İnsanlara hürriyət, millətlərə istiqlal!

TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürüdür - ŞƏRH

Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Prezident İlham Əliyevin xarici siyasətinin prioritet vəzifələrindən biri olan Türk dövlətləri ilə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində daha qətiyyətli addımlar atılacaq. Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf edir. Çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, mədəni, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar türk dövlətlərinin əlaqələrini daha da möhkəmləndirir. Beynəlxalq aləmdə birgə fəaliyyət və qarşılıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir. Bu günlərdə Bakıda keçirilən TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir nümunəsi oldu. Prezident İlham Əliyevin bu il iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı səsləndirdiyi fikirlər Türk dünyasının birləşməsi istiqamətində yol xəritəsi oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimizin möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir: “Prezident İlham Əliyev də TÜRKPA-nın plenar iclasının iştirakçılarını qəbul edən zaman bu fikri bir daha diqqətə çatdırdı. Dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirib. Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlər, qarşılıqlı səfərlər bu birliyin sarsılmaz olduğunu bir daha dünyaya bəyan edir. Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu var. Bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirməsidir”.

Ç.Qənizadə dövlət başçımızın səsləndirdiyi fikirlərdən bəzi məqamları xatırladaraq deyib ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən görüşlər və digər tədbirlər davam etdiriləcək. Yaxın vaxtlarda Şuşada belə bir tədbirin keçirilməsi planlaşdırılıb. Məlum olduğu kimi, Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Dövlətimizin başçısı bildirdi ki, Zirvə görüşlərinin keçirilməsi mütəmadi xarakter almalıdır. Dövlətimizin başçısı da dedi ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki sürətli, davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün mövzusu da bəllidir. Bu, nəqliyyat və iqlimlə bağlı olacaq. Bu istiqamətdə tədbirlərin təşkil olunması çox zəruridir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Məhz bunun nəticəsidir ki, Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması istiqamətində Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir.

Tanınmış hüquqşünasın sözlərinə görə, Zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi mənası var. Çünki Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Bu müddət ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər ediblər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdam və Füzulidə olublar. Bununla yanaşı, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar birliyimizin göstəricisidir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə geniş yol-nəqliyyat infrastrukturu yaradılır. Bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.

Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq, abadlıq işləri aparıldığından söhbət açan Ç.Qənizadə deyib ki, Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək: “ Dövlətimizin başçısı da dedi ki, azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkün soydaşlarımız oraya qayıdıblar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR