İnsanlara hürriyət, millətlərə istiqlal!

Tüstülü kabinetlərdə dumanlı başlar – Yeltsin alt paltarında küçəyə çıxmaq istəyəndə... - ŞOK FAKTLAR

Ayrı-ayrı dövrlərdə dövlət başçıları olmuş siyasi liderlərin həyat tərzini araşdıranda məlum olur ki, müasir siyasətçilər əvvəlkilərlə müqayisədə sağlam həyat tərzinə daha çox üstünlük verirlər. Hazırkı dövrdə birinci kürsüdə əyləşənlərin demək olar ki, əksəri ziyanlı vərdişlərdən uzaqdırlar, xüsusilə də alkoqol və tütün məmulatlarından istifadə etmirlər. Bu gün bir çox prezidentlərin sağlam həyat tərzlərini nümunə kimi göstərmək olar. XX əsrin nəhəng siyasətçiləri isə bu məsələyə dırnaqarası baxıblar.

Dünyanın 100 ən çox öyrənilən şəxslərindən biri olan Uinston Çörçillin lüğətində ümumiyyətlə “sağlam həyat tərzi” ifadəsi olmayıb. Günə 8-12 siqar çəkən baş nazir həyatını tütün məmulatlarısız təsəvvür etməyib. Hətta bunu özü də etiraf edib: “Yəqin ki, istər şəkillərdə, istərsə də həyatda məni siqarsız görsəniz, tanımayacaqsınız…”

corc.jpg (146 KB)

Britaniyalı siyasətçinin menyusundan viski də əskik olmayıb. Çörçillin alkoqola və tütünə aludəçiliyi o həddə çatıb ki, yaşadığı iqamətgahda 5-6 ilə bəs edəcək qədər alkoqol və tütün ehtiyatı saxlanılıb. Xarici ölkələrə səfər edərkən baş nazir üçün istifadə edəcək alkoqol və tütün tədarükü görülüb.

30 ilə yaxın bir müddətdə SSRİ-yə rəhbərlik edən İosif Stalin qəddarlığı, sərtliyi, anlaşılmazlığı ilə yanaşı, həm də əlindən düşməyən qəlyanı ilə yadda qalıb.

stalin.jpg (108 KB)

O, daha çox “Herseqovina Flor” tütününə üstünlük verib. Sovet liderinin böyük bir qəlyan kolleksiyası da olub. Stalinin kabinetində, Kremldəki mənzilində, bağında bütün otaqlarda – iş otağında, ziyafət zalında, yataq otağında, hətta hamamda belə qəlyan, müxtəlif papiros qutuları, siqar, tütün, kibrit əskik olmayıb. Stalin özünü alkoqollu içkilərdən də məhrum etməyib. Bağında silahdaşları üçün tez-tez təşkil olunan ziyafətlərdə masanın üzərinə çeşid-çeşid içkilər düzülüb. Stalin daha çox Gürcüstanda onun üçün məxsusi hazırlanmış şərablara üstünlük verib. Həkimlər sovet liderinə tütün və alkoqolu qadağan edəndə o, başını tərpədərək razılaşdığını bildirib. Amma bu “razılıq” elə həmin gün pozulub.

Nikita Xruşov tütünə çox da həvəs göstərməyib.

nikita.jpg (134 KB)

Amma alkoqol məsələsində həmkarlarından heç də geri qalmayıb. Onsuz da çılğın xarakterə malik olan Xruşov bir neçə qədəhdən sonra daha da coşqun olub. Yaxın silahdaşları və ailə üzvləri sovet liderinə alkoqoldan məhdudiyyətlə istifadə etməyi tövsiyə ediblər. Bu tövsiyələr nəticəsiz qalanda baş katibin kürəkəni fərqli bir çıxış yolu tapıb. O, Xruşov üçün Almaniyada xüsusi qədəh düzəltdirib. Bu qədəhin sirri ondan ibarət olub ki, onun dibi təxminən ortasına qədər büllur şüşə ilə cilalanıb. Yəni kənardan 100 qram tutumu ilə görünən qədəh əslində 50 qram tutumunda olub. Müasirlərinin yazdıqlarına görə, Kremldə ziyafətlərin təşkilində və həmin məclislərdə məhdudiyyətsiz alkoqoldan istifadənin əsas təşəbbüskarı məhz Xruşov olub. Xarici dövlətlərdən gələn qonaqları isə Xruşov həmişə sərxoş vəziyyətə salmağa çalışıb. Belə ki, sovet liderinin sərxoş həmkarları ilə siyasi sövdələşməsi daha rahat alınıb.

XX əsrin ən nəhəng siyasətçilərindən biri sayılan ABŞ prezidenti (1933-1945) Franklin Ruzvelt tütün və alkoqol məsələsində həmkarları ilə ayaqlaşa bilməyib.

ruzvelt.PNG (227 KB)

Prezident olduqca ciddi şəkildə həm həyat yoldaşının, həm də həkimlərin nəzarətində olub. Tütünün və alkoqolun qədərini bilən Ruzvelt mövzu ilə bağlı Çörçillə tez-tez zarafat da edib. Səfərlərin birində Amerika prezidenti britaniyalı baş nazirlə hava limanında görüşəndə “təəccüblə” soruşub:

- Cənab Çörçill, bəs ikinci təyyarə nə vaxt eniş edəcək?

- Hansı təyyarə, bizim nümayəndə heyəti hamısı yerindədir.

- Sizə viski və siqar daşıyan təyyarəni soruşuram...

Kuba lideri Fidel Kastro ilk siqarını 15 yaşında yandırıb.

fidel.jpg (91 KB)

Maraqlı fakt isə odur ki, Kastroya ilk siqarı öz atası bağışlayıb. Bu “hədiyyə”dən sonra Azadlıq adasının “sahib”i düz 45 il “tüstülü oyuncağından” əl çəkməyib. O, Kuba siqarlarının xarici dövlətlərə ixrac olunması ilə fəxr edib: “Kuba öz siqarı ilə dünyada məşhurlaşıb…”

Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin alkoqol məsələsində bütün sərhədləri keçib.

boris yel.PNG (1.48 MB)

Sabiq prezident hədsiz dərəcədə spirtli içkilərin aludəçisi olub. Rusiya qoşunlarının Almaniyadan çıxarılması ilə bağlı bu ölkəyə səfəri zamanı Yeltsin o dərəcədə sərxoş olub ki, hərbi orkestrin qarşısından dirijoru kənara itəliyərək öz “maharətini” göstərib. İlk dəfə Amerika Birləşmiş Ştatlarına səfərə gedərkən özünü saxlaya bilməyən Boris Yeltsin trapdan düşən kimi tualet əvəzinə təyyarənin arxasına keçərək özünü “rahatlayıb”. Təbii ki, onu qarşılamağa gələnlər bunu müşahidə ediblər. Yeltsin isə heç nə olmamış kimi əlini yumadan belə onlarla çox mehribancasına görüşüb. 1995-ci ildə isə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən gecədən xeyli keçmiş sərxoş vəziyyətdə olan Yeltsin alt paltarında onun üçün ayrılmış iqamətgahdan çıxmaq istəyəndə mühafizəçilər prezidentin qarşısını kəsib. Sonradan məlum olub ki, Rusiya prezidenti pitsa almaq üçün çıxaraq yolda taksi saxlatdırmaq fikrindəymiş.

XX əsrin bir çox tanınmış digər siyasətçiləri də “tüstü-duman” içərisində fəaliyyət göstəriblər. Elə bəlkə də həmin əsrdə milyonlarla insanın məhvinə səbəb olan müharibələr, münaqişələr, qarşıdurmalar dumanlı başların yanlış qərarlarının nəticəsidir.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR