Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Britaniyanın nüfuzlu “The Times” qəzeti ABŞ prezidenti Donald Trampın təklif etdiyi “ərazilərin mübadiləsi” konsepsiyasına əsaslanaraq, Rusiya və Ukrayna arasında müharibənin dayandırılması üçün dörd potensial sərhəd variantını təqdim edib.
Birinci variant — Mövcud döyüş xətti üzrə atəşkəs. Bu halda tərəflər hazırkı mövqelərdə qalır, Rusiya Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsini nəzarətdə saxlayır, Krım isə Kreml tərəfindən işğal olunmuş olaraq qalır.
İkinci variant — Bütün Donbasın (Donetsk və Luqansk vilayətləri) Rusiyaya keçməsi. Bu ssenariyə görə, Moskva hazırkı cəbhə xəttinə qədər əraziləri alır, Ukrayna isə Xerson və Zaporojyenin qalan hissəsini saxlayır.
Üçüncü variant — Rusiya Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin tam nəzarətini ələ keçirir. Bu halda Ukrayna yalnız Qara dəniz sahilində az miqdarda ərazi saxlayır.
Dördüncü variant — Ərazilərin mübadiləsi. Bu ssenariyə əsasən, Rusiya bütün Donbası əldə edir, Ukrayna isə bütün Xerson vilayətini geri qaytarır. “The Times” bu seçimin az ehtimal olunduğunu vurğulayır.
Qəzet əlavə edir ki, Kiyevin Sumı, Dnepropetrovsk və Xarkov vilayətlərinin, yaxud onların hissələrinin itirilməsi variantı hazırda müzakirə olunmur.
Ukrayna tərəfi isə bu ehtimalları qəti şəkildə rədd edir. Prezident Volodimir Zelenski dünən gənclərlə görüşdə açıq şəkildə bəyan edib ki, “heç bir ərazi mübadiləsinə getməyəcəklər” və “Ukraynanın bir hissəsinin Rusiyaya verilməsi ilə barışmayacaqlar”. Onun sözlərinə görə, müharibə sona qədər davam edəcək və ölkənin ərazi bütövlüyü tam bərpa olunana qədər geri addım atılmayacaq.
Kiyev həmçinin ABŞ və Rusiyanın Alyaskada keçiriləcək sammitində qəbul ediləcək qərarları tanımayacağını bildirib. Zelenski qeyd edib ki, Ukrayna məsələsi ilə bağlı masa arxasında Ukraynanın olmadığı heç bir razılaşma legitim sayıla bilməz.
“The Times”ın dərcindən sonra dünyanın bir çox aparıcı mediası da bu ssenariləri geniş müzakirə edib.
Musavat.com xatırladır ki, mövzu ilə bağlı ətraflı ilkin məlumat Azərbaycan dilində ilk dəfə məhz saytımızda dərc olunub.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ