İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Yaxın Şərqi yenidən dizayn edir: ABŞ, Rusiya və İran Suriyadan çıxarılır

Rusiya və İrandan yetirincə dəstək almaq imkanları qapanan Əsəd rejimi indi demək olar ki, Türkiyəyə yalvarmaq həddinə çatıb, rəsmi Ankara ilə “təmas pəncərəsi” axtarır... Türkiyə isə həm PKK/PYD terror təşkilatını birdəfəlik bitirmək, həm də qaçqın problemini yoluna qoymaq niyyətini artıq gizlətmir, Yaxın Şərqdə, o cümlədən də, Suriyada geopolitik maraqları olan kənar güclərə güzəşt fikrindən çox-çox uzaqdır...

Yaxın Şərqin yenidən dizayn edilməsi ilə bağlı proses artıq növbəti mərhələyə keçmək üzrədir. Belə ki, hazırda bu regionda xaosun diktaturası hökm sürməkdədir. Mövcud situasiyada həm Yaxın Şərq ölkələrinin, həm də regionətrafı dövlətlərin maraqları kəskin şəkildə toqquşmaqdadır. Ona görə də, qarşılıqlı güzətlər olmadan Yaxın Şərqdə yeni düzənin yaradılmasının mümkünlüyü qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, son vaxtlar müəyyən səhnəarxası təmasların intensivləşdiyi də qətiyyən diqqətdədn yayınmır.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərqdə geopolitik proseslərə birbaşa təsir göstərmək imkanları mövcud olan dövlətlər arasında Türkiyə ön sıralarda yer alır. Yaxın Şərqin yenidən dizayn olunması prosesinə start verilərkən, əsas ssenari müəllifləri Türkiyənin geopolitik və milli təhlükəsizlik maraqlarından yan keçməyə cəhd göstərirdilər. Ancaq rəsmi Ankara qətiyyətli və pronsipial mövqeyi ilə Yaxın Şərqdə əsas geopolitik iradə mərkəzlərindən biri olduğunu dərhal hər kəsə qəbul etdirməyə nail oldu. Və bütün bunlar indi Türkiyənin öz maraqlarını ön planda tutmasını təmin edir.

1660122556_media-1580991461_amerikalilar_itiraf_etti_turk_ordusu_hala_en_guclusu_1579182112_4928-421s0o7gmkrqhwt83xb6.jpg (46 KB)

Məsələ ondadır ki, ABŞ və Qərb Türkiyənin Yaxın Şərqlə bağlı daha fərqli planlarının olduğunu anlamamış deyillər. Üstəlik, Ağ Evdə onu da anlayırlar ki, Türkiyənin geopolitik maraqları nəzərə alınmadan Yaxın Şərqdə yeni düzənin yaradılması İsrailin təhlükəsizliyinə tam təminat vermək qətiyyən mümkün olmayacaq. Və bu səbəbdən də, rəsmi Ankaraya Yaxın Şərqdə tam fəaliyyət sərbəstliyi tanımaq məcburiyyətində qaldılar.

Maraqlıdır ki, Fələsin böhranına münasibətdə Türkiyə və İranın mövqeyi üst-üstə düşmüş olsa da, əslində, Suriya məsələsində bu iki ölkə arasında ciddi maraq toqquşmaları mövcuddur. Belə ki, Rusiya və İran həm PKK/PYD-ni, həm də Əsəd rerimini dəstəkləyirlər. Halbuki, PKK/PYD terror təşkilatı Türkiyənin milli təhlükəsizlik maraqlarını təhdid edir. Əsəd rejimi isə PKK/PYD ilə ortaq hərəkət etməklə, Türkiyə üçün əlavə problemlər yaradır. Və rəsmi Ankara Suriyada Əsəd rejiminin dəyişdirilməsində birbaşa maraqlıdır.

Təbii ki, bu, Rusiya və İranın Yaxın Şərqdəki ortaq fəaliyyət mexanizmlərini sıradan çıxartmaqda maraqlı olan ABŞ və Türkiyənin NATO-dakı müttəfiqlərinin diqqətini çəkir. Yəni, İranın əksər “proksi” güclərinin sıradan çıxarılmasından sonra Suriyada Əsəd rejiminin də sıradan çıxarılması rəsmi Tehranın mövqelərinə sarsıdıcı zərbələr vura bilər. Üstəlik, Rusiyanın da Suriyadan sıxışdırılıb, çıxarılmasını sürətləndirər. Və onu da nəzərə almaq lazımdır ki, Ukrayna savaşında ciddi şəkildə zəifləmiş, öz savaş resurslarını indi daha çox bu müharibəyə yönəltmiş Rusiyanın Əsəd rejiminə dəstək imkanları da ciddi şəkildə məhdudlaşıb.

photo_36858.jpg (30 KB)

Ona görə də, Rusiya və İran Türkiyənin Suriyada Əsəd rejiminin, eləcə də, PKK/PYD-nin nəzarətində olan bölgələri hədəfə almasından ciddi şəkildə narahatdır. Rəsmi Ankaranın atdığı addımlar hazırda Rusiya və İranın Suriyadakı dayaqlarını sıradan çıxara biləcək istiqamətlərə yönəlib. Nə qədər qəribə də olsa, son vaxtlara qədər Türkiyənin Suriyada vəziyyəti öz nəzarətinə götürmək cəhdlərinə müqavimət göstərən ABŞ və NATO-dakı bəzi müttəfiq dövlətlər hazırda bu ölkədə baş verənləri sükutla müşahidə etmək məcburiyyəndə qalıb. Və bu, maraqların uzıaşmasından xəbər verən əlamət də sayıla bilər.

Məsələ ondadır ki, Rusiya və İranın dəstəklədiyi Əsəd rejimini sıradan çıxartmadan Yaxın Şərqin yenidən dizayn edilməsi ilə bağlı planların pozitiv nəticələr verməyəcəyi indi heç kəsdə şübhə doğurmur. Çünki məhz Əsəd rejiminin sıradan çıxarılacağı təqdirdə, İranın digər “proksi”lərini rəsmi Tehranın dəstəyindən məhrum buraxmaq mümkün ola bilər. Bunu isə hazırda Əsəd rejiminə qarşı silahlı Suriya müxalifətini vahid mərkəzdə birləşdirməyə nail olmuş Türkiyə edə bilər. Və bu reallıq hətta digər Qərb ölkələri ilə yanaşı, ABŞ-ı da müəyyən qurbanlar vermək məcburiyyətində buraxıb.

Çünki rəsmi Ankaranın əsas hədəfi yalnız Əsəd rejimi deyil. Rəsmi Ankara həm də Türkiyənin milli təhlükəsizliyini təhdid edən PKK/PYD terror təşkilatını da birdəfəlik sıradan çıxartmaq niyyətini qətiyyən gizlətmir. Halbuki, Ağ Ev terror təşkilatı olan PKK/PYD-ni son vaxtlara qədər ABŞ-ın Suriyadakı əsas müttəfiqi təqdim edirdi. ABŞ bu terror təşkilatını həm maliyyələşdirir, həm silahlandırır, həm də döyüş təlimi keçirdi. İndisə, Ağ Ev Türkiyəyə bağlı müxalif silahlı qüvvələrin PKK/PYD terror təşkilatını Suriyada ağır məğlubiyyətə uğradaraq, küncə sıxışdırmağa başlayıb. Və bu, o deməkdir ki, baş verənləri sükutla müşahidə edən ABŞ başda olmaqla, Qərb siyasi dairələri ümumi maraqlar naminə PKK/PYD terror təşkilatını qurban vermək məcburiyyətində qalıblar.

1507277.jpg (28 KB)

Göründüyü kimi, son vaxtlar Suriyada baş verən hərbi proseslərin arxasında kifayət qədər önəmli və qəliz maraqlar gizlənir. Rəsmi Ankara növbəti dəfə Türkiyənin milli təhlükəsizlik maraqlarının ön plana çəkilməsinə münbit şərait yaradan geopolitik situasiyanı yetişdirməyi bacarıb. Hələ bir neçə həftə əvvəl prezident Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, yaxın vaxtlarda Suriyada Türkiyənin milli təhlükəsizlik maraqlarına tamamilə cavab verən pozitiv proseslərə start veriləcək. Və bu, Qərb kəşfiyyat təmsilçilərinin Ankaraya intensiv səfərlər edərək, məsləhətləşmələr apardığı bir dövrə təsadüf edirdi.

Əslində, rəsmi Ankara həmin dövrə qədər PKK/PYD terror təşkilatını sıradan çıxartmaq üçün Əsəd rejiminə ortaq fəaliyyət təklif etmişdi. Ancaq Rusiya və İranın dəstəyinə arxayın olan Əsəd rejimi Türkiyənin təkliflərinə biganə yanaşmışdı. İndisə, situasiya tamamilə tərsinə çevrilıib. Əsəd rejimi tamamilə sıradan çıxarılmaq təhlükəsi ilə qarşılaşıb. Ona görə də, indi Əsəd rejimi özü Türkiyə ilə təmas imkanları axtarır. Belə ki, Türkiyəylə münasibətləri yaxınlaşmış İraq Əsəd rejiminin rəsmi Ankara ilə təmaslara vasitəçilik etmək xahişini cavabsız buraxıb.

Rusiya və İrandan yetirincə dəstək almaq imkanları qapanan Əsəd rejimi indi demək olar ki, Türkiyəyə yalvarmaq həddinə çatıb. Hətta Əsəd rejimi təktərəfli təşəbbüslə Ankaraya nümayəndə heyəti göndərməyə çalışıb. Ancaq rəsmi Ankara həmin nümayəndə heyətini qəbul etmək istəmədiyindən Əsəd rejiminin təmsilçiləri istiqamət dəyişərək, Antalyaya üz tutmalı olublar. Oradansa, onların geriyə Suriyaya dönəcəkləri bildirilir. Və həm PKK/PYD terror təşkilatını bitirmək, həm də qaçqın problemini yoluna qoymaq niyyətini artıq gizlətməyən Türkiyə Əsəd rejiminə güzəştə getmək fikrindən çox-çox uzaq görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR