Onlayn ictimai-siyasi qəzet
Almaniyanın müdafiə naziri Boris Pistorius yaxın 5-8 il ərzində Rusiya ilə müharibə gözlədiyini bildirib. Nazir gələcək konfliktə hazırlaşmaq üçün hərbi xidmətə çağırışı canlandırmaq və alman pasportu olmayanları da orduya cəlb etmək istəyir.
“Biz demək olar, hər gün Kremldən təhdidlər eşidirik - ən son Baltikyanı ölkələrdəki dostlarımıza qarşı bunun şahidi olduq. Ona görə də nəzərə almalıyıq ki, Vladimir Putin bir gün NATO ölkələrinə hücum edəcək. Bizim ekspertlərimiz bunun 5-8 il ərzində mümkün olacağını gözləyirlər”, Pistorius “Tagesspiegel” qəzetinə bildirib.
Nazirlik münaqişəyə hazırlıq üçün tədbirlər görmək niyyətindədir. Pistorius bu məqsədlə həmçinin Almaniya pasportu olmayan işçiləri Bundesverə işə qəbul etmək istəyir. “Biz Avropada bunu edən ilk ordu deyilik” deyib.
Hərbi nazir Almaniyanın hərbi-sənaye kompleksinin səmərəliliyinin artırılması planlarından da söz açıb və ölkənin Ukraynaya yardımının maksimum həddə çatdığını bildirib.
“Bəzilərinin tələb etdiyi kimi, biz va-bank gedə bilmərik. Əks halda, özümüz müdafiəsiz qalacağıq”, - deyə o, Avropa İttifaqı tərəfdaşlarına Ukraynaya hərbi dəstəyin artırılması xahişi ilə müraciət edib.
Belə çıxır, Rusiya o dərəcədə güclənəcək və ya özünə əmin olacaq ki, NATO ölkələrinə də hücum edəcək? Ancaq məsələ ondadır ki, Türkiyə də NATO üzvüdür. O zaman Rusiya Türkiyə ilə də toqquşacaq? (Alyans Nizamnaməsinin 5-ci bəndi hamımıza məlumdur).
Yaxın illərdə bu cür təxminlərin gerçək olma faizi nə qədərdir?
Fikrət Yusifov: “Almanlar növbəti müharibəyə hazırlaşmağa məhkumdurlar”
Keçmiş maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov üçüncü dəfə tərəflərin üz-üzə gəlmə ehtimallarından söz açdı: “Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayanda ruslar bu müharibəni sayılı günlər ərzində udacaqlarına əmin idilər. Lakin bunun əksi baş verdi. Müharibə artıq iki ilə yaxındır ki, davam edir və onun sonunu heç kim görə bilmir. Qərbin yüz milyarddan çox hərbi yardımları istənilən nəticəni vermədi. Ukrayna ordusunun keçən ilin yay mövsümündə əks-hücuma keçərək rusları 1991-ci ilin sərhədlərinə qədər təqib edəcəyi və Krımı azad edəcəyinə dair bəyanatları elə bəyanat olaraq da qaldı. Keçən ilin ortalarında əks-hücumlar nəticəsində bir qədər irəliləyən Ukrayna ordusu sonradan dayandı və bu gün həmin cəbhədə mövqe savaşları gedir. Ukrayna bəyan edilən əks-hücumun uğursuzluğunu Qərbin yarımçıq yardımlarında görür və onu gah "F-16" təyyarələri, gah da uzaqvuran raketləri verməməkdə günahlandıraraq, uğursuzluğu başqasının ayağına yazıb, özünə haqq qazandırır. İki illik müharibənin yekun nəticəsi budur ki, tərəflərdən hər hansı birinin qalib gəlməsi artıq real görünmür.
Düşünürəm ki, Rusiya və onun başında dayanan Putin kimi məkrli bir Ali Baş Komandanın bu müharibə üçün nəzərdə tutulan bütün alt planları tam işə salınmayıb. Bunu artıq Qərb də duymağa başlayır. 60-a qədər ölkənin bir araya gələrək, iki ilə yaxındır ki, göstərdiyi təzyiqlərə - 20 minə yaxın müxtəlif çeşidli sanksiyalara baxmayaraq, Rusiyanın müqavimətini qırmaq mümkün olmur. Rusiya nəinki müdafiə olunur, hətta bəzi mövqe savaşlarında üstünlük də qazana bilir.
Bütün dünyanı aldatmağı bacaran Putin bu müharibədə uduzmağın ölkəsi üçün və öz şəxsi üçün nə demək olduğunu çox yaxşı anlayır. Hesab edirəm ki, nüvə silahı xaric Rusiyanın potensialından hələ istifadə olunmamış hərbi resursları var və zamanı çatdıqda Rusiya hərb maşını bu resursları dövriyyəyə buraxacaq. Qərb bundan əndişəlidir.
Ukraynaya hərbi yardımlar isə gözlənilən səmərəni vermədi. Çünki ayrılan yardımların dağıdılması, korrupsiya kimi faktlar da uğurun ciddi qəniminə çevrilib. Elə bütün bu səbəblərdən Qərb artıq uzağa baxmaq zorunda qalıb. Almaniya Avropa Birliyinin əsas dayaq ölkəsidir. Onun belə düşünməsi sadə bir məsələ deyil. Deməli, bütövlükdə durumu dərindən təhlil edə biliblər və sonda bu qənaətə gəlinib. Hesab edirəm ki, perspektivdə Rusiya ilə gözlənilən müharibənin işartılar indidən görünməyə başlayıb. Almanlar növbəti müharibəyə hazırlaşmağa məhkumdular. Deyəsən, son 100 ildən bir qədər artıq zaman kəsiyində üçüncü dəfə ruslarla baş-başa gələcəklər".
Sona Əliyeva: “Türklər tarix boyu öz döyüşkənlikləri ilə seçiliblər”
Sabiq deputat, siyasi şərhçi Sona Əliyeva dedi ki, Qərb artıq Almaniyanın timsalında Rusiya-Ukrayna savaşının bədəllərini ödəməyə başlayıb: ""Qoca qitə"də çox yaxşı başa düşürlər ki, Rusiya diplomatiyası yaxşı və pis keçmişi heç vaxt unutmur. Qərb koalisiyası Rusiya kimi nəhəngi döyüş meydanında məğlub etməyin mümkünsüz olduğunu anladı. İndi Rusiyaya qarşı immunitet kontur-immunitet haqqında fikirləşməyə başlayıblar. Almaniyanın baş verən proseslərin axarından narahatlığı başadüşüləndir. Çünki Ukraynanı bu savaşa təhrik edənlərdən biri də Almaniya kəşfiyyatı və alman siyasi dairələri idi. Amma Qərbin Ukrayna üzərindən Rusiyaya “mat gediş” cəhdi baş tutmadı. Avropada yaxşı anlayırlar ki, Ukraynadan sonrakı hədəf Moldovadır. Bundan sonra şimal qonşumuzun üzünə Avropanın içərilərinə yerimək üçün bütün qapılar açıq olacaq. Bu, məsələnin birinci tərəfidir. İkinci nüans ondan ibarətdir ki, alman xalqı 80 ildir müharibədə iştirak etməyib. Yəni bu illər ərzində döyüş qabiliyyətini itirib. Üstəlik, Almaniya son yüz ildə iki dünya müharibəsində yenilib. Xalq son yüz ilin ağrı və məhrumiyyətlərini hələ də genetik yaddaşından təmizləyə bilməyib. Son beş ilin sorğuları göstərir ki, almanlar müharibə istəmirlər. Hətta cəmi 5-6 faiz etnik alman vətəni üçün döyüşə biləcəyini sorğularda dilə gətirib. Məhz bütün bu amillər Almaniyanın ordu quruculuğu ilə bağlı siyasətini ikinci istiqamətə doğru tətikləyir. Bu da miqrantlar və qeyri-almanlardan ibarət ordunun yaradılması ideyasıdır. Bu ideya da istənilən nəticəni verməyəcək. Çünki bu ölkəyə ayaq açanlar elə ölkələrindəki müharibələrdən, yoxsulluq və hüzursuzluqdan cana doyan, ailəsini də götürüb normal həyat yaşamaq istəyən miqrantlardır. Burada ən təhlükəli nüans uzun illərdir Almaniyada yaşayan etnik türklərlə bağlıdır. Türklər tarix boyu öz döyüşkənlikləri ilə seçiliblər. Ola bilsin ki, Almaniyanın beyin mərkəzləri ordu quruculuğu ilə bağlı böhranı məhz türkiyəli köçmənlərin sayəsində çözsün. Onu da qeyd etmək lazımdır ki, belə bir böhran yaxın illərdə bütün Qərb ölkələrinin qapısını döyəcək".
Əhəd Məmmədli: “Nə vaxtsa bu qarşıdurma baş verəcək”
AĞ Partiya başqanının I müavini, siyasi ekspert Əhəd Məmmədli isə bu ehtimalı çox aşağı sayır: “Putin ölümsüz deyil və onun yaşını nəzərə alsaq, gələcəkdə Rusiyanın Avropa üçün böyük təhdidlər edəcəyi inandırıcı görsənmir. Çünki düşünürəm ki, Putinin hökmranlığının böyük hissəsi başa çatıb. Qalan hissəsində isə istəsə belə çox şey etməz, buna vaxtı da yetməz. Üstəlik, Ukrayna müharibəsi, sanksiyalar ruslar üçün soyuq duş oldu. Kreml nə ukraynalıların bu cür müqavimətini, nə də Qərbin onlara qarşı bu qədər sanksiya tətbiq etməsini gözləmirdi. Düzdür, Rusiya bu müharibədən nəticələr çıxartdı. Zəif yerlərini gücləndirdi, amma istər-istəməz müharibə və sanksiyalar bu ölkəyə ciddi zərbələr də vurdu. Bir müharibədə 200 mindən çox canlı itki vermək hətta Rusiya kimi ölkə üçün də böyük bir rəqəmdir. Bundan sonra çətin Putin risk alıb yeni müharibə avantürasına əl atar. Unutmayaq ki, Rusiyanın Ukrayna ilə müharibəsi də hələ bitməyib. Düzdür, ruslar, gözlənildiyi kimi, üstün vəziyyətdədir, lakin ukraynalılar qəhrəmancasına müqavimətlərinə davam edirlər. Rəsmi Kiyev hələlik geri çəkilmək istəmir və sona qədər tam torpaqlarının azad edilməsinədək getmək niyyətindədirlər. Bütün bunları nəzərə alaraq yaxın gələcəkdə Rusiyanın hansısa NATO ölkəsinə saldıracağı inandırıcı görsənmir. O ki qaldı türk-rus müharibəsinə, NATO çərçivəsində olmasa da, nə vaxtsa bu qarşıdurma baş verəcək. Çünki rus dövlətçiliyi türk dövləti, dövlətlərinin qalıqları üstündə qurulub. Qızıl Orda, Qazan, Sibir, Krım xanlıqları, Osmanlı xilafəti və s. kimi adlar çəkə bilərik. Bütün bunların hesabını gec-tez ruslardan türklər soracaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ