İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ilk AES-nin işə salınması ləngiyəcək

Türkiyənin “Akkuyu” atom elektrik stansiyasının ilk enerji blokunu 2024-cü il oktyabrın 29-da işə salmaq planları baş tutmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb Almaniyadan avadanlıqların tədarükü ilə bağlı problemlərdir.

Bayraktar bundan əvvəl “Akkuyu” AES-in ilk enerji blokunun mümkün işə salınma tarixləri arasında milli bayramı - Türkiyənin Cümhuriyyət Gününün qeyd olunduğu 29 oktyabrı qeyd etmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında bildirmişdi ki, Ankara tikilməkdə olan AES üçün “Siemens” avadanlıqlarının təchizatı ilə bağlı problemdən narahatdır və bu barədə Almaniya kansleri Olaf Şoltsla danışıb.

Türkiyənin “Milliyet” qəzetinin məlumatına görə, nazir AES-in “Siemens” avadanlığı olmadan işə salınacağını bildirib:

“Çünki avadanlıqları istehsal edən yeganə şirkət “Siemens” deyil. Ancaq təchizatçının dəyişdirilməsi bir qədər vaxt tələb edəcək, ona görə də indi bu yolla gedirik və bu, atom elektrik stansiyasının ilk enerji blokunun işə salınması vaxtı baxımından hədəflərimizi bir qədər geriyə çəkə bilər”.

Rusiya Dövlət Dumasının energetika komitəsinin rəhbəri Pavel Zavalnı daha əvvəl bildirmişdi ki, Qərbin Rusiyaya qarşı sanksiyaları səbəbindən “Akkuyu” AES üçün pulu ödənilən bəzi avadanlıqlar hələ də gətirilməyib. Xüsusilə bu, nə Rusiyada, nə də Türkiyədə istehsal olunmayan enerji təchizatı sistemlərinə və “Siemens”dən alınmış digər cihazlara aiddir. Deputatın sözlərinə görə, lazımi avadanlıq artıq Çindən sifariş olunub və bu il tikilməkdə olan stansiyaya gətirilməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR