Onlayn ictimai-siyasi qəzet
Qərb müttəfiqləri istəyir ki, ABŞ İraqda Səddamın “kimyəvi silahı”nı ələ keçirmək üçün nə etmişdisə, Rusiya da indi onu etsin, “özününkü” elan etdiyi əraziləri ələ keçirdikdən sonra da dayanmasın, Ukraynanın “nüvə silahı əldə etməsinin qarşısını almaq üçün” ölkənin daha da dərinliklərinə getsin...
“Həlledici qələbə üçün bu silahlar yetərli deyil. Ukraynaya atom bombası, ya da nüvə başlığı lazımdır! Zatən müharibə buna görə başlamışdı, bu da bitirsin. İndi adama fantastik, bəlkə də gülməli gələr, prosedur, filan boş şeydir. İndi dünyada elə dönüşlər baş verir ki, hər şey mümkündür.”
Nə qədər qəribə səslənsə də, bu cümlələri hələ 2022-ci ilin aprelində “Ukraynaya atom bombası verin!” başlıqlı yazımda (https://musavat.com/news/ukraynaya-atom-bombasi-verin_886833.html) qeyd etmişdim. Bu uzaqgörənlik- filan deyildi zatən, Ukraynanın nəhayətdə çarəsiz qalacağlna( və ya buraxılacağına) ironik baxış idi. Amma indi il olub 2024, dünya Ukraynanın qısa müddətdə nüvə silahı əldə edə biləcəyi mövzusuna kilidlənib.
Almaniyanın “Bild” nəşri Avropada “sarı media” hesab olunur, amma buna baxmayaraq, milyonluq tirajı var, Şolts hökumətinə də yaxındır. “Bild”in adı açıqlanmayan ukraynalı rəsmisinə istinadən “Kiyev cəmi bir neçə həftə ərzində nüvə bombası yarada bilər. Bizim materialımız var, biliyimiz var. Əgər əmr verilsə, ilk bombanı hazırlamaq üçün bizə cəmi bir neçə həftə lazım olacaq” iddiası ciddi qəbul edilə bilməz.
Zelenskinin ofisi də yazılanları “cəfəngiyyat” adlandırıb. Amma elə Zelenskinin bu barədə Brüsseldə verdiyi bəyanatla bir daha dünyanı silkələyib.
“Kim nüvə silahından imtina etdi? Hamı? Xeyr, yalnız Ukrayna. Bu gün kim döyüşür? Ukrayna. Donald Trampla söhbətdə ona dedim: “Çıxış yolu nədir? Ya Ukraynanın nüvə silahı olacaq - bu, bizim üçün müdafiədir - ya da bizim hansısa ittifaqımız olmalıdır”. Bu gün NATO-dan başqa heç bir təsirli ittifaq tanımırıq”, - deyə Zelenski bildirib. Zelenski əlavə edib ki, Kiyev nüvə silahının yaradılmasını deyil, Şimali Atlantika Alyansını seçib.
Zelenskinin “nüvə silahından imtina etdik” dedikdə 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Ukrayna ərazisindəki 1700 sovet nüvə başlığını nəzərdə tutur. Bu arsenal Ukraynanı hətta planetin üçüncü ən böyük nüvə dövləti statusu vermişdi. Amma bu silahlar əlbəttə ki, Ukraynanın da deyildi, ona görə 1994-cü ildə özünü SSRİ-nin varisi elən etmiş Rusiyaya verdi. Həm də təkcə Ukrayna deyil, Qazaxıstan (1216) və Belarus (1120) da... O da həqiqətdir ki, Ukrayna 5-10 min kilometri vurmağa qadir nüvə silahından imtina etmək də istəmirdi. Amma məhz Ukrayna, Belarus və Qazaxıstanın tərksilah edilməsi ABŞ-ın vasitəçiliyi ilə baş tutdu. Vaşinqton Kiyevin nüvə silahlarına nəzarət etmək qabiliyyətinə şübhə ilə yanaşırdı. Atom silahlarından imtinaya görə Ukrayna səxavətli iqtisadi üstünlüklər, eləcə də Budapeşt memorandumunda təsbit olunmuş təhlükəsizlik zəmanətləri aldı. Əsas müddəalara görə, üç böyük dövlət - ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın mövcud sərhədlərinə hörmətlə yanaşmağa, böhran vəziyyətində kömək etməyə söz verdilər. Yeri gəlmişkən, həmin sənədi imzalayan o zamankı Ukraynı prezidenti Leonid Kravçuk müsahibələrinin birində demişdi ki, onun nüvə çamadanı olmayıb - döyüş başlıqlarına nəzarət Yeltsinin əlində idi. Yəni Ukrayna formal olaraq nüvə silahına sahib idi və ondan da imtina edəsi oldu. Zelenskinin “imtina etdik” sözlərinin açması bu...
Ekspertlər deyir ki, nüvə silahı yaratmaq üçün Ukraynanın yaxşı mütəxəssisləri və xammalı var, lakin Qərbin dəstəyi olmadan uranı kifayət qədər zənginləşdirmək imkanları yoxdur. Yəni nəzəri cəhətdən mümkündür, praktiki olaraq Ukraynanın belə imkanı yoxdur. Avropa İttifaqının dönəm sədri, Macarıstanın baş naziri Viktor Orban isə deyib ki, Qərb kəşfiyyat orqanları Kiyevin nüvə silahı istehsal etməyə qadir olub-olmadığını araşdırır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) -hansı ki, nüvə silahının yaradılmamasına nəzarət edir- hələ ki, bu bəyanatlara heç bir reaksiya verməyib. MAQATE-dən açıqlama olmaması iki cür yozula bilər. Ya MAQATE Ukraynanın bir neçə həftəyə nüvə silahı yaradılacağı bəyanatı ciddiyə almır, ya da bu iddiaların yayılmasının əsl məqsədini araşdırır.
Nüvə silahı bəllidir ki, ya yüksək zənginləşdirilmiş uran, ya da plutonium əsasında hazırlanır. Fiziklərə görə, kifayət qədər miqdarda yüksək zənginləşdirilmiş uranın istehsalı üçün çoxlu sayda sentrifuqa tələb olunur. Bu isə nə qısa müddətdə, nə pulla, nə də MAQET-nin diqqətindən yayınmayacaq nəhəng nəhəng laboratoriyada əldə edilə bilər. Eyni çətinliklər plutonium əsasında nüvə silahlarının yaradılmasına da aiddir. Yəni bunun üçün mürəkkəb kimyəvi istehsal, eləcə də illər lazımdır, ancaq mütəxəssislər deyirlər ki, yenə də bunu gizli şəkildə etmək olmaz.
Putinin bu gün bu iddialara ciddi reaksiyası diqqət çəkdi. O da peşəkar çekist kimi bu xəbərləri təkzib etməyi yox, onu yayğılanşdırmağa üstünlük verdi. Ki, bu barədə daha çox danışsınlar ki, həqiqəti aydınlaşdırmağa daha çox material olsun. Putin Ukraynanın nüvə potensialını indi öyrənməyib, SSRİ vaxtında orada nələr yaradılırdı, Moskvanın nüvə başlıqlarını haralarda saxlayırdılar, onlardan da məlumatlıdır. Amma qəsdən bu iddia haqda sanki Ukraynanın “başının altında hazır nüvə silahı varmış kimi” danışmağa üstünlük verdi, yenə Kiyevi də, Qərbi də hədələdi.
Bu iddianın Zelenskinin “Qələbə planı”nın elan etdiyi vaxtla üst-üstə düşməsi də təsadüf olmaya bilər. Zelenskinin açıqladığı 5 bəndlik(ikisini gizli saxlayıb) planda Qərb müttəfiqlərindən NATO üzvlüyü və Ukrayna ərazisində Rusiyadan gələ biləcək istənilən hərbi təhlükədən qorunmaq üçün qeyri-nüvə xarakterli strateji sistemlərin yerləşdirilməsini istəyib. Qərb bu tələb-təkliflər qarşısında acızdir. Ona görə indi bu cür müzakirələr Qərbə sərf edir, diqqət müvəqqəti də olsa yayınr, həm də bu informasiya təxribatı ilə Rusiyanı məşğul edir. İkincisi, bu iddia Kiyevi də “sülhsevər dünyanın” hədəfinə gətirir, necə deyərlər “qarğa, Ukraynda qoz var” təəssüratı yaradır. Ukraynanın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bəs, Rusiya nə etməlidir? ABŞ İraqda Səddamın “kimyəvi silahı”nı ələ keçirmək üçün nə etmişdisə, onu...Yəni Rusiya “özününkü” elan etdiyi əraziləri ələ keçirdikdən sonra da dayanmamalı, indi də Ukraynanın “nüvə silahı əldə etməsinin qarşısını almaq üçün” ölkənin daha da dərinliklərinə getməlidir. Putin bu təxribata uyacaq qədər sadəlövh deyil, onunla həm də “əsəb müharibəsi” aparıldığının fərqindədir.
Vaşinqton (Britaniya və Almaniya da) hesab edir ki, Moskvanın Ukraynaya mümkün nüvə zərbəsi ümumiyyətlə, slavyan xalqları arasında münasibətləri birfəfəlik məhv edər. Bu müharibə nə qədər inandırıcı səslənməsə də, iki xalq arasında hədəflənən düşmənçilik yaratmayıb. Dünən ruslar bir qəsəbəni aldılar, döyüşçülərdən biri Ukraynanın bayrağını səliqə ilə qatladı və cibinə qoydu...Bu, böyük güclərin tətiklədiyi, hər iki tərəfdən on minlərlə insanın öldürüldüyü, qaçqın düşdüyü müharibədə xırda epizod kimi görünə bilər. Amma bu iki qardaş xalqı ona görə düşmən etdilər ki, birgə olmasınlar, hətta bir-birlərinə atom bombası atmaqla hədələsinlər...
Nazim SABİROĞLU,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ