İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin NATO-ya üzvlük üçün ön şərtləri - ABŞ hansı yolu seçəcək?

Rusiyanın Ukraynaya işğalçı müdaxiləsindən sonra iki skandinaviya ölkəsi-İsveç və Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət ediblər.

Lakin NATO-nun ən böyük ordusuna sahib olan Türkiyə şimal ölkələri ilə hərbi ittifaqa girməyə tələsmir. Bunun üçün rəsmi Ankaranın əlində kifayət qədər ciddi səbəbləri var.

Türkiyə Cümhuriyyəti İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı Qərb qarşısında şərtlərini açıqlayıb.

Musavat.com xəbər verir ki, “Bloomberg” agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki qaynaqlarına istinadən həmin şərtlərin nədən ibarət olduğunu bildirib:

- İsveç və Finlandiya NATO-ya qəbul olunmazdan əvvəl PKK və buna bənzər təşkilatları terror təşkilatı elan edəcək və onlara rəğbət bəsləyənlərə qarşı aktiv mübarizə aparacaqlar;

- Türkiyəyə qarşı fasilələrlə tətbiq edilən müdafiə sənayesi sanksiyaları və silah embarqoları qaldırılacaq;

- Türkiyə yenidən F-35 proqramına daxil ediləcək;

- Türkiyənin 40 “F-16" Blok 70 ”F-16" döyüş təyyarəsi və modernizasiya paketi tələbi qəbul ediləcək;

- Türkiyə Rusiyadan S-400 aldıqdan sonra tətbiq edilən CAATSA sanksiyaları qaldırılacaq.

Göründüyü üzrə əslində tələblərin bir çoxu birbaşa İsveç və Finlandiyaya deyil, ABŞ-a yönəlikdir. Rəsmi Vaşinqtonun bunlara nə cavab verəcəyi indidən maraq doğurur.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Amerikanın Türkiyəyə təzyiq edəcək qədər əlində güclü alətləri yoxdur”

Onu da qeyd edək ki, Türkiyə həm İsveçin, həm də Finlandiyanın PKK terror təşkilatının fəaliyyət yuvasına çevrildiyini və terrorçular üçün əhəmiyyətli dərəcədə maliyyə qaynaqlarının təmin olunduğu bölgələr olduğunu bildirir. Lakin həm rəsmi Stokholm, həm də Helsinki NATO üzvlüyü istəklərindən vaz keçməməklə bərabər Türkiyənin tələblərini yerinə yetirməkdən boyun qaçırır. “Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı aradan qaldırılmalıdır”.

Bunu NATO Baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığından sonra twitter hesabında yazıb. “Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ən yaxın tərəfdaşlarımız Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlük üçün müraciət qərarları haqqında danışdım. Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı həll edilməlidir. Biz bu tarixi anda bir yerdə olmalıyıq”, - NATO baş katibi bildirib.

“NATO təhlükəsizlik təşkilatıdır, bu səbəbdən ora terror təşkilatlarını qəbul edə bilmərik. “Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşü zamanı deyib. O bildirib ki, yeni üzvlərin qəbul olunması üçün tam razılıq tələb olunur: ”Bir ölkə “yox” desə, qəbul edə bilməzlər. NATO təhlükəsizlik qurumudur, oraya terror təşkilatlarını qəbul edə bilmərik. İsveç isə terror mərkəzidir, terrorçuların yuvasıdır. Biz qəti şəkildə siyasətimizi davam etdirəcəyik, Finlandiya ilə İsveçin NATO-ya üzvlüyünə “yox” deyəcəyimizi bildirmişik".

Vaşinqton üçün də indi iki ölkənin NATO-ya üzv olması vacibdir. Vaşinqton ya Ankaranın tələblərini yerinə yetirməli, ya da Türkiyəyə təzyiqlər yolu seçməlidir? Ağ Ev hansı yolu tutacaq?

“Atlas”Araşdırmalar Mərkəzinin   rəhbəri   Elxan   Şahinoğlu Türkiyənin şərtləri yerinə yetirilmədən iki ölkənin NATO üzvlüyünün mümkünsüz olduğunu söylədi: “Qərbin aparıcı dövlətləri yenə də təəssüflər olsun ki, ikili standartlardan çıxış edirlər. Gürcüstan və Ukrayna on illərdir ki, NATO üzvü olmaq istəyirlər. NATO-nun bəzi üzvləri, o cümlədən Fransa və Almaniya bunun əleyhinə çıxdılar. İmkan vermədilər ki, Gürcüstan və Ukrayna NATO üzvü olsunlar. Nəticədə Rusiya Gürcüstanı dağıdıb parçaladı, Abxaziya və Cənubi Osetiyanı ilhaq etdi, ardınca 2014-cü ildə Krım ilhaq olundu, indi də Ukraynaya qarşı işğalçı müharibə aparır. Halbuki 2008-2009-cu illərdə Ukrayna və Gürcüstan NATO-ya üzv qəbul olunsaydılar, Fransa və Almaniya buna mane olmasaydılar, Rusiya risk edib bu qurumun üzvü olan Gürcüstan və Ukraynaya hücum etməzdi. Elə ki, Ukrayna müharibəsindən qorxan İsveç və Finlandiya NATO-ya üzvlüyü qarşılarına hədəf qoydular, bütün Qərb ölkələri, o cümlədən Fransa və Almaniya bu qərarı alqışladılar. Yekdilliklə dedilər ki, bu iki dövləti NATO üzvlüyünə qəbul edəcəklər. Bu isə ikili standartlardan o tərəfə keçmir. Başqa iki dövləti sən üzvlüyə qəbul etmirsən, halbuki bunu onların özləri istəyir, ona görə qəbul etmirsən ki, onlar kasıb ölkələrdir. Varlı dövlətlər olan İsveç və Finlandiya rəy bildirən kimi onlara müsbət cavab verirsiniz. Yaxud da Türkiyəni götürək. Qardaş ölkə 70 ilə yaxındır ki, Avropa İttifaqının qapısında gözlədilir. Yenə də Almaniya və Fransa Türkiyənin üzvlüyünə mane olurlar. Əgər bu ölkələr Türkiyənin üzvlüyünə imkan vermirlərsə, niyə qardaş ölkə PKK-ya dəstək verən, onu silahla təmin edən, partizanlıq edən bu iki ölkə-İsveç və Finlandiyanın NATO üzvlüyünə ”yaşıl işıq" yandırmalıdır? Bəli, Türkiyənin şərtləri var. Bu şərtlər yerinə yetirilməlidir. Hər iki dövlətin partizançılıq fəaliyyəti aradan qaldırılmalıdır. Hətta parlamentlərində belə PKK-çı deputatlar var. İsveçdə PKK-çıların bir neçə internet televiziya kanalı var. Onlar bağlanmalıdır. Amerika ilə bağlı da qardaş ölkənin şərtləri var. Əgər NATO təhlükəsizlik və müttəfiqlik təşkilatıdırsa, bu dövlətlər bir-birinə hörmət etməli, dəstək verməlidir. Necə dəstəkdir ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyir, amma qurumun digər üzvü Türkiyənin əleyhinə fəaliyyət göstərəcək qruplara öz ərazisində şərait yaradır. Bu nonsensdir. Türkiyə bu ziddiyyətin ortadan qaldırılmasını tələb edir. Amerikanın özünün də yerinə yetirməli olduğu məsələlər var. Türkiyə hərbi təyyarələr satmır. Bu necə NATO-da müttəfiqlikdir ki, Türkiyəni sıxışdırırlar, əleyhdarlarına silah verirlər, amma Ankaraya silah satmırlar? Bu problemlər aradan qalxmasa, Türkiyə İsveç və Finlandiyanın üzvlüyünə imkan verməyəcək. Amerikalılar təxribatçı xəbər ortaya atıblar ki, guya Türkiyə NATO-dan çıxarıla bilər. Əslində bu mümkün deyil. Çünki NATO-da bütün məsələlər konsensusla həll olunur. Türkiyə özü çıxmaq istəməyəndən sonra kim onu zorla NATO-dan çıxara bilər? Qardaş ölkəyə qarşı bu təzyiqi həyata keçirməkdənsə, müttəfiqləri onun istəyini yerinə yetirsinlər. Türkiyənin pulunu ödədiyi təyyarələri satmalıdırlar. PKK-ya Avropada fəaliyyət göstərməyə imkan verilməməlidir. Bunlar elə də ağır şərtlər deyil və Türkiyənin maraqlarına uyğundur. İsveç və Finlandiyanın əleyhinə olan hansısa qrupun Türkiyədə fəaliyyəti varmı?   Yoxdur. O zaman bu iki ölkə PKK-nın fəaliyyətinə niyə imkan verir? Bu məsələ həll edilməlidir. Amerikanın Türkiyəyə təzyiq edəcək güclü alətləri yoxdur".

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov: “Türkiyənin xarici siyasət perspektivlərində yeni dünya düzəni var”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ağ Evin özünü necə aparacağı Rusiyanın Ukraynadakı durumundan  asılıdır: “Amerika Türkiyəyə praktik konkret hal ehtiyacından doğaraq münasibət bəsləyir. Sahədə ”vay vay" halına keçən kimi Ağ Ev Türkiyəni müttəfiq görür. Durum düzələn kimi “demokratiya eşqi” şahə qalxır, Türkiyədəki dollarcanlı müxalifət, saxta erməni soyqırımı yada düşür. Skandinaviyalılara gəldikdə isə buz vurmuş soyuq ölkələr son zamanlar özünü yaman vacib sayır. İsveç də, Finlandiya da bilir ki, ruslar asqırsa, bunlarda zəlzələ olar. Buna baxmayaraq havaya girib PKK və digər qurumlara dəstək verirlər. Yenə məsələ Avropa liberal demokratiyasının arxasında gizlənmiş irqçi mahiyyətə dönür. Türkiyə, konkret olaraq isə Ərdoğan bunu gözəl bilir. Türkiyənin xarici siyasət perspektivlərində yeni dünya düzəni var. Orada mərkəz anqlo saksonluq və məlum sərmayə ailələri deyildir. Bu ülkü nizamıdır. Nizamı aləm davasıdır".

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə: “Ərdoğan milli maraqları qoruyacaq”

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Ərdoğanın geri addım atmayacağını bildirdi: “Türkiyə NATO-nun etibarlı müttəfiqi kimi cənub-şərq cinahında önəmli yer tutur. Bu xüsusda Ankaranın Alyans üçün strateji önəmi var. Rusiyanın Ukraynaya işğal siyasəti fonunda Finlandiya və İsveçin NATO üzvü olmasına Türkiyə tərəfindən veto qoyulmasına gəldikdə, bu, Ankaranın hüququdur. İlk növbədə hər iki ölkə Türkiyənin maraqlarını nəzərə almalıdır. PKK terror təşkilatına ev sahibliyi etməməlidir. Bundan əlavə, Ankara ABŞ tərəfindən Türkiyəyə qarşı sanksiyaları da aradan qaldırmalıdır. Necə ki, geosiyasi şərtlər dəyişir, mövcud reallıqdan çıxış edirlər və Ankaranı güzəştə getməyə təşviq edirlər. Onlar da Ankaranın şərtlərini qəbul etməlidir. Türkiyəyə qarşı ABŞ-ın sanksiyaları ədalətsizdir və düşünürəm ki, şərtlər yerinə yetirilməsə, Ankara veto hüququndan istifadə edəcək. Onsuzda Vaşinqton Ankaraya təzyiqlər edib, bu təzyiqlər səmərəsiz olub. Bundan sonra da belə olacaq. Əgər Ankaranın siyasi təklifləri nəzərə alınmasa, bu Moskvanın maraqlarına cavab verməkdir. Və NATO-da ciddi ixtilaflar yaranacaq. İndiki situasiyada NATO-da birliyi qoruyub saxlamaq istəyirlərsə, Vaşinqton güzəştə getməlidir. Burada Ankaranın güzəştə getməsi onun mövqeyini zəiflədə bilər və digər təzyiqlərə yol aça bilər. Vaşinqton təzyiqlər edəcək, amma Ərdoğan milli maraqları qoruyacaq. İntensiv danışıqlar gedəcək. Qərb də Türkiyə ilə əlaqələri korlamaq istəmir. Ona görə bu həlledici məqamdan Ankara istifadə etməlidir. Vaşinqtonla Ankara arasında əldə olunan razılaşmalar İsveç və Finlandiyanın NATO üzv olmasına gətirəcək. Təzyiqlər isə səmərəsizdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR