Onlayn ictimai-siyasi qəzet
“Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib. Dəstəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O, aydınlaşdırıb ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutulur:
“İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə “kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin, bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.
Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımdan vacibdir. Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağrışlardan biridir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ