Onlayn ictimai-siyasi qəzet
Sağlam həyat tərzinin əsas şərtlərindən biri zərərli vərdişlərdən uzaq durmaqdır.
Statistik rəqəmlər göstərir ki, Azərbaycanda siqaret çəkənlərin sayı hələ də yüksəkdir və bu zərərli vərdiş təkcə siqaret çəkən şəxsin deyil, onun yaxın ətrafındakı insanların, xüsusilə uşaqların və yeniyetmələrin sağlamlığına da ciddi mənfi təsir göstərir.
Diyetoloq Ləman Süleymanova Musavat.com-a açıqlamasında bildirib ki, siqaretin orqanizmə vurduğu zərər çoxşaxəlidir və yalnız tənəffüs yolları ilə məhdudlaşmır:
“Siqaretin tərkibində olan nikotin, karbon monoksid və digər zəhərli maddələr orqanların fəaliyyətini pozaraq bədənin əsas sistemlərinin işində ciddi problemlər yaradır. Daha təhlükəlisi odur ki, bu zərərli təsirlər gələcək nəsillərə də ötürülür və onların sağlamlığını ciddi şəkildə təhdid edir.
Siqaret orqanizmin fəaliyyətini pozur, baş beynin orqanlara göndərdiyi siqnalları zəiflədir. Bu o deməkdir ki, siqaret çəkən insanlarda orqanların fəaliyyəti zəifləyir, bədən normal işləməkdə çətinlik çəkir. Xüsusilə yeniyetmə və uşaqlar siqaret tüstüsünə məruz qalanda orqanizmin inkişafı pozulur və bu, gələcək sağlamlıq problemlərinə səbəb olur”.
Diyetoloq qeyd edib ki, siqaret tüstüsünün qız uşaqlarında yumurtalıqların funksiyasına təsiri çox pisdir:
“Siqaret sonsuzluq riskini artırır, xüsusilə qız uşaqlarında yumurtalıqların fəaliyyəti zəifləyir. Bu isə o deməkdir ki, siqaretin zərərli təsirləri yalnız siqaret çəkən şəxslə məhdudlaşmır, gələcək nəsillərə də mənfi təsir göstərir”.
Siqaretin xərçəng riskini artırması ilə bağlı diyetoloq deyib:
“Ağciyər, qida borusu və digər tənəffüs yolları xərçəngləri siqaret çəkənlərdə daha çox rast gəlinir. Xüsusilə, siqaret çəkən və eyni zamanda alkoqol istifadə edən insanlarda bu risk daha da artır və xəstəliklər daha ağır keçir”.
Qadınlarda siqaretin təsiri ilə bağlı isə Ləman Süleymanova bildirib:
“Qadınlarda siqaret dəridə erkən qocalmaya, qaraciyər xəstəliklərinə səbəb olur. Hamilə qadınlar üçün isə bu çox təhlükəlidir. Bu qadınlar üçün siqaret çəkmək bir yana, hətta tüstüsü belə çox təhlükəlidir. Hamilə qadınlar üçün erkən doğuş, uşaqda anemiya kimi mənfi təsirləri ola bilir. Siqaret immuniteti zəiflədir, bədəni xəstəliklərə qarşı həssas edir. Bu, xüsusilə pandemiya dövründə siqaret çəkənlərdə xəstəliklərin daha ağır keçməsinə səbəb olub”.
Sonda diyetoloq vurğulayıb:
“Siqaret təkcə onu çəkən şəxsin deyil, ailə üzvlərinin və gələcək nəsillərin də sağlamlığına ciddi təhlükədir”.
Ləman Süleymanova siqaretdən uzaq durmağın və geniş maarifləndirmənin zəruriliyini xüsusi olaraq qeyd edib.
Sultan Məmmədli,
Musavat.com
12 Avqust 2025
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ