Onlayn ictimai-siyasi qəzet
2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,8 milyon manat çoxdur.
Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Bildirib ki, sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat, yaxud cari ildəkindən 2% çoxdur:
“Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67.2 mln. manat gəlir əldə edilib, 2024-cü ilin sonuna qədər isə əlavə olaraq 15,8 mln. manat gəlir əldə olunması gözlənilir. Fondun investisiya gəlirləri şəhid ailələri və müharibə əlillərinin mənzil və ya fərdi evlərlə təmin edilməsi, məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir”.
Musa Quliyev DSMF-nin fəaliyyəti üzrə iqtisadi fəallığının daha da artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmət dairəsinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədilə komitənin təkliflərini millət vəkillərinin və hökumət nümayəndələrinin diqqətinə çatdırıb:
1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununda və müvafiq hüquqi aktlarda büdcədənkənar dövlət fondlarının büdcələrinin strukturu, eləcə də qanunlarla təsdiq olunan göstəricilərə dair tələblərin müəyyən olunması;
2. DSMF-nin investisiya fəaliyyətindən əldə edilən gəlirlərin mənfəət vergisindən azad olunması məqsədi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi;
3. Zəruri tənzimlənmələrin həyata keçirilməsi ilə DSMF-nin investisiya fəaliyyətini əhatə edən göstəricilərin büdcənin müvafiq parametrlərinə əlavə olunması;
4. Həssas qrupdan olan insanların maddi rifah halının yaxşılaşdırılması, həmin şəxsləri infilyasiyanın təsirlərindən qorumaq məqsədilə sosial ödənişlərin mütəmadi artırılması;
5. Müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapması;
6. Aztəminatlı ailədən olan 1 yaşadək uşaqlara verilən sosial müavinətin uşağın 3 yaşına qədər davam etdirilməsi üçün hüquqi əsaslar və maddi təminatlar yaradılması.
E.Paşasoy,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ