Onlayn ictimai-siyasi qəzet
Erməni rəsmiləri yeni hiyləyə əl ataraq özülərinə “alibi” axtarır; amma “daşı ətəyindən tökməsə...”
Prezident İlham Əliyevin Türkiyəyə səfəri, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı vasitəsilə açılış mərasimi və iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün atılmalı olan addımlar Ermənistanda ciddi narahatlıq yaradıb.
“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Prezidentin qaz kəmərinin açılış mərasimində çıxışı zamanı Naxçıvanla bağlı söylədikləri xüsusilə narahatlığa və qıcığa səbəb olub. Sitat: “Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancaq artıq bir əsrdən çoxdur ki, Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda Naxçıvanı blokadaya aldı”.
Erməni mediası bu çıxışın ardınca yazır ki, İlham Əliyev tarixən Azərbaycana məxsus olmasını dilə gətirməklə guya Ermənistana qarşı torpaq iddiasını ortaya qoyub. Əslində Şərqi Zəngəzurun yüz il əvvəl Ermənistana birləşdirildiyi elə bir tarixi faktdır ki, onu heç kim inkar və ya təkzib edə bilməz. Daha bir yalan isə Türkiyə-Ermənistan sərhədi ilə bağlıdır: Ermənistan parlamentin xarici əlaqələr komissiyasının sədri Sarkis Xandanyanın sözlərinə görə, “elə təəssürat yaranır ki, Azərbaycan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesini dalana salmağa çalışır”. “Biz bu məsələni Türkiyənin rəsmi şəxsləri ilə müzakirə edirik. Fikrimcə, əksinə, Ermənistan və Türkiyə arasında münasibətlərin qurulması Ermənistan və Azərbaycan arasında sülh prosesinə yaxşı stimul verə bilər”, - deyə deputat bildirib. O əlavə edib ki, Azərbaycan açıq-aşkar Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşmasına və sərhədin açılmasına meylli deyil.
Ermənistan parlamentinin spikeri Alen Simonyan da eyni yalanı tirajlamışdı. Demişdi ki, “Biz Türkiyə ilə işləyirik və işləməyə davam edəcəyik. Təəssüf edirəm ki, Azərbaycan Ermənistan-Türkiyə sərhəd məsələlərinə, münasibətlərin normallaşmasına təsir etməyə çalışır. Bu, çox pisdir. Düşünürəm ki, Türkiyə rəsmiləri də bunu anlayırlar”, - deyə Simonyan əlavə etmişdi. Erməni tərəfinin qondarma ərazi iddiası ittihamında məqsəd nədir? Ermənistan öz konstitusiyasındakı Azərbaycana qarşı torpaq iddiasını saxlamaq üçünmü bu cür “alibi” axtarır? Azərbaycan rəhbərliyi həqiqətənmi Türkiyə və Ermənistan arasında real normallaşmanın olmasında maraqlı deyil?
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə martın 5-də baş tutmuş görüşü barədə danışıb. Ərdoğan azərbaycanlı həmkarı ilə mühüm məsələlərdə müzakirələr apardığını bildirib. “Mən və qardaşım İlham Əliyev bir çox mühüm məsələlərdə, xüsusilə Ermənistanla sülh danışıqları barədə müzakirə apardıq”, - bunu Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında söyləyib. “Ermənistan Türkiyə ilə dialoqu davam etdirir və lazım olan bütün əməli addımları atır”. Bunu isə martın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistan Dünya İşləri Şurasında bildirib. “Biz həmçinin iki ölkənin sərhədində yerləşən Ani körpüsünü birgə bərpa etmək barədə razılığa gəlmişik. Bu, birbaşa hava nəqliyyatının qurulması və hava nəqliyyatı ilə yük daşınması ilə bağlı artıq qəbul edilmiş qərarları tamamlayır. Biz eyni zamanda diplomatik pasportları olan şəxslər və üçüncü ölkələrin vətəndaşları üçün sərhədin açılması barədə razılaşmışıq”, - Mirzoyan belə deyib.
Onu da əlavə edək ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin inşasını başa çatdırıb. Bu haqda fevralın 27-də ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan brifinqdə deyib. Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildən bağlıdır. Ermənistan hökuməti 2021-ci ildə Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bildirib. Ankara və İrəvan bunun üçün xüsusi nümayəndələr təyin edib. 2023-cü ilin yanvarında Ankara birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırıldığı barədə İrəvanı məlumatlandırıb. Həmin ilin martında isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə sərhəd keçidinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə razılıq əldə olunduğunu bəyan edib. Son yaxınlaşmada baş nazir Nikol Paşinyan Ərdoğanın andiçmə mərasimində, XİN rəhbəri Mirzoyan isə Antalya Diplomatik Forumunda iştirak ediblər. Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - səfir Serdar Kılıç və Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan danışıqlar aparırlar.
Qədir Aslan
Siyasi ekspert Qədir Aslan bu detalları şərh edərkən “Yeni Müsavat”a bildirdi ki, rəsmi Ankaranın mövqeyi gizli deyil: “Türkiyənin baxışı budur ki, Ermənistanla normallaşma prosesi Bakı ilə İrəvan arasındakı əlaqələrin həllindən asılıdır. Ankara xüsusən də Qarabağ məsələsinin yekun həllini tələb edir. Yəni Ermənistan qanunvericilik aktlarında ərazi iddialarına son qoymalıdır. Ona görə də Türkiyə 30 il əvvəldən başlayaraq bu iki məsələni bir-biri ilə əlaqələndirir və indiyə qədər eyni diplomatik xətti davam edir. Belə desək, burada sinxronluq var”. Analitik qeyd etdi ki, hazırda bu iki mövzu düz mütənasibdir. Onun sözlərinə görə, yalnız 2008-ci ildə, məlum Sürix razılaşmaları istisnadır, qalan dövrlər ərzində sözügedən məsələlərin nizamlanması ilə bağlı Ankara-Bakı xəttində hər hansı dəyişiklik olmayıb: “Sadəcə, bir müddət sonra rəsmi sənədlərdə bu məsələləri ayırmaq lazım gələcək. Çünki Azərbaycanla Ermənistan arasındakı konflikt ticarət yollarının açılmasını tormozlaya bilmir. Qarabağ probleminin de-fakto həlli də göstərir ki, beynəlxalq ictimaiyyət belə tələb edir. Yəni blokadada olan nəqliyyat kommunikasiyalarının bərpasını istəyənlər hesab edirlər ki, Bakı və İrəvan yekun sülh sənədini imzalamağı bu mövzudan ayırmalıdır”.
Ramiyə Məmmədova
Q.Aslanın həmkarı - siyasi təhlilçi Ramiyə Məmmədova isə vurğuladı ki, ermənilərin bu mövzuları məhz indi dövriyyəyə buraxması təsadüfi deyil: “Prezident Əliyevlə cənab Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılışını etməklə muxtar regionu mavi yanacaq blokadasından çıxarmış oldular. Ermənistan bundan narahatdır və arqumentləri tükənir. İrəvan anlayır ki, tərəflərin anlaşa bilmədiyi mövzu yoxdur. Amma ermənilər bu çıxışlarla aramıza nifaq sala bilməzlər. Bu açıqlamalarda təhrikedici elementlər var. Bununla Türkiyəni özlərinə çəkməyə çalışırlar. Sadəcə, olduqca dayaz spekulyasiyadır, Türkiyənin ağır və ağıllı siyasəti belə oyunlara getməz”.
Ekspert əlavə etdi ki, bəli, İrəvanın quru sərhədi açmaq üçün hər şeyə hazır olması da göz qabağındadır: “2008-ci ildə bu prosesin yarısından qayıdıldı. İndi də inanmıram ki, Türkiyə Azərbaycansız addım atsın. Ermənistan məsələnin tezləşməsi üçün nələr etməli olduğunu yada salmalıdır. Bu da bəllidir hər iki dövlətə qarşı ərazi iddialarına son qoymalıdır. Ancaq deməliyəm ki, bu müddətdə Ankara ilə İrəvan normallaşma prosesində xeyli irəliləyə biliblər. Məncə, sərhədlərin açılması problem deyil, sadəcə, Ermənistan yola gələrək Zəngəzur dəhlizi ilə bağlı "daşı ətəyindən tökməlidir"".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ