İnsanlara hürriyət, millətlərə istiqlal!

Ucuz “siyasi meyxana” oxuyan siyasətbazlara ŞİLLƏ kimi CAVABLAR

İllər öncə Prezident İlham Əliyev ilk dəfə olaraq yeni reallıq barədə anons edəndə əksəriyyətimiz heç fərqində belə deyildik ki, bu ifadənin arxasında nələr nəzərdə tutulur. Zamanla şahid olacaqdıq ki, Azərbaycan xalqının müəllifi olduğu və siyasi iradə ilə yaradılan bu yeni reallıq eyni zamanda, regionda yeni əməkdaşlıq formatlarının axtarışını labüd edir. Yeni reallıq artıq bizim siyasi gündəliyimizdədir.

Bu fikirlər politoloq A.Adilin “Güclü dövlətin sarsılmaz mövqeyi” sərlövhəli məqaləsində yer alıb.

Musavat.com məqaləni təqdim edir.

Əlbəttə ki, sözügedən ifadəyə qafiyə tutub ucuz “siyasi meyxana” oxuyan siyasətbazlar da var. Ancaq görünən odur ki, şanlı Qələbə, suverenliyin tam bərpası, sabit inkişaf, dövlətin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi, gələcəyə yönəlmiş ünvanlı strategiyalar, siyasi islahatlar və bu kimi digər önəmli amillər bizim bəla-müxalifətçilərimiz olan radikalları sanki tərk-silah edib. Həyatlarının amalı və yaşam tərzi demaqogiya olan bu cür siyasətbazlar öz zəhərli ritorikaları üçün daim yeni mövzu axtarışındadırlar.

Regionda yaradılan yeni reallıqlar xarici mətbuatın da diqqət mərkəzindədir. Prinsipial olaraq unutmamalıyıq ki, xarici mətbuatın strateji vəzifəsi obyektiv həqiqətin çatdırılması deyil, təmsil etdikləri siyasi dairələrin maraqlarına uyğun olan şəkildə hadisələrin interpretasiyasıdır. Qeyd olunan amil yenə də bizlərdən hər zaman ayıq-sayıq olmamızı tələb edir. Qərəzli manipulyasiyalara uymaq ağrılı fəsadlara səbəb ola bilər.

Hər şeydən əlləri üzülmüş radikallar isə ucuz demaqogiya üçün bu dəfə “regionda yeni əməkdaşlıq formatları” mövzusuna “baş vurublar”. Bu mövzu ilə bağlı qərəz dolu şərhlər edən psevdopatriotlar əllərində şahmatın oyun qaydalarını tutub ilk dəfə bu oyunu oynayacaq uşaqlara bənzəyirlər. Beləliklə “piyada”nı “top”dan ayırd edə bilməyənlər strategiya qurduqlarını zənn edirlər.

Sözsüz ki, region ölkələrinin gələcək əməkdaşlıq formatlarının müəyyən olunması önəmli məsələdir və bu mövzu hələ uzun illər ərzində aktuallığını qoruyacaq. Həmçinin unutmayaq ki, sözügedən məsələ davamlı prosesdir. Hadisələrin inkişafı və qlobal proseslər gələcək əməkdaşlıq düsturunda müəyyən dəqiqləşdirmələrin davamlı olaraq aparılmasını qaçılmaz edir. Ancaq istənilən halda bütün formatların mütləq prioriteti məhz milli maraqlarımızdır və Azərbaycan xalqı hər zaman dövlət siyasətində Prezidentin bu maraqlara sədaqətinə şahid olub. Əlbəttə ki, Azərbaycan tərəfindən təklif olunan əməkdaşlıq masasında kimlərin yer alacağı, gələcəkdə hər hansı bir ölkənin özünü görməsi həmin ölkənin sərgilədiyi mövqedən asılıdır.

Məhz qeyd olunan konteksti inkişaf etdirərək Prezident İlham Əliyevin bu il iyulun 22-də Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibəni yada sala bilərik. Belə ki, müxbirin təxribat xarakterli sualına cavabında dövlət başçısı növbəti dəfə ali diplomatiyanın zirvəsini nümayiş etdirdi: “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq... Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir”.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cəmi bir suala verdiyi cavabla sadəcə növbəti dəfə siyasi iradəsini nümayiş etdirmədi, eyni zamanda, regionda söz sahibi və yeni reallığın müəllifinin kim olduğunu bütün dünyaya bir daha xatırlatmış oldu. Əslində, müharibədən sonrakı dövrdə biz bunun dəfələrlə şahidi olmuşuq. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda güclü dövlətin sarsılmaz mövqeyini nümayiş etdirir. Bu iradənin, bu gücün mənbəyi, şübhəsiz ki, Azərbaycan xalqının dəstəyi və Prezidentin siyasi peşəkarlığıdır. Milli maraqlar məfhumunun mahiyyətini anlamayan, öz xəstə ambisiyalarının əsirinə çevrilmiş, inkişafda “kövrək” səksəninci illərdə donub qalmış və şahmat lövhəsində qaranı ağdan hələ də seçə bilməyən radikallar isə apriori olaraq obyektivlikdən məhrumdurlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR