İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə terrorun arxasındakı güc: Azərbaycana təhlükə varmı - ekspertdən açıqlama

İlham İsmayıl: “Terror olayında qadından istifadə etmə PKK-nın dəst-xəttidir”

Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış törədən PKK/PYD terror təşkilatının qadın üzvü saxlanılıb.

Qeyd edək ki, terror zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisə yerində verdiyi açıqlamada “Partlayış təlimatının Kobanidən gəldiyini düşünürük. Hadisəni törədənin Afrindən keçdiyi qənaətindəyik”, - deyə bildirib.

“Bizə bu acını yaşadanların yaxın zamanda qat-qat daha ağır acı yaşayacaqlarını onlara göstərəcəyik”, - daxili işlər naziri qeyd edib.

Daha əvvəl 21 nəfərin saxlanıldığını deyən türkiyəli nazir çıxışında ABŞ-ı da günahlandırıb. Süleyman Soylu ABŞ-ın başsağlığı mesajını “qatilin hadisə yerinə ilk gələnlərdən biri olması” kimi də dəyərləndirib.

Türkiyənin dünya siyasətində rolu artdığı, habelə Turan Birliyinə doğru addımlar intensivləşdiyi vaxtda, baş verən terrorun təsadüfi olmadığı dəqiqdir.

Türkiyə ilə yanaşı addımlayan Azərbaycana da hansısa təhlükələr, təhdidlərin olması mümkündürmü? Buna zəmin varmı?

İlham İsmayıl: “Düşmən bizim real addımlarımızı hiss etməlidir”

 İlham İsmayıl 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Türkiyə son onilliklərdə PKK-nın hədəfində olub. İŞİD yarananda da Türkiyə bir qrup radikal dindarların hədəfində olub, belə hücumlar zamanı çoxsaylı günahsız insan həyatını itirib: “Türkiyə Silahlı Qüvvələri son 1 ayda Suriyada, Afrində bir neçə xüsusi əməliyyat həyata keçirib. O zaman PKK-çılar çox böyük itkilərə məruz qalmışdı. Onlar bu və ya digər şəkildə cavab verəcəkdilər. Terror olayından qadından istifadə etmə PKK-nın dəst-xəttidir və digər terror təşkilatları qadından istifadəyə üstünlük vermirlər. Onlar çox radikal terror hadisələri törədiblər, amma heç zaman bu aktlar zamanı qadından istifadə etməyiblər. Terrorda qadınlardan istifadə müəyyən dərəcədə ərəb ölkələrində var. Terrorda qadından ən çox istifadə edən PKK-dır. Faktiki olaraq PKK üzvü olaraq vuruşan qadınların olması da, terrorda onlardan istifadəsi də yeni taktika deyil. Ona görə də İstanbulda olaydan dərhal sonra terrorun törədilməsində qadınlardan istifadə edilməsi bilinəndə bu olayın arxasında PKK-nın dayandığı aydın oldu”, - deyə İlham İsmayıl bildirib.

Onun sözlərinə görə, PKK ona zərbələr endiriləndən sonra bir qədər gözləmə mövqeyində dayanır: “Türkiyə Silahlı Qüvvələrinin PKK-ya zərbə endirməsindən 1 aya yaxın vaxt keçir. PKK çox zaman zərbə alandan sonra gözləmə mövqeyi tutur. Adətən belə zərbələrdən sonra təhlükəsizlik qüvvələri daha çox ayıq-sayıq olurlar. Ona görə də PKK gözləyir ki, xüsusi bir ayıq-sayıqlıq aradan qalxsın. Hiss olunur ki, son günlərdə buna çalışıblar və yenə də qadından istifadə ediblər”.

İlham İsmayıl Türkiyə-Azərbaycan qardaşlığını nəzərə alaraq terror uzantısının ölkəmizdə baş verməsi ehtimalı haqda fikirlərə də toxunub: “Azərbaycan bu və ya digər şəkildə terrorun hədəfində olub. Amma PKK Azərbaycanda daha çox ideoloji formada özünü müəyyən şəxslərdə göstərib. PKK-nın hədəfi geniş mənada Azərbaycan deyil. PKK-nın daimi hədəfi Türkiyədir. Bununla belə, Azərbaycanda da özlərinə müəyyən dəstək tapmaq üçün ideoloji işlər görməyə cəhdlər ediblər. Abdulla Öcalan həbsindən sonra demişdi ki, Azərbaycanda müəyyən dəstəkçiləri var. İnanmıram ki, PKK Türkiyədə törətdiyi kimi Azərbaycanı da hədəfə alsın. Azərbaycanda bunu ermənilər edə bilər. Onların bu gün Azərbaycanda terror törətmələri çətindir. Əsas dövlət sərhədində və təmas xəttində törədirlər. Sadəcə, Azərbaycan hazırda olduqca həssas dönəmə qədəm qoyub. Bu gün terroru maliyyələşdirən ölkələrdən biri İrandır. İranla aramızda yaranan gərginlik, böhran vəziyyətində Tehran pul müqabilində radikal dindirlardan tutmuş istənilən terror qruplaşmasının xidmətlərindən istifadə edə bilər. Azərbaycan üçün əsas təhlükə bu istiqamətdən gəlir deyə, diqqəti daha çox bu istiqamətə yönəltməliyik”.

İstanbulda terror törədən qadınla bağlı İstanbul Polis İdarəsinin yaydığı məlumatda bildirilir: “Hücumla əlaqədar araşdırmalarda bomba yerləşdirən şübhəli qadını aşkar etmək üçün 1200 təhlükəsizlik kamerasına baxılıb.

Həmin şəxsin taksi ilə hadisə yerini tərk etdiyi görülüb. Onun təmasda olduğu 21 ünvanda əməliyyat aparılıb. Əməliyyat zamanı 46 nəfər tutularaq saxlanılıb.

Bombanı qoyan şəxsin Küçükçekmece rayonundakı bir ünvana getdiyi müəyyən edilib. Saat 02:50-də təyin olunmuş ünvanda həyata keçirilən əməliyyatda hadisəni törədən Əhlam Albaşir adlı Suriya vətəndaşı yaxalanıb. Həmin şəxs dindirilməsində PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və hərəkətə keçmək üçün Afrin üzərindən qeyri-qanuni yollarla ölkəmizə daxil olduğunu bildirib".

PKK/PYD/YPG terror təşkilatının Suriyanın Kobani şəhərindəki qərargahından İstanbulda terror törətmə əmri verilib və həmin şəxs 16:20-də terroru gerçəkləşdirib.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR