İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan səfiri: “Azərbaycanla əlaqələrimizi gücləndirəcəyik”  

"Bildiyiniz kimi, Türkmənistan Bitərəf dövlət olaraq bu il öz daimi Bitərəfliyinin 30 illiyini qeyd edir. Mövcud qlobal məsələlərdə Türkmənistan hər zaman konstruktiv dialoqun aparılmasının tərəfdarı olaraq, dünyada və regionda sülhün qorunması üçün beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif təşəbbüslərlə çıxış edir.

Son bir neçə ilin tendensiyaları və hadisələri beynəlxalq və dövlətlərarası münasibətlərdə ciddi dəyişikliklərdən, qlobal və regional ziddiyyətlərin kəskinləşməsindən, dünyanın müxtəlif yerlərində anlaşmazlıqların yaranmasından xəbər verir. Bu hadisələrin səbəb-nəticə əlaqələri müxtəlifdir, lakin açıq-aşkar görünür ki, dünya siyasətinin hazırkı vəziyyətinin səbəbi dünya nizamının müəyyən modelinin düzgünlüyünə etimadsızlıq, baxış və fikirlərdə ciddi fərqlərin olmasıdır".

Musavat.com xəbər verir ki, bunu Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Qurbanməmmet Elyasov Bakıda keçirilən “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda tədbirdə bildirib. O, qeyd edib ki, hazırkı şəraitdə Bitərəf dövlət kimi, Türkmənistan mövcud böhrandan yaradıcı platformada çıxmaq üçün beynəlxalq səylərin birləşdirilməsi və bunun üçün uyğun siyasi və diplomatik imkanların formalaşdırılması istiqamətində tədbirlərin görülməsinin tərəfdarıdır:

“Buna əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyası zamanı Türkmənistan “2025 - Beynəlxalq Sülh və Etimad İli” adlı qətnamənin təşəbbüskarı olub və 86 dövlətin həmmüəllifliyi ilə qəbul edilib.

Türkmənistan 2025-ci ildə Beynəlxalq Sülh və Etimad İlinin keçirilməsi qərarını qlobal hadisə, beynəlxalq münasibətlərdə yeni, keyfiyyətli keçid üçün real imkan kimi qiymətləndirir. Əslində, Türkmənistanın təşəbbüsü bütün dövlətləri dünya nizamının əsas prinsipi kimi sülh və etimad ideyasının həyata keçirilməsinin siyasi, ideoloji və praktiki aspektləri də daxil olmaqla birgə işə başlamağa dəvət və çağırışdır.

Türkmənistanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biri də qardaş Azərbaycan Respublikası ilə əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsidir.”

Səfir qeyd edib ki, ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat və logistika, neft və qaz sahələrində yüksələn xətlə inkişaf etməkdədir:

“Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk və bunu dəyərləndiririk. Azərbaycan bizim üçün qardaş ölkədir, qardaş xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək əlaqələrimizi ardıcıl olaraq gücləndirəcəyik. İndi Türkmənistan və Azərbaycan arasında əməkdaşlığın əsas perspektiv istiqamətləri haqqında məlumat vermək istərdim”.

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR