Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftə Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən sonra bildirib ki, Ukrayna ilə bağlı sülh sazişi beş ərazinin taleyinin nizamlanmasını nəzərdə tutur.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Uitkoff “Fox News”a verdiyi müsahibədə danışıqları “inandırıcı” adlandıraraq qeyd edib ki, Ukraynada müharibəyə son qoya biləcək və “biznes imkanları yaradacaq” addımlar müzakirə olunub.
Onun sözlərinə görə, görüş təxminən beş saat davam edib və müzakirənin sonunda Putin “davamlı sülhün təmin olunmasını” istəyib. Uitkoff əlavə edib ki, “ümumi razılaşmanın açarı beş ərazi ilə bağlıdır”.
Bununla belə, "Bloomberg"in qeyd etdiyinə görə, Uitkoff ətraflı detallar açıqlamayıb.
“Bu sülh sazişi həmin beş adlandırılan ərazi ilə bağlıdır, lakin məsələ bundan daha genişdir… Mən düşünürəm ki, biz dünya üçün olduqca mühüm bir məqamın astanasında ola bilərik”, – deyə o vurğulayıb.
Uitkoff görüş zamanı NATO ilə bağlı məsələni də gündəmə gətirdiyini bildirib. O, xüsusilə Alyansın 5-ci maddəsinə – yəni bir üzvə hücumun hamıya hücum sayıldığı prinsipə toxunduğunu deyib.
Qeyd olunur ki, görüşdə ABŞ-Rusiya münasibətləri də müzakirə edilib. Uitkoff bildirib ki, “bir sıra cəlbedici kommersiya imkanları vasitəsilə” iki ölkə arasında münasibətlərin yenidən qurulması üçün şans görür.
Qeyd edək, Putin və Uitkoff aprelin 11-də Sankt-Peterburqda görüşüblər. Danışıqlar Boris Yeltsin adına Prezident Kitabxanasının binasında baş tutub və dörd saatdan çox davam edib. Rusiya tərəfinin verdiyi məlumata əsasən, görüş “məhsuldar” keçib. Hər iki tərəf danışıqların başqa detalları ilə bağlı açıqlama verməyib.
Görüşdən bir gün sonra Uitkoff nüvə proqramı ilə bağlı danışıqlar aparmaq üçün Omana yola düşüb.
"The Telegraph" yazır ki, Uitkoff eyni anda bir neçə diplomatik prosesə cəlb olunmağa çalışır. Ekspertlər isə onun İranla mürəkkəb texniki danışıqlarda təcrübəsiz olduğunu vurğulayaraq, çoxşaxəli fəaliyyətinin effektivliyi azaltdığını bildiriblər.
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ