İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Quliyev: “Bu şəxslərin sayı 100 min nəfər olacaq”

Milli Məclisin iclasında İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcə layihəsini komitə sədri Musa Quliyev təqdim edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, 2025-ci ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla, 260 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 22,7 milyon manat, yaxud 9,5% çoxdur:

“İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 21,7 milyon manat və ya 11,7% çoxdur.

Gəlirlərin 54,3 milyon manatı, yaxud  20,8%-i İşsizlikdən Sığorta Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatı hesabına olacaq. Sığorta haqları üzrə yığımın 75,9%-i (və ya 156,56 milyon manatı) qeyri-büdcə sektorunun payına düşəcək. Gələn il İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 29,5%-i özünüməşğulluq tədbirlərinin, 13,4%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldilməklə, ümumilikdə isə 55% vəsait aktiv məşğulluq tədbirləri istiqaməti üçün nəzərdə tutulub”.

Musa Quliyev qeyd edib ki, cari ilin təsdiqlənmiş büdcə layihəsi ilə müqayisədə 2025-ci ildə işsizliyə görə sığorta ödənişləri xərclərinin 2 milyon manat, yaxud 13,3%, özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsi xərclərinin 4 milyon manat, yaxud 5% artırılması nəzərdə tutulur: 

“Peşə hazırlığının təşkili xərcləri, həmçinin sosial iş yerlərində işçilərin əməkhaqlarının bir hissəsinin maliyyələşdirilməsi xərcləri, habelə digər aktiv tədbirlər üçün xərclər cari il ilə eyni səviyyədə qalır. 2025-ci ildə İSF hesabına 8 min nəfərin (DB əlavə olaraq, 1,5 min) özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur. Bununla da 2017-ci ildən 2025-ci il daxil olmaqla özünüməşğulluq proqramı ilə əhatə olunacaq şəxslərin sayı 100 min nəfər olacaq”.

Komitə sədri deyib ki, növbəti il üçün Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə 9 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR