Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin birinci rübü arxada qaldı. Əksər ölkələr üzrə rüblük iqtisadi göstəricilər açıqlanır. Azərbaycanda da Dövlət Statistika Komitəsi yanvar-mart ayları üzrə əsas makroiqtisadi göstəriciləri açıqlayıb. Komitənin məlumatına əsasən, birinci rübdə ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 29,1 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artım deməkdir. Yanvar və fevral aylarında iqtisadi artım 5 faiz təşkil etmişdi.
İlin ilk rübündə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb. Əlavə dəyərin 39,3 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi tikinti, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 20,4 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2856,5 manata bərabər olub.
Bu ilin 3 ayında ölkədə 7,2 milyon ton əmtəəlik neft, 9,7 milyard kub metr əmtəəlik qaz hasil olunub. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,4 faiz artıb.
2024-cü ilin yanvar-mart aylarında iqtisadiyyatın qeyri-neft bölməsinin aparıcı sahəsi olan kənd təsərrüfatında istehsal olunan ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 1 milyard 444,6 milyon manat təşkil edib. Bunun 1 milyard 368,5 milyon manatı heyvandarlıq, 76,1 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,0 faiz, bitkiçilik məhsulları istehsalı 2,9 faiz artıb.
Rəsmi statistikaya əsasən, mart ayında Azərbaycanda inflyasiya 2023-cü ilin mart ayına nisbətən 0,4 faiz təşkil edib. Bu zaman qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,2 faiz azalıb, qeyri-qida məhsullarının qiyməti 1,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 2,2 faiz artıb. 2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz yüksəlib.
Mart ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz artıb, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3 faiz azalıb. Qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri əvvəlki aya nisbətən 0,1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artıb.
Qeyd edək ki, birinci rüb başa çatdıqdan sonra müxtəlif beynəlxalq qurumlar Azərbaycanda iqtisadi artım və inflyasiyaya dair yenilənmiş proqnozlarını açıqlayıblar. Dünya Bankının ekspertlərinə görə, Azərbaycanda iqtisadi artım 2024-cü ildə 2,3 faiz, 2025-ci və 2026-cı illərdə isə 2,4 faiz səviyyəsində olacaq. Bankın Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir: “Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 faizə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”.
Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) də Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib. Korporasiya 2024-cü ilin ikinci rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu 2,5 faiz, üçüncü rüb üzrə 2,0 faiz müəyyən edib, ilin son rübü üzrə isə proqnozunu 1,5 faizə endirib.
Ümumilikdə isə korporasiya Azərbaycanda 2024-cü ildə ÜDM-in artımı üzrə proqnozunu 2,5 faiz, 2025-ci ildə isə 2,7 faiz müəyyən edib.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda ÜDM-in artım templərinin 2024-cü ildə 1,2 faiz, 2025-ci ildə isə 1,6 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bankın “Asiyanın inkişaf perspektivləri”nin aprel ayı üçün olan hesabatına əsasən, neft hasilatının zəifləməsi səbəbindən sənaye sahəsində eniş 2024-cü ildə 1,6 faizə, qaz hasilatının daha çox artması səbəbindən isə 2025-ci ildə 1 faizə qədər azalacaq.
İnflyasiya gözləntilərinə gəlincə, ING Azərbaycanda 2024-2025-ci illər üzrə inflyasiyanın daha da azalacağını proqnozlaşdırıb. Qrup 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 4,4 faizdən 3,1 faizə, 2025-ci ildə 5,5 faizdən 3,8 faizə endirib. Bu il və gələn il üçün açıqlanan yeni proqnoz mart ayında açıqlanan proqnoza nisbətən müvafiq olaraq 1,3 faiz və 1,7 faiz bəndi azdır.
Proqnozlara əsasən, 2024-cü ilin ikinci rübündə Azərbaycanda orta illik inflyasiya 1,2 faiz, üçüncü rübdə 2,7 faiz, dördüncü rübdə isə 4,2 faiz səviyyəsində gözlənilir.
Dünya Bankının proqnozlarına görə, Azərbaycanda 2024-cü ildə illik inflyasiya 3 faiz, 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə isə 4 faiz təşkil edəcək: “Daxili tələbatın mülayim artımı və qlobal ərzaq qiymətlərinin sabitləşməsi nəticəsində orta illik inflyasiyanın aşağı səviyyədə qalacağı, ortamüddətli perspektivdə 2,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılır”.
Asiya İnkişaf Bankının proqnozlarına görə, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,5 faiz təşkil edəcək, 2025-ci ildə isə daha sürətli iqtisadi artımla 6,5 faizədək yüksələcək: “İnflyasiya nəzarətdə saxlanılmalı və hökumət proqnozlaşdırılan dövr ərzində qiymətlərə nəzarət etməlidir. Məzənnənin sabitliyinin qorunması idxal inflyasiyasının təsirini yumşaldacaq. Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini ən azı 2024-cü ilin ortalarına qədər eyni səviyyədə saxlayacağı gözlənilir, dəyişikliklər etməzdən əvvəl isə qiymət dinamikası və istehlakçı əhval-ruhiyyəsi izlənəcək”.
Onu da bildirək ki, mart ayında son 8 ayda ilk dəfə olaraq qlobal ərzaq qiymətlərində artım qeydə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesabladığı Ərzaq Qiymətləri İndeksi bu ilin mart ayında 118,3 bənd təşkil edib ki, bu da fevral göstəricisindən 1,3 bənd (1,1 faiz) çoxdur: bitki yağları, süd məhsulları və ətin qiymət indekslərindəki artım şəkər və taxıl üçün qiymət indekslərinin azalması ilə qismən kompensasiya edilib. Belə ki, mart ayında yeddi aylıq enişdən sonra ilk dəfə olaraq indeksin dəyəri bir qədər artsa da, ötən ilin müvafiq göstəricisindən hələ də 9,9 bənd (7,7 faiz) aşağı olub.
FAO Taxıl Qiymətləri İndeksi mart ayında orta hesabla 110,8 bənd olub ki, bu da fevral göstəricisindən 3 bənd (2,6 faiz) və 2023-cü ilin mart göstəricisindən 27,7 bənd (20,0 faiz) aşağı deməkdir. Bu azalmanı əsasən buğda qiymətlərindəki ardıcıl eniş təmin edib.
Mart ayında qlobal bazarlardan bitki yağlarının qiymət indeksi orta hesabla 130,6 bənd təşkil edərək, fevral ayı ilə müqayisədə 9,7 bənd (8,0 faiz) artmış olub. Bu, son bir ilin ən yüksək səviyyəsidir. Bu əhəmiyyətli artım palma, soya, günəbaxan və kolza yağlarının qiymət kotirovkalarının artması ilə əlaqədardır. Bundan əlavə, xam neftin bahalaşması da bitki yağının bahalaşmasına səbəb olub.
FAO Süd Məhsullarının Qiymət İndeksinin orta dəyəri mart ayında 124,2 bənd təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 3,5 bənd (2,9 faiz) çoxdur; artımın altıncı aydır davam etməsinə baxmayaraq, onun dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə hələ də 11,1 bənd (8,2 faiz) aşağıdır. Mart ayında pendirin dünya qiymətləri ən böyük artımı göstərib ki, bu da Asiya ölkələrindən sabit idxal tələbi, yaz bayramları ərəfəsində Qərbi Avropada daxili bazarda satışın artması və Okeaniyada istehsalın mövsümi azalması ilə əlaqədar olub.
FAO Ət Qiyməti İndeksi mart ayında orta hesabla 113,0 bənd təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 1,9 bənd (1,7 faiz) artım deməkdir. Hazırkı səviyyədə bu indeksin dəyəri ötən ilin müvafiq dövrünün səviyyəsindən cəmi 1,7 bənd (1,5 faiz) aşağı olub. Ötən ay quş, donuz və mal ətinin qiyməti bahalaşıb, qoyun ətinin qiyməti isə ucuzlaşıb.
FAO Şəkər Qiymət İndeksi orta göstəricisi iki aylıq davamlı artımdan sonra mart ayında fevral ayına nisbətən 7,6 bənd (5,4 faiz) azalaraq 133,1 bənd təşkil edib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 bənd (4,8 faiz) aşağıdır.
Dünya SAKİT,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ