Onlayn ictimai-siyasi qəzet
Ermənistanda hakimiyyət-kilsə qarşıdurması davam edir. Ötən həftə daha bir neçə kilsə nümayəndəsinin həbs olunması gərginliyi xeyli artırıb. Artıq kilsənin özündə yoxlamalar başlanıb.
Sirr deyil ki, erməni kilsəsi və radikal müxalifət hakimiyyətə qarşı vahid cəbhədən çıxış edir. Keçən həftəsonu onlar - Rusiya ilə sıx əlaqləri ilə tanınan, həbsdəki iş adamı Samvel Karapetyanın şəbəkəsi və erməni kilsəsinin nüfuzlu nümayəndələri İrəvanın mərkəzində birgə etiraz mitinqi də təşkil ediblər. Bu mitinqlərin davamlı olacağı gözlənilir.
“Kilsə sənədlərində heç bir yerdə katolikos vəzifəsini tutan şəxs və kilsənin eyni olduğu yazılmır. Keçmişdə bəzi yepiskoplar da cinayət məsuliyyətinə cəlb olunublar. Bundan sonra kilsə dağıldı? Xeyr, dağılmadı”.
Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
Qeyd edək ki, oktyabrın 15-də Ermənistan Apostol Kilsəsi hüquq-mühafizə orqanları tərəfindən 13 din xadimi, o cümlədən Araqatsotn yeparxiyasının rəhbəri Mkrtıç Proşyanın saxlanıldığını açıqlamışdı. Artıq onlardan üçü barəsində həbs-qətimkan tədbiri seçilib. Din adamlarına qarşı açılan cinayət işi mitinqlərdə iştiraka təhrik etmə ittihamı ilə bağlıdır.
Daha əvvəl keşiş Baqrat Qalstanyan hakimiyyət çevrilişinə cəhdin təşkilinə görə həbs olunmuşdu.
Bəllidir ki, vaxtaşırı siyasi mübarizəyə qoşulan erməni Qriqoryan kilsəsi həm də terror yuvası kimi tanınır. Odur ki, sual yaranır: hakimiyyət-kilsə davası baş nazirə qarşı sui-qəsd ehtimalını gücləndirə bilərmi? Ümumiyyətlə, Paşinyanın bu davada əsas hədəfi nədir və ona nail ola biləcəkmi?
Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda siyasi və dini güc mərkəzləri arasında illərdir davam edən qarşıdurma artıq daha açıq müstəviyə keçib: “Görünür, Paşinyan hökuməti bu dəfə kilsəni siyasi sistemin real oyunçusu statusundan tamamilə məhrum etməyə qərar verib. Baş nazirin "katolikos və kilsə eyni deyil, kilsə hər hansı bir ruhani ilə məhdudlaşmır" bəyanatı, sadəcə, teoloji fikir deyil, açıq siyasi mesajdır. Bu mövqe ilə Paşinyan əsrlərdir Ermənistan cəmiyyətində möhkəmlənmiş dini-ideoloji təsiri sarsıtmaq, eyni zamanda kilsə ilə Rusiya arasında formalaşmış asılılıq zəncirini qırmaq niyyətini nümayiş etdirir. Çünki Ermənistan Apostol Kilsəsi təkcə dini institut deyil, həm də Moskva Patriarxiyası və Rusiya siyasi dairələri ilə sıx əlaqələri olan ideoloji mərkəzdir".
Deputat qeyd etdi ki, son illərdə bu təsisat dini məbəddən çox hakimiyyət əleyhinə yönəlmiş siyasi platforma rolunu oynayır: “Paşinyanın Qərbə inteqrasiya xətti, KTMT və Avrasiya İttifaqından uzaqlaşmaq istəyi, Rusiyanın təsirini azaltmaq cəhdləri kilsəni və onunla birləşmiş revanşçı müxalif qüvvələri hərəkətə gətirib. Məhz bu səbəbdən, kilsənin neytrallaşdırılması Paşinyan üçün dövlət suverenliyinin qorunması və yeni siyasi identitetin formalaşdırılması məsələsinə çevrilib. Kilsə və müxalifət alyansının yaranması da bu kontekstdə təsadüfi deyil. Oktyabrın əvvəlində rusiyayönlü oliqarx Samvel Karapetyanın şəbəkəsi ilə kilsə nümayəndələrinin İrəvanın mərkəzində birgə mitinq təşkil etməsini bu birliyin növbəti təzahürü hesab etmək olar. Karapetyan uzun illər Rusiya iqtisadi dairələri və xüsusi xidmət strukturları ilə əməkdaşlıq etmiş şəxs kimi tanınır. Onun təsir dairəsi həbsdə olsa belə genişdir və Paşinyan əleyhinə formalaşan koalisiyanın maliyyə dayaqlarından birini təşkil edir. Bu cəbhənin əsas məqsədi Paşinyanı zəiflətmək, ölkədə xaos yaratmaq və nəticədə hakimiyyət dəyişikliyi ssenarisini reallaşdırmaqdır”.
Onun fikrincə, Ermənistanda sabitliyin pozulması Moskva üçün təkcə lokal siyasi hadisə deyil, strateji planın tərkib hissəsidir: “Rusiya Paşinyanın Qərbə yaxınlaşmasını dayandırmaq və Ermənistanı yenidən öz orbitinə qaytarmaq üçün daxili təxribat mexanizmlərindən istifadə edir. Beləliklə, hazırkı qarşıdurma həm ideoloji, həm də geosiyasi xarakter daşıyır”.
Deputat erməni baş nazir üçün həyati təhlükədən də söz açdı: “Bu prosesin ən təhlükəli istiqaməti isə sui-qəsd ehtimalıdır. Paşinyanın siyasi kursu onu Rusiya və kilsə çevrələrinin açıq düşməninə çevirib. Keşiş Baqrat Qalstanyanın hakimiyyət çevrilişinə cəhd ittihamı ilə həbs olunması da bu qarşıdurmanın təhlükəli həddə çatdığını göstərir. Ermənistan tarixində dini və siyasi dairələrin birləşərək zorakı üsullara, terrora əl atdığı hadisələr az deyil. Rusiya xüsusi xidmətlərinin vaxtilə Ermənistanda rejim dəyişiklikləri üçün oxşar ssenariləri həyata keçirdiyi faktlar da məlumdur”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ