İnsanlara hürriyət, millətlərə istiqlal!

Aşpaz estetik cərrah olanda...

O gün yenə plastik cərrahın qurbanı olan bir qadının hekayəsini oxudum. Təkcə oxumadım, tamaşaçılarla da bölüşdüm.

Açıq etiraf edəcəm – artıq onların heç birinə mərhəmət hissi duymuram. Bəli, bədən şəkilləndirmə üçün plastik cərraha müraciət edəndən sonra ya bədənləri çürüyür, ya şikəst olurlar, ya da bir daha ana olmayacaqlarını öyrənirlər. Qəddarmı olmuşam? Yox, sadəcə, bu hal son illərdə qarşısıalınmaz sel kimi ölkəni başına alıb. Plastik cərrah adı altında dırnaq ustaları, aşpazlar, mühasiblər qollarını cırmayıb girirlər cərrahiyyə otağına, başlayırlar kəsib-tökməyə. Ordan yağ götürüb, bura vururlar, burdan piy çıxarıb ora vururlar. Elə bil yarpaq dolması bükürlər, yağlı, piyli ət və onun bükülməsi... Qadınlar hər dəfə zərərçəkənlərin müsahibələrini, şikayətlərini mətbuatdan izləyirlər. Maşallah, hamının əlində telefon, xəbərlər də sel kimi. Bəs bunları görə-görə, şarlatanların əlində şikəst olacaqlarını bilə-bilə niyə plastik cərrahiyyəyə gedirlər? Bax, mən onu anlamıram. Cərrahiyyə əməliyyatı nəticəsində burun gözəlləşməz, anlayaram. Üz gərdirmə effetksiz olar, onu da cəhənnəm, yola verərik. Amma bu dələduzlar qadınların həyati əhəmiyyət daşıyan orqanlarını sıradan çıxarırlar, elə hala qoyurlar ki, əməliyyatdan sonra adam stulda otura, gəzə, ümumən normal həyatına qayıda bilmir.

İndi deyəcəksiz ki, bəs dövlət hara baxır? Bu lisensiyasız çoban ordusunu niyə camaatın canına salır? O sualı mən də o gün soruşdum aparıcısı olduğum efirdə. Biz Azərbaycanda yaşayırıq, heç kim heç kimə kələk gəlməsin. Bu ölkədə bir nəfər yola piştaxta qoyub göyərti belə satmağa çalışsa, dərhal ondan icazə, dəftər-kitabla rüsum alacaqlar. Necə olur ki, ölkənin mərkəzində zırıltı bir gözəllik mərkəzi açılır, orda da dırnaq ustası gəlib, camaatı kəsib-biçə bilir. Yiyəsizlikdir? Dərəbəylikdi? Estetik zədə qadınlar ortaya çıxıb, şikayət edəndə isə müvafiq qurumlar bəyanat yayır ki, bəs o həkim deyilən zat həkim deyilmiş, aşpaz imiş. Əslində guya nə fərqi var? Aşpaz da ət kəsir, bu da. Aşpaz da yeməyə piy qatır, bu da... Yəni, biz iş-işdən keçəndən sonra “aman Allahhh” deyib, əlimizi əlimizə vururuq sadəcə. Soruşan yoxdu ki, o aşpaz özünü cərrahiyyə otağına soxuşdurana qədər kimə nə qədər rüşvət verib?
Əzizlərim, amma bu dünyada tələb-təklif tendensiyası var axı. Tələb olmasa, təklif də qüvvədən düşər. Yəni, Azərbaycan qadını əl birliyi ilə bu şarlatanlardan imtina etsə, bədən şəkilləndirmə adı altındakı o əcaib bədən quruluşlarına sahib olmaqdan imtina etsə, bunlar da çörəksiz qalar. Düşünün, yolda gedirsiz və az qala toğluya bənzər qadınlar, yançaqlarını fırlada-fırlada ortalıqda gəzirlər. Bellə yançaq arasındakı fərq 10 dəfə, mütənasiblik gedib işinin dalınca. Niyə? Kimə hesablanıb bu əcaiblik? Burnu kəsik, qaşları qalxıq, sinəsi silokonlu, dodağı şişmiş, yançağı da piylə doldurulmuş əcaib varlıqlar. İnsandan daha çox nəyə desəz, bənzəyirlər. Amma özləri kənardan özlərini çox daha gözəl görürlər. Bəla da bundadır.

O gün bədən quruluşu toğluya bənzər bir müğənni efirdən bar-bar bağırırdı ki, bəs mən bədənimi şəkilləndirəndən sonra toylara dəvət çoxalıb. İndi çatdırmıram. Dolayısı ilə bizə mesaj verirdi ki, Azərbaycan xalqı mənim səsimi dinləməyə, üzümü görməyə yox, yançaqlarımı seyr etməyə çağırır. Ona baxan yüzlərlə beyinsiz də fikirləşir ki, bəs əgər bu, yançağını böyütməklə toy biznesini böyüdə bilirsə, mən niyə...? Bu, insanın qarşısında yaşıl işıq yandırırsa, nəyə görə də yox? Ölkədəki bahalaşma da, rüşvət də, cərimələrin artması da, iqtisadi problemlər, monopoliya da ciddi problemdir. Hamısından da danışırıq. Amma şarlatanların tibb sahəsinə daraşması insanların ölümünə səbəb olur. Heç kim də “qadınlar getməsin dəəə” deməklə yaxasını kənara çəkə bilməz. Dövlət özü buna əl qoymalıdır. Ötən həftə Tiktokda bir qadın bədən şəkilləndirmə əməliyyatı üçün canlı yayım açıb, pul yığırdı. Deyirdi ki, bəs əməliyyatımı pulsuz edəcəklər, amma analizlər üçün 2 min manat lazımdır, atın əlimizi cibinizə. Mən son dəfə baxanda 500 manatı dilənə-dilənə yığmışdı, sonrasından xəbərim olmadı. Yəni bu tendensiya o qədər artıb ki, artıq qabağını qanundan başqa heç nə ala bilmir və bilməyəcək də...

Ölkənin səhiyyəsini də elə düzəltdikləri yançaq gününə qoyan “estetik cərrahlar” düşünsünlər ki, bu özbaşınalıqların da bir sonu gələcək. Hər kosmetoloq, aşpaz, mühasib əlinə bıçaq alıb, camaatın canına düşməməli, bu iş bu qədər asan olmamalıdı. Bu sahəyə nəzarət edənlər də xəstələrin ah-naləsinə bir qulaq versinlər. Əks halda, ölkədə yançaqlarını daşıya bilməyən qadınların əlindən tərpənmək olmayacaq...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR