İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin şərtləri açıqlandı - qardaş ölkənin haqlı mövqeyi...

Ekspert: “Türkiyənin İsveç və Finlandiya ilə bağlı şərtləri ya nəzərə alınacaq, ya bu ölkələr NATO-ya üzv olmayacaq”

Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı vetosunu qaldırması üçün istək siyahısı açıqlanıb. “Bloomberg” xəbər agentliyinə açıqlama verən və adının gizli saxlanılmasını tələb edən üç yüksək rütbəli türk məmur Türkiyənin tələblərini sadalayıb.

İsveç və Finlandiya NATO-ya qəbul edilməzdən əvvəl PKK terror təşkilatı və onun bütün törəmələrini terror təşkilatı elan etməli və bu ölkələrdəki terror təşkilatına rəğbət bəsləyənlərə qarşı aktiv mübarizə aparılmalıdır.

Ankara həmçinin zaman-zaman Türkiyəyə tətbiq edilən müdafiə sənayesi sanksiyalarının və silah embarqolarının qaldırılmasını tələb edir. Bunlara əlavə olaraq Türkiyənin yenidən F-35 proqramında iştirakının təsdiqlənməsi və 40 F-16 Blok, 70 F-16 döyüş təyyarəsi və modernizasiya paketi tələb edir.

Türkiyənin digər istəyi Rusiyadan S-400 Hava Hücumundan Müdafiə Sistemini almasından sonra ABŞ-ın tətbiq etdiyi CAATSA sanksiyalarının ləğvidir.

“Bloomberg”ə danışdığı iddia edilən Türkiyə rəsmiləri bəyan ediblər ki, Ankaranın Yunanıstanın yenidən NATO-ya qəbulunda olduğu kimi səhvi təkrarlana bilməz və ilk növbədə problemlər həll edilməlidir.

Eyni zamanda tələblərin daxili siyasətlə heç bir əlaqəsinin olmadığı və Türkiyənin milli maraqlarından çıxış etdiyi vurğulanıb.

Bu şərtlər qəbul ediləcəkmi? Şərtlər qəbul edilməsə, Türkiyə Yunanıstan təcrübəsini əsas götürüb sonadək israr edəcəkmi? Etsə, Finlandiya və İsveçin məsələsi həll olunmamış qalacaq?

Yeganə Hacıyeva: “Cəmiyyətimizin siyasətlə maraqlanmaması haqda yanaşma  doğru deyil”

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin irəli sürdüyü şərtlər heç bir halda NATO-nun genişlənməsinin əleyhinə qəbul edilməməlidir. Son il ərzində Ukrayna və Qazaxıstan böhranlarında Türkiyənin nizamlayıcı və real sülhyaratma təşəbbüsləri ortadadır. Türkiyənin bu fəaliyyəti NATO-nun balans siyasətində əsas dayaq rolunu oynayır: “Bu baxımdan Türkiyənin özünün milli maraqlarına hədələr formalaşdıran bir sıra xarici ocaqların söndürülməsi istiqamətində müttəfiqlərindən gözləntiləri var və onlara əməl olunmalıdır. Ankara NATO-nun Türkiyəyə münasibətdə bu mövzularda ortaq məxrəci tapmasını, birlik və həmrəylik nümayiş etdirməsini istəyir.

70 il əvvəl NATO-ya üzv olan Türkiyə soyuq müharibə dövründə də, qismən sabit zamanlarda da alyansın aparıcı üzvlərindən biri kimi NATO-nun sərhədlərinin qorunmasındakı sülhyaratma, dəstək missiya və əməliyyatlarına geniş töhfələr verib. NATO-nun əsas dəyərlərinə uyğun prinsipial və uzunmüddətli hədəflərə hesablanmış  yanaşmaları ilə NATO kursunu istiqamətləndirən aparıcı müttəfiqlərdən biridir. NATO-nun rəhbərliyi səviyyəsində bu, dəfələrlə etiraf edilib".

Ekspertin sözlərinə görə, Türkiyə hazırda da NATO-nun dəyişmə və transformasiya prosesinə xüsusi vacib töhfələr verməyə davam edir. Türkiyənin alyansdaxili fəaliyyəti təkcə özünün  deyil, bütün Avroatlantik coğrafiyasının  təhlükəsizliyi ilə bağlı hədələrlə mübarizədən ibarətdir: “Türkiyə bu coğrafiyada  təhlükəsizliyin və sabitliyin qorunması istiqamətində  qətiyyətli rola malikdir.

Suriyada proseslər gərginləşən zamanlarda NATO-nun üzvü Türkiyənin ərazisində Almaniya və Hollandiya Patriot sistemləri quruldu və 2015-ci ildə hələ Suriyada müharibə bitməmiş, ərazisində 3 milyon suriyalı qaçqın olan Türkiyədən bu sistemlər çıxarıldı.

Məntiqlə Yaxın Şərq kimi həssas və kənar oyunçuların bu qədər aqressiv oynadıqları bir regionda NATO üzvü Türkiyənin modern hava hücumundan müdafiə sistemlərinə malik olması  anlaşılan olmalı idi, amma  bu belə olmadı. Lakin NATO-nun güclənməsində bu qədər xidməti və zəhməti olan Türkiyə üçün qoyulan qadağalar onun bəlli sularda ərazi bütövlüyünü şübhə altına almağa çalışan Yunanıstana şamil olunmadı. Əvəzində Yunanıstana bu gün istər Rusiya istehsalı, istərsə də NATO ölkələri istehsalı olan bütün sistemlərin əldə olunması üçün kifayət qədər şərait yaradılıb. Türkiyə öz şərtlərini irəli sürdükdən həmən sonra bunu NATO üzvü Türkiyənin Rusiyanın maraqları çərçivəsində çıxış etməsi kimi göstərməyə çalışdılar.

Hətta proses bir az da irəliləyərək Rusiyanın Avropa təhlükəsi mövzusunu Türkiyənin NATO maraqlarını zədələməsi, NATOdaxili proseslərdə Türkiyəyə qarşı qruplaşma formalaşdırmaq kimi qələmə vermək prosesi müşahidə edilir.

Diğər tərəfdən,  İsveçin alyansa üzvlüklə bağlı ərizəsini hamıdan tez ratifikasiya etmək istəyən ABŞ-la Türkiyə arasında artıq müəyyən fikir ayrılığı mövcuddur. Bu fikir ayrılığının ölkələr arasındakı münasibətləri gərginləşdirmək gücündə olduğunu da söyləmək olar

Türkiyənin İsveç və Finlandiya ilə bağlı şərtləri ya nəzərə alınacaq, ya bu ölkələr NATO-ya üzv olmayacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR