İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Bakıdakı səfirliyi qarşısında duyğusal anlar - FOTO, VİDEO

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkənin Bakıdakı səfirliyinə ziyarətçi axınının ardı-arası kəsilmir. Qardaş ölkədə həlak olmuş minlərlə bacı-qardaşımızın əziz xatirəsinə böyük ehtiram əlaməti olaraq səfirliyin giriş hissəsində, hasar boyunca ayrı-ayrı rəsmi qurumlar, şirkətlər, ali məktəblər, ictimai təşkilatlar tərəfindən əklillər qoyulub, çiçək dəstələri düzülüb. Ən təsirli mənzərə ziyarətə gələn balalarımızın zəlzələ qurbanı olan cocuqlara sevgi və sayğı əlaməti olaraq özlərinin oyuncaqlarını da qırmızı qərənfillərin yanına düzmələridir. Məktəblilər bəziləri təhsil ocaqları adından başsağlığı yazıblar, Türkiyə və Azərbaycanı ürək kimi təqdim edən rəsm əsərləri də yeniyetmələrimizin əl işləridir. Qardaş ölkəyə yardıma gedən Azərbaycan xilasedicilərini simvolizə edən şəkil də birliyimizin təcəssümüdür, həm qürurlandırır, həm də kövrəldir. Ziyarətgahda qoşa bayraqlarımız çiçək yağışına tuş gəlib sanki…Hüzn elə bil bayraqlarımıza da yansıyıb.

Baş vermiş fəlakət kiçikdən-böyüyə insanlarımızı elə sarsıdıb ki…Ziyarətə gələnlər çiçək dəstələrini qoyur, şəhidlərimizin xatirəsinə dualarını pıçıldayır və uzaqlaşırlar. Sanki heç kəsin deməyə sözü qalmayıb, odur ki, kimisə söhbətə çəkməyin yeri yoxdur, qənaətinə gəlirik. Təhlükəsizlik xidmətinin əməkdaşları da bu mənzərədən mütəəssür olublar. Deyirlər ki, neçə gündür eyni mənzərədir, ziyarətçilər axın edirlər, sadə vətəndaşdan tutmuş, rəsmi şəxslərədək.

Beləcə, bu fəlakət, bu dərd millətimizi, iki dövlətimizi daha da birləşdirib!

Şəhidlərimizə rəhmətlərimizlə Türkiyədəki matəm səbəbindən yarıyadək endirilmiş əzəmətli Türk bayrağına təzim edərək, böyük Mustafa Kamal Atatürkün abidəsini ziyarət edirik. Yəqin ruhu nigarandır, millətinin və 100 il öncə qurduğu Cümhuriyyətin ağır sınaqlardan keçməsinə görə…”Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”- kəlmələrini bizlərə ərməğan etməklə birliyimizin daha da möhkəmlənməsi üçün vəsiyyət qoyub getmiş Qazi Mustafa Kamalın abidəsinin yanındakı Bir Millət, İki Dövlətin bayraqları ikisi də yarıyadək endirilib…

Sevincimiz də, kədərimiz də eyni…

Uca Yaradan bir daha bizləri belə sınağa çəkməsin!

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR