alacaq, bunu hələ açıq dilə gətirmir.  ABŞ-ın “biz Qəzzanın işğalına qarşıyıq” bəyanatı  elə o deməkdir ki, İsrailin planlarını bilirlər, dünyanı buna hazırlayırlar.

HƏMAS-ı İsrailə hücuma şirnikləndirənlər sırasında heç şübhəsiz İran da vardı. İran səfirinin Bakıda İsrailin baş diplomatına “sızi Aralıq dənizində batıracağıq” hədəsi Tehranın təlimatı olmadan mümkün deyil. Amma gəlin görək, İranın birbaşa maliyyələşdirdiyi  “Hizbullah” lideri səfir kimi radikaldırmı və ya onlar da “İsraili Aralıq dənizində batırmaq” istəyirlərmi? Livanda mənzillənən “Hizbullah” İsraili hədələyir, amma bu, sadəcə, bir neçə raket zərbəsindən o yana getmir. Niyə Qəzzadakı qırğının qarşısını almaq üçün onlar  İsrailə qarşı ikinci cəbhəni açmırlar? Bu, çox qəliz sualdır, amma ümumi rəy belədir ki, HƏMAS-ın siyasi səhnədən getməsi “Hizbullah”ın işinə yarıyır.

Türkiyə liderinin niyə HƏMAS-ı müdafiə etdiyi haqda düşündüklərimi yazmıram, amma bunun səbəbi ərəb dünyasında Ərdoğana olan gözləntilərlə izah etmək sadəlövlük olardı. Türkiyə “superdövlətlər masası”na can atmaqda haqlıdır, Ərdoğanın “dünya 5-dən böyükdür” deməsinin bir sirri də bu masada olmaq haqqının elanıdır. Bu Türkiyənin əlbəttə ki. haqqıdır, bizə bundan ancaq fayda olar. Təəssüf ki, qardaş ölkənin heç azalmayan iqtisadi sıxıntıları indilikdə buna imkan vermir.  Türkiyənin rolunu da, Ərdoğanın ərəb dünyasındakı avtoritetini də, Ağ Ev də, necə deyərlər “qara ev” də qəbul edir, amma indilikdə bu möveyin nə axan qanı durduracağını, nə müharibədə qüvvələr nisbətini dəyişəcəyini də bilirlər. Ona görə hətta İsrail belə, Ərdoğanın ağır suçlamalarına(“İsrail terrorçu dövlətdir”) baxmayaraq, bunun üzərinə çox getmədi.          

Yaxın Şərq müharibəsində indi bir az kənara çəkilmiş kimi görünən Rusiyaya gəlincə, Kreml bu müharibəni anti-ABŞ prosesinə çevirməyə, Ukraynaya diqqəti azaltmağa müvəffəq olub. Avropadakı və ABŞ-dakı aksiyalarda əsas ittiham obyekti həm də Ağ Ev rəhbərliyidir.  Rusiyanın marağı bəllidir, Amerikanın başı yalnız o halda qarışa bilərdi ki, ya ölkəyə ciddi təhdid olardı, ya da İsraildə müharibə. İsrail Amerikadan çox uzaq olsa da, onları “iç-içə” dövlətdirlər. Qonşu deyil, məhz “iç-içə” dövlət. Ukraynaya dəstək əlbəttə davam edəcək.  Amma Ukrayna İsrail deyil, Zelenski yəhudi olsa da, Netanyahu heç deyil. O səbəbdən indi  Qərb mediası ABŞ və Avropa  liderlərinin Moskva ilə sülh danışıqları aparmaq üçün Kiyevə təzyiq göstərdiyini yazır. Ölkənin ikinci adamı olan Valeri Zalujnının “The Economist”ə “müharibənin dalana dirəndiyi” haqda dediklərindən sonra Qərb mediasında bu mövzuda müzakirələr artıb. Məsələn, NBC ABŞ və Avropa rəsmilərinin Ukrayna və Rusiya arasında sülh danışıqlarının mümkün nəticələrini müzakirə başladığı iddia edilən məqalə dərc edib. Nəşr iddia edir ki, danışıqlarda Ukraynanın nədən imtina etməli ola biləcəyi ilə bağlı bəzi məlumatlar var. Aydındır ki, söhbət Kiyevin dörd vilayətinin Rusiyanın nəzarətini  “tanıması”ndan gedir. Baxmayaraq ki, Rusiya onların heç birini hələ 100 faiz tutmayıb. Amma Ukraynanın məsələn, Zaporojye və  Donetskin digər şəhərlərini  döyüşsüz Kremlə təslim edəcəyini təsəvvür etmək də mümkün deyil. Bu gün tərəflərin mövqelərində çoxlu ziddiyyətlər var  və çətin ki, danışıqlar masasına otura bilsinlər. Xüsusilə Putinin hansı şərtlər altında danışıqlara hazır olduğu da  bəlli deyil. Yəni bu gün sülh müqaviləsi bağlamağa imkan verəcək çıxış yolu görünmür. Zelenski də hələ ki, reallıqları görməzdən gəlir. Ukraynanın Qərbin də çox ümid etdiyi yay hücumu uğursuz oldu,  amma buna görə kimsə cavab verməlidir. Zelenski  Ukraynada seçkilərin “vaxtı olmadığını” və bundan   yalnız Rusiyanın fayda güddüyünü söyləməsi  hakimiyyətdə artan təlatümlərə reaksiya kimi görünür. 

T.C.CUMHURBAŞKANLIĞI : “Gazze, sadece orada hayata tutunma mücadelesi  verenlerin değil, hepimizin meselesidir”

“Türkiyə “superdövlətlər masası”na can atmaqda haqlıdır, təəssüf ki, qardaş ölkənin heç azalmayan iqtisadi sıxıntıları indilikdə buna imkan vermir”

Qərbin Rusiyaya qarşı sanksiyaları isə yalnız ona gətirib çıxardı ki, neftin pulunu indi Avropa yox, Çin və Hindistan ödəyir. Rusiyanın 400 tankerdən ibarət qaçaq donanması təkcə sentyabrda neftdən 18 milyard dollar qazanıb. Bu səbəbdən müharibə edən ordunun  və gecə-gündüz işləyən müdafiə sənayesi işçilərinin maaşlarda problem yoxdur. 

Sanksiyalar səbəbindən yerli istehsalın daima canlanması  hesabına hətta Rusiya iqtisadiyyatı böyüyür. İşçi qüvvəsinin çatışmazlığı həm də maaşların artmasına gətirib çıxarır, Uzaq Şərqdə və işğal olunmuş ərazilərdə tikinti bumu var. Bütün bunların fonunda Ukrayna iqtisadiyyatı, hərbi sənayesi ağır durumdadır və Qərbin köməyi olmadan yaşaya bilməz. İsrailin müharibəsi uzanarsa, ABŞ Ukraynada “musiqi sifarişini” dayandıra bilər. Avropa indi fəallıq göstərir, yardımlar var, amma bu da sonsuza qədər davam edə bilməz.  

Bizim 23 saat davam edən antiterror tədbirlərini az qala erməni qırğını kimi təqdim etməyə çalışan ABŞ Qəzzada 1 aydır dayanmayan bombardmana az qala haqq qazandırır.  ABŞ milli təhlükəsizlik şurasının rəsmisi Con Kirbi son olaraq dedi ki,  İsrailin Qəzzada 10 min mülki şəxsi(onlardan 4 mindən çoxu uşaqlardır) öldürdüyünü təsdiqləyə bilmirlər.  Dünya belə qəddar və çoxüzlüdür, təəssüf ki, biz bunu gec anladıq, bu dövlətlərin ədalətinə inandıq. Qarabağda 30 ildir axan qanımız öz gücümüzə sonlandı, Qərbə qaytaracaq ədalət borcumuz yoxdur. Türkiyəyə vəfa borcumuz var, onu da zatən dünya durduqca unutmarıq.   

Qayıdıram bu qan-qadadan uzaq Azərbaycanımıza. Biz xalq olaraq çox üzüldük, çox üzdülər bizi.Biz bu ədalətsiz müharibəyə zorən cəlb edilmişdik, torpaqlarımızı zorla işğal etmişdilər. İndi uzaq  Qəzzada və Ukraynada işğal da var, işğala dirəniş də, qan da, ölən cocuqlar da. Biz onları yaxşı anlayırıq.  

        

Zəfər günü insanlarımızı son illər ilk dəfə bu qədər qayğısız, şən, ruhlu gördüm. Mən Bakını tanıya, tam duya bilmədim, amma əmin olun ki, adamlarını tanıyıram. Son illər ilk dəfə idi ki, bu şəhərdə hamının gözü gülürdü. Xüsusilə uşaqların...

Allah xalqımızı bir daha üzməsin.

Nazim SABİROĞLU,
Musavat.com  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR