İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki zəlzələ Qarabağ danışıqlarına təsir edə bilərmi - rəylər

Politoloq: “Türkiyədə zəlzələ olsa da, türk ordusu yerindədir, iki qardaş ölkə arasında Şuşa Bəyannaməsi var”

Qardaş Türkiyədəki dəhşətli zəlzələ Azərbaycanı dərindən sarsıdıb. Hazırda gündəmin əsas müzakirə, izlənilən mövzusu bu faciədir. Türk xalqının faciəsini onlarla birlikdə yaşamaqdayıq.

Ekspertlər hesab edir ki, bu zəlzələ təkcə Türkiyədə deyil, regionda bir çox məsələlərə təsir edəcək. Bu məsələlərdən biri kimi, Qarabağ ətrafında gedən proseslər göstərilir. Belə ehtimal olunur ki, rəsmi Bakı sülh sazişinin bir addımlığına qədər yaxınlaşdığı bir vaxtda bu sazişdə əsas açar ölkələrdən biri sayılan Türkiyədə hər kəsi sarsıdan bu faciə baş verdi. Hətta ermənilərin mövcud vəziyyətdən şirnikə biləcəklərindən də söz açılır. Son vaxtlar Azərbaycanla münasibətləri hədsiz dərəcədə kəskinləşən İranın  erməni faktorundan istifadə edə biləcəyii də önə çəkilir. Gedən müzakirələrdə Rusiya faktoru da gözardı edilmir.

Bu il mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri də zəlzələnin fonunda müzakirələr sırasındadır. Doğrudur, əksəriyyət bu seçkilərin ertələnə biləcəyini düşünür. Burada Ərdoğan iqtidarının taleyi də söz konusudur. Əgər o seçkilərdə qalib gəlməzsə, bunun Azərbaycana da birbaşa təsirinin olacağı qeyd edilir və ermənilərin də bu durumdan yararlanmaq niyyətlərnin baş qaldıracağı indidən istisna edilmir.

Fuad Əliyev: Onlar xalqı, dövləti fikirləşmirlər, yalnız öz ciblərini  fikirləşirlər

Fuad Əliyev

ALDP rəhbəri Fuad Əliyev Ərdoğanın qalib gələcəyini düşünür: “Hesab etmirəm ki, zəlzələnin Qarabağ danışıqlarına mənfi təsiri olsun. Qarabağ danışıqlarında iki tərəf var-Azərbaycan və Ermənistan. Burada digər öz maraqlarını güdən ölkələr var. Ola bilər ki, kimsə hesab etsin ki, zəlzələ Türkiyəni bu məsələdən kənarlaşdıracaq. Amma hesab edirəm ki, Türkiyə Azərbaycanla olacaq və heç nəyə baxmayaraq sona qədər bizi dəstəkləyəcək. Hətta müharibə olsa belə, bizi dəstəkləyəcək. Onu da hesab etmirəm ki, Ərdoğan seçiləri uduzacaq. Bəzi ekspertlər düşünürlər ki, bu faciənin Ərdoğanın seçkilərdə iştirakına mənfi təsiri olacaq. Bu, absurd bir yanaşmadır. Məlum məsələdir ki, zəlzələnin  ağır nəticələrinin aradan qaldırılması üçün bütün məsuliyyət dövlət başçısı kimi Ərdoğanın üzərinə düşür. Hesab edirəm ki, o, bu dəfə də yaranan problemləri aradan qaldıraraq iqtidarın mövqeyini gücləndirəcək. Ərdoğan vətəndaşlar arasında yüksək reytinqə malikdir və bu reytinqini qoruyub saxlayacaq. Bir də ki, Ərdoğan seçildi və yaxud seçilmədi, qardaş Türkiyə daimi Azərbaycanın yanında olacaq. Necə ki, Azərbaycan Türkiyənın yanındadır.  Ona görə ermənilər fikirləşməsin ki, Türkiyənin indiki durumdan istifadə edib, Fransadan, İrandan dəstək alıb, bizə hücum etsinlər. Hücuma keçsələr, bizim ordumuz ermənilərə layiqli cavablarını verəcək”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı zəlzələnin fəsadlarının aradan qaldırılması üçün türk xalqının Ərdoğana ehtiyacının olduğunu bildirdi: “Əlbəttə, zəlzələ ağır bir yük, ağrı-acıdır. İlk növbədə, Türkiyənin yanında olub, bu yükü birgə daşımalı, ağrı-acını ötürməliyik. Bu məsələdən konyuktur məqsədlə istifadə etmək olmaz. Amma istər-istəməz zəlzələ bölgədə dəngələrin dəyişməsi deməkdir. Ermənilər bütün digər eybəcərlikləri ilə yanaşı, həm də kəmfürsətçidirlər. Onlar bu faciədən də yararlanmağa çalışırlar. Sərhədlərin açılması, yardım göndərilməsi, oradakı arama-bərpa işlərində iştirak ermənilərin məkrli niyyətlərindən xəbər verir. Onlar bir neçə məqsəd güdürlər. Məsələn, Türkiyənin Qarabağla bağlı proseslərdən azacıq da olsa kənara çəkilməsinə nail olmaq istəyirlər. Amma bu mümkün deyil. Təxminən 15 il əvvəl biz Türkiyədə Qarabağla bağlı davamlı təbliğat işləri aparanda bizi başa düşməyənlərə izah edirdik ki, Qarabağ məsələsi Türkiyənin siyasi məsələsinə çevrilməlidir. Parlament, prezident seçkilərində hər kəs Fələstin məsələsi kimi, Qarabağ məsələsini də öz platformasına daxil etməlidir. O vaxtlar Fələstin məsələsi öndə idi. Çünki sosial sifariş var idi. Hər kəsi Fələstinin taleyi narahat edirdi. İndi sosial sifariş Qarabağın tərəfindədir, hər bir seçici adayların Qarabağa dair mövqeyinə üstünlük verir. Təsadüfi deyil ki, Prezident Ərdoğanın reytinqi hətta CHP-çilərin də içərisində onun Qarabağ məsələsində tutduğu mövqeyə görə yüksəldi. Bu gün Türkiyədə bu sosial sifariş var. Ona görə də hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Qarabağ ön planda olacaq. İstərdim ki, Ərdoğan hakmiyyətdə qalsın, Türkiyənin qüdrətinin artması yönündə siyasətini davam etdirsin. Burada məsələnin bir neçə tərəfi var. Zəlzələnin nəticələrinin aradan qaldırılması böyük vəsait və ağıllı siyasət tələb edir. Türkiyə seçiciləri belə ağır zamanda Ərdoğanın ağıllı və müdrik siyasətinə inanıb, onu seçə bilər. Qərb Ərdoğanın seçilməsində maraqlı deyil, ona görə də pul kisəsini başqa namizəd üçün açıb, insanların ümidlərini ona yönəldə bilər. İnanıram ki, seçicilər pul kisəsi, qarın davası ilə müqayisədə ağıllı və müdrik siyasətə üstünlük verəcək. Onu da vurğulamaq istəyirəm ki, Qarabağla bağlı proseslərə Türkiyə amili müəyyən təsir göstərir. Amma əsas amil özümüzlə bağlıdır. Azərbaycan öz mövqeyini konkret şəkildə ortaya qoyub, son gəlişmələr göstərir ki, ermənilər də bu reallıqla hesablaşır. Paşinyanın kommunikasiyalar, Mirzoyanın sülh təklifləri ilə bağlı son açıqlamaları, Laçın yolundakı aksiyalarımızla ermənilərin nəyəsə nail ola bilməməsi də göstərir ki, bizim iradəmizə uyğun proseslər gedir. Ermənilər qoyduğumuz iki yoldan birini seçməlidir: ya təslim, ya da məhv olacaq”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ermənilərin baş qaldıracaqları halda daha ciddi zərbə alacaqlarını söylədi: “Qardaş və müttəfiq ölkə Türkiyə indi ağır və dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaqla məşğuldur. Buna vaxtını, enerjisini, potensialını, maliyyəsini yönəldəcək. Türkiyə və Azərbaycana düşmən gözü ilə baxan dövlətlər, mərkəzlər ola bilsin ki, bundan öz məqsədləri üçün istifadə etmək istəsinlər. Amma bu təxribatların qarşısını Azərbaycan məharətlə ala bilər. Üstəgəl də, o mərkəzlər anlamalıdırlar ki, Türkiyədə zəlzələ olsa da, türk ordusu yerindədir. İki qardaş ölkə arasında Şuşa Bəyannaməsi var. Azərbaycana qarşı təxribata türk ordusu seyrçi qalmayacaq. Qarabağda müharibə olacağını zənn etmirəm. Ermənistan təxribat belə etmək istəsə, layiqli cavabını alacaq. Yüz dəfə də müharibə etsələr, hər dəfəsində onları darmadağın edərik. Bunu Ermənistanda da bilməmiş deyillər. Ermənilər özləri belə müharibə istəmirlər. Çünki II Qarabağ savaşında elə bir zərbə alıblar ki, buna risk də etmək istəmirlər. İran və Rusiya ermənilərin əli ilə təxribat etməyi düşünürlərsə, onlar da cavablarını alacaqlar. Çünki növbəti müharibə olarsa, Azərbaycan Ordusu iki istiqamətdə irəliləyəcək. Bir tərəfdən Qarabağı Xankəndi başda olmaqla, tamamilə nəzarətə götürəcək. Üstəgəl də, Qərbi Zəngəzuru nəzarətə götürəcək. Bu da Ermənistan üçün daha ağır nəticələr verəcək. Ona görə də ermənilər əgər Rusiya və İranın əlində Azərbaycana qarşı alət olsalar, onların itkiləri daha böyük olacaq”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

 Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı məsələləri bu cür şərh edir: “Zəlzələnin Türkiyənin siyasi həyatına təsir edəcəyi bəllidir, xüsusilə bunun seçkilərdən öncə baş verməsi Ərdoğanın hakimiyyətdə qalıb-qalmayacağını sual altına saldı. Hərçənd indiki halda AKP-nin tam geri düşdüyünü demək də çətindir, fikrimcə, dağıntıların bərpası ilə itirilmiş xalları da qaytara bilərlər. Bunu zaman göstərəcək. Amma bu hadisələrin Cənubi Qafqaza, Qarabağ ətrafındakı proseslərə təsir edəcəyi də məlumdur. Türkiyə Cənubi Qafqazda Azərbaycan üçün həm Rusiya, həm də Qərb qarşısında tarazlayıcı güc, qalxan rolunu oynayır. İndi əsas diqqətinin zəlzələnin fəsadlarının aradan qaldırılmasına yönəldiyi vaxt xüsusilə Qərb qüvvələri bölgədəki təsirini, iştirakçılıq payını artırmağa çalışacaq. Fransanın jandarma qüvvələrini Ermənistana göndərmək istəyi də bundan xəbər verir və bu perspektiv Ermənistanın əlini gücləndirə bilər. Bunun fonunda Ərdoğanın hakimiyyətdən gedəcəyi təqdirdə daha çətin olacağı fikrindəyəm. Bu o demək deyil ki, Türkiyə Azərbaycana dəstək verməyəcək, xeyr. Məsələ odur ki, "altılıq masa"nın hakimiyyətə gələcəyi təqdirdə əsas diqqət daxilə yönələcək və Türkiyənin regional güc kimi fəaliyyəti zəifləyəcək və bu, Azərbaycanın Qərb və Rusiya arasında çətin vəziyyətə sala bilər. Fikrimcə, Azərbaycan bu riskləri görür və Türkiyədəki seçkiləri gözləmədən 10 noyabr razılaşmasının icrası istiqamətində praktiki addımlar ata bilər. Mümkündür ki, razılaşmanın 4-cü bəndinin - erməni qoşunlarının çıxarılması ilə bağlı məsələ aktuallaşa bilər".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR