İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin iç işləri ilə nədən bu qədər maraqlanırıq? – Ümdə səbəb

Məmləkət insanının qardaş Türkiyədə baş verən hadisələrə bu qədər aşırı marağı təbiidir. Ağzımızda “qardaş ölkə”, “bir millət-iki dövlət” deyirik. Başqa necə ola bilər? Türkiyənin sevinci sevincimiz, kədəri kədərimiz, problemi problemimizdir. Gələcəyimizi bu ölkə ilə birlikdə təsəvvür edirik.

Ona görə də heç kəs Türkiyədə gedən proseslərə bu cür diqqət kəsilməyimizdən, olub-bitənləri eninə-uzununa müzakirə etməyimizdən əndişələnməsin. Burada oturub müzakirə etməklə qonşu ölkədəki proseslərə hər hansı bir təsirimizin olmayacağını düşünmək də yersizdir. Bizim ovqat və qənaətimizin Ankara və İstanbula necəsə bir təsiri olmamış olmaz.

İstanbul meri Əkrəm İmamoğlu ilə bağlı gərginləşmiş ölkədaxili situasiyaya görə bizim ölkəmizdə formalaşmış cəbhələşmə də təbiidir. Qardaş ölkədə müvafiq cəbhələşmə olduğu kimi, burada da eyni durumun yaranması gözləniləndir. İnsanların dünyagörüşləri, dövlətçilik fəlsəfələri, gələcəyə yönəlik fikirləri fərqlidir və onlar vaxtaşırı toqquşa bilər.

Bizdə əhalinin böyük əksəriyyəti Türkiyənin qüdrətli, sabit, firavan olmasını istəyir. Çünki yuxarıda dediyimiz kimi, gələcəyimiz bu ölkə ilə bağlıdır və onun gücü bizim gücümüz, onun təhlükəsizliyi bizim təhlükəsizliyimizdir.

Başqa ölkələrin fitnəsi ilə, yumşaq desək, onların rəğbət qruplarına daxil olduqları üçün Türkiyənin pis gününü arzulayanlar bu ölkədə də var, amma birmənalı olaraq azlıqdadırlar.

Eyni zamanda bir xeyli müstəqil adam da qardaş ölkənin problemlərinin qaynağına və həll yollarına dair mülahizə yürüdərkən fərqli siyasi qüvvələrə simpatiya bəslədiklərini büruzə verirlər. Bu da təbiidir.
Türkiyənin siyasi həyatı yekcins deyil, müxtəlif ideologiyalı qüvvələrdən ibarətdir. Hakimiyyət komandasının içində də, müxalifət düşərgəsində də müxtəlif dünyagörüşlü insanlar var. Bizdən olsa, onların hamısı Azərbaycana dost-qardaş münasibəti bəsləyər (umduğumuz budur), ancaq gerçəklik də ondan ibarətdir ki, ən monolit komandada da, necə deyərlər, çatlaq səslər çıxa bilir.
Azərbaycan dövləti və xalqı bütövlükdə Türkiyə ilə münasibətdə səmimi qardaşlıq büsatına sadiq olduğu üçün istəyir ki, qardaş ölkədə hakimiyyətdə hansı qüvvənin təmsil olunmasından asılı olmayaraq, mehriban qardaşlıq düzənimiz pozulmasın, daha da inkişaf etsin.

Biz mürəkkəb regionda yaşayırıq. Qonşuluğumuzda Türkiyə də daxil vaxtilə böyük imperiyalar olmuş üç dövlət var. Onlardan ikisi hələ də böyümək, ötən əsrlərdəki sərhədlərini bərpa etmək düşüncəsi ilə yaşayır və aqressiv tutumunu davam etdirir. Buraya ölkəmizin daxilində casus şəbəkələri yaratmaqdan tutmuş böyük kontingentdə rəğbət qrupları təşkil etməyə qədər geniş fəaliyyət planı daxildir. Bizim onların şər-şəbədəsindən qorunmaq üçün etibarlı strateji müttəfiqə, lap açığını desək, böyük qardaşa ehtiyacımız var.

Milli mövcudluq konsepsiyamız belə tələb edir. Bura Lüksemburq, Lixtenşteyn, Andorra, San-Marino deyil ki, Mərdəkan boyda bir yer olalar, amma öz mövcudluqlarını da müstəqil və firavan dövlət kimi davam etdirələr. Bu paralellərdə qardaşsız, müttəfiqsiz mövcudluq çətindir.

Bu baxımdan heç kəs “eh, yenə də böyük qardaş axtarırıq” deyə dodaq büzməsin. Başqa yolu varmı? Qardaşsız olarsan, başqası gələr, başına ağa kəsilər. Nə qədər acı olsa da, bu, Şərqin qapısı, Qərbin kandarı, Şimalın qurtaracağı, Cənubun başlanğıcı olan Qafqaz regionunun gerçəkliyidir.

Türkiyənin daxili işləri bizi buna görə çox ilgiləndirir. Türkiyə dünyada yeganə dövlətdir ki, milli dövlətçiliyimizin qurulmasına, paytaxtımızın Bakı olmasına əməli töhfə verib. Yoxsa 107 il öncə bu günlərdə ruslar və ermənilər köməkləşərək bu şəhərdə bizi qətliama məruz qoyurdular. Bakıda ard-arda rəhbərliyi yadellilərdən ibarət 3 dövlət qurulub (Şaumyanın Bakı kommunası, Sentrkaspi diktaturası, Leninin bolşevik hökuməti). Hətta o illərdə ölkəmizin ən nüfuzlu bolşevik rəhbərinin – Nəriman Nərimanovun həyatı tükdən asılı olub, erməni bolşeviklər sırf bolşevik olduğuna görə onu öldürməyiblər.

O vaxtdan bəri çox şey dəyişib. O zamanlar Cənubi Qafqazın ən hüquqsuz toplumu, ən qeyri-mütəşəkkil xalqı olan Azərbaycan türkləri bu gün Qafqazın ən güclü, ən böyük xalqıdır. Amma müasir dövrdə bu əzəmət və qüdrət milli mövcudluğun davam etməsi, rifah və təhlükəsizliyin təmin edilməsi üçün kifayət deyil. Çünki düşmənlər də yatmır, dildə sülhdən, “mehriban qonşuluq”dan, “faydalı əməkdaşlıq”dan danışa-danışa əl altından yüz cür fitnə-fəsad düşünürlər.

Biz Türkiyənin dar günündə yardıma qaçan ölkə olduğumuz kimi, Türkiyə də bizim güvən yerimizdir.

Ona görə də bu gün daxilində təlatüm yaranmış ölkənin iç işlərini bu cür ürəyimizə salır, qızğınlıqla müzakirə edirik. Təmannamız odur ki, tezliklə qardaş ölkədə sular durulsun, haqq-ədalət tərəzisinin gözü əyilməsin və Türkiyə yenə də türk-müsəlman dünyasının ən demokratik, ədalətli dövləti kimi öz qüdrətini bütün dünyaya nümayiş etdirsin.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

22 Mart 2025

BÜTÜN XƏBƏRLƏR