İnsanlara hürriyət, millətlərə istiqlal!

Uçot dərəcəsi endirildi - manata təsiri nə vaxt olacaq...

Mərkəzi Bankın rəhbəri “gələn il” deyir; illik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb

Yanvarın 31-də Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dərəcələrinə baxıb. Bankın yaydığı məlumata görə, İdarə Heyətinin  qərarı ilə uçot dərəcəsi 8 faizdən 7.75 faizə, faiz dəhlizinin aşağı həddi 6.5 faizdən 6.25 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9 faizdən 8.75 faizə endirilib.

Mərkəzi Bank bildirir ki,  qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib. Belə ki, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalıb: “2023-cü ildə 12 aylıq inflyasiya 2.1 faiz təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilib. İllik ərzaq inflyasiyası 0.8 faiz, qeyri-ərzaq inflyasiyası 2.7 faiz, xidmətlər inflyasiyası isə 3.7 faiz təşkil edib. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib”.

Mərkəzi Bankın apardığı son sorğulara görə, inflyasiyanın artacağını gözləyən ev təsərrüfatlarının payı 2023-cü ilin III rübündəki 81 faizdən IV rübdə 69 faizədək azalıb. 

Baş tənzimləyiciyə görə,  illik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb: “Qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb. Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi dekabrda illik əsasda 18.9 faiz, o cümlədən enerji qiymətləri üzrə 24 faiz enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi dekabrda illik əsasda 10.1 faiz azalıb”.

Ötən il inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol valyuta bazarındakı tarazlığa məxsus olub. Belə ki, 2023-cü ildə Mərkəzi Bankda keçirilmiş valyuta hərracının 92 faizində təklif tələbi üstələyib. Bu dövrdə manatın nominal effektiv məzənnəsi 19.3 faiz bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən əsas amildir. 

AMB İdarə Heyətinin faiz parametrlərinə həsr olunmuş ötən iclasından bəri monetar şəraitə təsir göstərən başlıca hadisə fiskal sektor üçün irihəcmli valyuta alışlarının həyata keçirilməsi olub. AMB bunu gözlənilən faktor kimi qiymətləndirir. Ümumilikdə, 2023-cü ildə Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxiləsinin həcmi 2.1 milyard ABŞ dolları olub. Qurum bildirir ki, bu alışlar bank sistemində likvidliyin artmasına şərait yaradıb: “Manatla pul bazası ümumilikdə 2023-cü ildə 19.6 faiz artıb ki, bunun da 14.6 faiz bəndi dekabr ayında baş verib. Pul siyasəti alətləri pul siyasətindən kənar olan avtonom amillərin monetar şəraitə təsirlərinin neytrallaşdırılmasına və faiz ötürücülüyünün gücləndirilməsinə xidmət edib. Daimi imkan və açıq bazar əməliyyatlarının aparılması pul bazarında milli valyutada banklar arasında həm təminatsız, həm də təminatlı bağlanan əqdlərin orta çəkili faiz dərəcələrinin Mərkəzi Bankın faiz dəhlizi ilə eyni istiqamətdə hərəkətini təmin edib. Belə ki, yanvarın ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.74 faiz (dekabrda 7.4 faiz) və 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 6.84 faiz (dekabrda 7.8 faiz) olmaqla faiz dəhlizinin daxilində formalaşıb”.

AMB-də hesab edirlər ki, qeyd olunan müsbət meyillərlə yanaşı inflyasiyaya təsir edə biləcək risklər də mövcuddur: “Geosiyasi gərginliklərin davam etməsi dünya bazarında müxtəlif əmtəələr üzrə qiymətlərin yenidən artmasına səbəb ola bilər. Belə ki, son vaxtlar Qırmızı dəniz ətrafında yaranmış vəziyyət qlobal təchizat zəncirinə ciddi təsir göstərir. Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlayırlar. İqlim dəyişiklikləri də ərzaq qiymətlərinə təsir göstərməkdə davam edir. Lakin qlobal iqtisadi aktivliyin zəifliyi və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması qlobal inflyasiya proseslərinə azaldıcı təsir göstərə bilər”.

Mərkəzi Banka görə, Azərbaycanda inflyasiyanı artıra biləcək başlıca daxili risklər məcmu tələbin izafi artımı və daxili xərc amillərinin aktivləşməsi ola bilər: “Mövcud meyillərin davam etməsi halında son 2 ildə olduğu kimi, 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü ola bilər. Mərkəzi Bank büdcə xərclərinin dinamikasını və kredit aktivliyini daxili tələb faktorları kimi daim diqqətlə izləyir.

Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu dəyişməz saxlanılıb. Ötən ilin oktyabrında olduğu kimi, cari ilin yanvar proqnozlarına görə də 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir".

Mərkəzi Bank bəyan edir ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq veriləcək: “Qərarlar qəbul edilərkən ölkədə pul siyasətinin ötürücülüyünün xüsusiyyətləri, maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaq. Qeyd olunan risklərin reallaşmaması halında pul siyasətinin ilin qalan dövründə də mərhələlərlə yumşaldılması imkanlarına baxılacaq. Bu qərar 1 fevral 2024-cü ildən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il mart ayının 28-də açıqlanacaq”.

Qeyd edək ki, yanvarın son günləri dünyanın əsas iqtisadi mərkəzlərində də uçot dərəcələrinin müzakirəsi ilə müşayiət olunur. Artıq yanvarın 30-da Avropa Mərkəzi Bankı (AMB) hər üç əsas faiz dərəcəsinin dəyişməz saxlanması barədə qərar qəbul edib. AMB-nin mətbuat xidmətindən verilən məlumata görə, əsas kredit dərəcəsi 4,5 faiz, depozit dərəcəsi 4 faiz, marja kreditləşmə dərəcəsi isə 4,75 faiz səviyyəsində saxlanılıb.

Tənzimləyici qeyd edir ki, son statistik məlumatlar onun ortamüddətli inflyasiya riskləri ilə bağlı əvvəlki qiymətləndirməsini təsdiqləyib: “Baza inflyasiyasında azalma tendensiyası davam edir və əvvəlki siyasətin sərtləşdirilməsi maliyyə şərtlərinə ağır təsir göstərməkdədir”.

Avropa bankı qeyd edir ki, məhdudlaşdırıcı maliyyə şərtləri tələbi saxlayır və bu, istehlak qiymətlərinin artım tempini zəiflətməyə kömək edir: “AMB-nin İdarə Heyəti inflyasiyanın 2 faizlik hədəfinə qaytarılmasına qətiyyətlə sadiqdir. Şura hesab edir ki, əsas dərəcələr kifayət qədər uzun müddət saxlanılarsa, bu məqsədə nail olmaq üçün əhəmiyyətli töhfə verəcək. AMB-nin gələcək qərarları əsas dərəcələrin zəruri olduğu müddətcə iqtisadi aktivliyi məhdudlaşdıran səviyyələrdə saxlanmasını təmin edəcək”.

Yanvarın 31-də ABŞ Federal Ehtiyatlar Sistemi(FED) uçot dərəcəsini müzakirə edərək onun dəyişməz saxlanması barədə qərar qəbul edib. Analitiklərə görə, FED ölkənin əmək bazarından gələn müsbət siqnallar fonunda dekabrda 3,2 faizə yüksələn inflyasiyanı cilovlamaq üçün uçot dərəcəsini hazırkı rekord yüksək səviyyədə saxlamaq qərarına gəlib. FED-in mart ayında gözlənilən iclasında uçot dərəcəsini endirəcəyi ehtimalı dekabrdakı 80 faizdən yanvarda 50 faizə düşüb. Sərt monetar siyasətin yumşaldılmasına aprel iclasından başlanacağı ehtimalı isə hələlik 90 faiz səviyyəsində qiymətləndirilir. 

Onu da qeyd edək ki, son 2 ildə Azərbaycan Mərkəzi Bankı öz faiz dərəcələrinin depozit və kredit faizlərinə real təsirinə nail olmaq üçün bir sıra addımlar atıb. Qurumun İdarə Heyətinin sədri Taleh Kazımov deyir ki, uçot dərəcəsinin depozit faizlərinə gələn ildən təsir edəcəyi gözlənilir: “Hazırda bazarda kifayət qədər likvidlik var. Bizə vaxt lazımdır ki, bu likvidliyi strelizasiya edək. Yüksək likvidlik şəraitində AMB-nin faiz dərəcələri işləmir. Hesablarda olan böyük vəsaitlər bizim faizlərə reaksiya vermir. Pulun həcmini o səviyyədə saxlamalıyıq ki, onun dəyəri AMB-nin planlaşdırdığı dəhlizdə olsun.

Biz daim təkmilləşdirmə işləri aparırıq, əməliyyat çərçivəsində yeni alətlər tətbiq edirik. AMB məcburi ehtiyatlara yanaşmada yenilik tətbiq edib və biz buna bazar iştirakçılarının reaksiyasını görməliyik. Monetar və fiskal siyasətlərin güclü koordinasiyası vacibdir ki, bazarda likvidlik düzgün idarə edilsin. Bu koordinasiya vacibdir və bu koordinasiya var. Biz bunun üzərində daha çox işləyirik. Maliyyə Nazirliyi ilə koordinasiya güclüdür. Düşünürəm ki, növbəti ildən uçot dərəcəsinin depozit seqmentinə təsirini görməyə başlayacağıq".

Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələri Azərbaycanın valyuta ehtiyatlarının artmasına gətirib çıxarıb. 2023-cü ilin yekununda bu ehtiyatların məbləği 68,5 milyard ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin yekunu ilə müqayisədə 17  faiz çoxdur. O cümlədən, ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1 faiz artaraq 11,6 milyard ABŞ dollarına çatıb .

Qeyd edək ki, ötən ilin son aylarında Azərbaycan banklarının dollara tələbatında müşahidə olunan kəskin artım yanvarda da davam edib. Yanvar ayı ərzində Mərkəzi Bankın Dövlət Neft Fondu ilə birlikdə keçirdiyi 7 valyuta hərracında 417,1 milyon dollar məbləğində valyuta satılıb. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə və ya 228.5 milyon dollar çoxdur. Belə ki, 2023-cü ilin yanvar ayında keçirilən valyuta hərraclarında 188.6 milyon ABŞ dolları satılmışdı. Dollara tələbatın belə artımı Azərbaycana idxalın artması ilə izah olunur. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işləri üçün zəruri mal və materialların idxalı dollara tələbatı artıran əsas amil kimi qiymətləndirilir. Dünya bazarında neftin qiymətinin yüksək olması fonunda ölkədə dollara tələbatın artımı hələlik təhlükəli amil hesab olunmur: neft ixracından əldə olunan valyuta artan tələbi qarşılamaq üçün yetir və həm də artır...

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR