İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəyə təzyiqlər BAŞLADI - Bu təşkilata görə...

Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT)  daxil olması onun Aİ Gömrük İttifaqının üzvü kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmaz. Bunu Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen deyib. 

Yada salaq ki, iyulun 11-də Ərdoğan Türkiyənin ŞƏT-ə üzv olmaq niyyətini açıqlayıb. Onun sözlərinə görə, ŞƏT-ə mümkün üzvlük NATO-ya alternativ deyil. Avropa İttifaqına gəlincə, Ərdoğan hələ bir müddət əvvəl bəyan etmişdi ki, ŞƏT-in sammitində iştirakı üçün Aİ-yə hesabat vermək niyyətində deyil. Ərdoğan xatırladıb ki, Aİ yarım əsrdən artıqdır ki, Türkiyənin öz sıralarına daxil olmasını əngəlləyir: “Avropa İttifaqı bizi 52 il saxlayacaq, ona yaxınlaşmağa imkan verməyəcək, sonra da soruşacaq: "Niyə bu ölkə ilə görüşdü, niyə başqa bir ölkə ilə görüşdü?" Mən danışıqlar aparacağam. Biz bu danışıqları apararaq Avropa İttifaqı qarşısında hesabat verməli deyilik". 

Qeyd edək ki, bu il iyulun 12-də Vaşinqtonda keçirdiyi mətbuat konfransında da Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankaranın ŞƏT-ə üzv olmaq məqsədini açıqlayıb. Türkiyə prezidentinin sözlərinə görə, o, artıq bu məsələni Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Qasım-Jomart Tokayev, eləcə də Çin rəhbəri Si Cinpinlə müzakirə edib. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ŞƏT-i Türkiyənin 1999-cu ildən namizəd olmağa çalışdığı Avropa İttifaqına “yaxşı alternativ” adlandırıb.

Xatırladaq ki, 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş və beynəlxalq status daşıyan ŞƏT-in hazırda 9 tamhüquqlu üzv ölkəsi var. 2017-ci ildə quruma Hindistan və Pakistan, 2022-ci ildə İran tamhüquqlu üzv kimi qəbul edilib. ŞƏT Avrasiya ərazisinin 60%-ni özündə birləşdirir. Təşkilat hərbi blok (məsələn, NATO kimi) və ya açıq müntəzəm təhlükəsizlik konfransı (məsələn, ARF kimi) deyil, fərqli mövqe tutur. Belə ki, təşkilatın əsas vəzifələri iştirakçı dövlətləri birləşdirən geniş ərazidə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizm, separatizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, iqtisadi əməkdaşlığın inkişafı, enerji tərəfdaşlığı, elmi və mədəni qarşılıqlı əlaqələrin inkişaf etdirilməsidir.

fikret.jpeg (167 KB)

 Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifovun fikrincə, Qərbin bu məsələdə Türkiyəyə yol göstərmək, məsləhət verməyə mənəvi haqqı yoxdur: “Türkiyə on illər uzunu Avropa Birliyinin qapısını döydü və gerçəkdən bu ittifaqa üzv olmağa çalışdı. Lakin Aİ-nın Fransa və Almaniya kimi dayaq ölkələrinin çirkin oyunları sonda Türkiyəni bu birliyə yaxın buraxmadı. Türkiyənin bu birliyə buraxılmamasının bəlli səbəbləri var. AB bu səbəbləri, sadəcə, açıqlaya bilmir. Səbəblər isə bunlardır:  Avropa İttifaqına üzv ölkələrdə və xüsusilə də Almaniyada milyonlarla türk yaşayır. Türkiyənin bu ittifaqa üzvlüyü bir neçə il ərzində Avropadakı türklərin sayının bir neçə dəfə artması ilə nəticələnə bilərdi. Aİ-nin ən çox qorxduğu məsələlərdən biri bu idi. İkincisi, Aİ-yə üzv olan Türkiyə iqtisadiyyatını indikindən daha böyük sürətlə inkişaf etdirmək şansları yarana bilərdi. Çünki Aİ çərçivəsində iqtisadi müstəvidə fəaliyyət üçün çoxsaylı güzəştlər mövcuddur. Türkiyənin həmin güzəştlərdən istifadə etməsi o demək idi ki, o Avropa bazarında dominantlıq etmək şansına sahib çıxa bilərdi. Bir sözlə, NATO-nun ikinci ən güclü ordusuna sahib bir ölkənin Aİ üzvlüyünə qəbul edilməməsinin başlıca səbəbi türk qorxusu, türk xofu idi. Türkiyə Aİ-yə üzv olardısa, bu birliyin yanlış qərarlarının hamısının qarşısına sədd çəkən bir dövlət olacaqdı. Bütün bunlara görə də birliyin dayaq ölkələri Almaniya və Fransa  on illər boyunca Türkiyənin AB-yə üzvlüyünə hər vəchlə əngəl törətdilər.  

Türkiyə bunları görüncə, sonda öz seçimini etmək qərarı verdi. Avrasiya məkanının ən güclü birliyinə çevrilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq yolunu seçdi. Türkiyənin bu seçimi ABŞ və Aİ-ni ciddi narahat edir. Türkiyənin üzv olması ilə Avroasiya məkanında qüvvələr nisbəti ciddi şəkildə dəyişəcək. Yəni Çinin, Hindistanın, Pakistanın və Rusiyanın üzv olduğu bir birliyə qatılmaqla Türkiyə qüvvələr nisbətindəki tarazlığın tamamilə pozulmasına səbəb olacaq. 

Hesab edirəm ki, Türkiyə doğru yoldadır. Əgər ABŞ başda olmaqla, Avropa Birliyi Türkiyənin ŞƏT-ə üzv olmasını istəmirlərsə, qoy onda Aİ-nin qapılarını Türkiyənin üzünə açsınlar və onu vaxtilə zərurət səbəbindən NATO-ya necə dərhal üzv qəbul etmişdilərsə, bu dəfə də eyni qaydada Avropa Birliyinə üzv qəbul etsinlər. Bunu edərlərsə, Türkiyə ŞƏT-ə üzv olmaq təşəbbüsündən geri çəkilə bilər..."

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

 Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Türkiyənin əvvəlki Türkiyə olmadığını diqqətə çatdırdı: “Türkiyənin hər hansı bir Avrasiya mərkəzli və ya qeyri-anqlosak qurumda iştirakı əlbəttə ki, Qərbi və onun oyunçularını narahat edir. Prezident Ərdoğan çox gözəl anlayır ki, Türkiyə NATO-dan başqa heç bir Qərb konfiqurasiyasına lazım deyil. NATO-ya da Türkiyənin hərbi gücü lazımdır. Aİ və digər qurumlara Türkiyənin buraxılması mümkün deyil. Ona görə də Prezident Ərdoğan Rusiya və digər Avrasiya oyunçuları, həmçinin digər Asiya ölkələri ilə birgə qurumlarda fəaliyyətə meyl edir. Çin və Rusiyanın köməyi ilə prezident Ərdoğan Türkiyənin güclənməsini təmin etmək istəyir. Çinə də, Rusiyaya da, İrana da Türkiyənin Amerikaya qarşı onlarla birgə olması lazımdır. ŞƏT-in ərazi və resurs potensialı çox böyükdür. Sadəcə olaraq, dünyanın maliyyə sistemi dollar mərkəzli olduğuna görə maliyyə resursları köhnə dünya ilə müqayisə edilə bilmir. Bununla belə, proseslər dünya iqtisadiyyatında ehtimal edilə bilən dəyişikliklərin ola biləcəyindən xəbər verir. Maliyyə mərkəzlərinin dəyişməsi böyük hərbi təlatümlərdən sonra baş verir. Dünyada isə Ukrayna, Yaxın Şərq və digər bölgələrdə ciddi hərbi toqquşmalar baş verir. Sahədə hər bir böyük və regional oyunçunun öz assimetrik tərəfdaşı var. Yaxın Şərqdə Hizbullah kimi İranın assimetrik tərəfdaşları var. HƏMAS müəyyən qədər İran və Türkiyə ilə işləyir. Amerika və Qərb kürd qruplaşmalarını dəstəkləyir. Belə bir ortamda ŞƏT əslində Türkiyə üçün gələcəkdə cərəyan edə biləcək hadisələrdə alternativ platformalardan biridir. Bir ölkənin iqtisadiyyatı nə qədər çox fərqli qurumlarda iştirak edərsə, təhlükəsizliyi bir o qədər təmin edilər. Türkiyəyə qarşı təzyiqlərə gəldikdə isə bu da normaldır. Qərb prezident Ərdoğana qədər Türkiyəyə öz əlavəsi kimi baxırdı. Gah Koreyada vuruşdururdu, gah Əfqanıstana göndərirdi. Həftədə bir kabinet böhranlarına səbəb olurdu. Amma indi xarizmatik lider problemi ilə üz-üzədir. Bu qədər iqtisadi problemlərə, sosial problemlərin dərinləşməsinə baxmayaraq Türkiyə ayaqdadır. Hətta proseslərin əsas oyunçusudur. Onun ŞƏT-ə qoşulması imkanlarını şaxələndirir. Qərb üçün bir zamanlar öz nəzarəti  altında olan Türkiyənin indi müxtəlif qurumlarda iştirakına özünün qərar verməsi qəbuledilməzdir. Bir də dünyanın mərkəzi dəyişir. Bunu ancaq dərin analitiklər hiss edir. Bütün əsrlərin ilk rübü təlatümlər və mərkəzlərin yenilənməsi dövrləridir. Dünya "dəri"sini dəyişmək zorundadır. Dəri dəyişmək isə sancılı prosesdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR